AZ

Deputatlığa namizəd Ramin Əlizadə: “Birliyimiz həm gücümüz, həm də Zəfərimizdir!”

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Ramin Əlizadə ilə müsahibəni təqdim edirik.

Əvvəlcə Ramin Əlizadənin tərcümeyi-halı ilə tanış olaq: Əlizadə Ramin Allahverdi oğlu 1980-ci il 17 oktyabrda Qubadlı rayonu Teymur-Müskanlı kəndində ziyalı ailəsində anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini, 2003-cü ildə isə həmin fakültənin magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir. 2002-2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunda elmi işçi kimi çalışmışdır. 2003-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir. Hazırda ehtiyyatda olan baş leytenantıdır. 2005-2006-cı illərdə aylıq kütləvi-publisistik dərgi olan “Yeni Azərbaycanlılar” jurnalının redaktoru olmuşdur. 2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2011-2014-cü illərdə Bakı Dövlət Universitetinin əyani doktoranturasında təhsil almışdır. Ramin Əlizadə Bakı Dövlət Universitetində və Qərbi Kaspi Universitetində tarix müəllimi kimi çalışmış, respubika mətbuatında və xarici ölkələrdə elmi və publisistik məqalələri nəşr edilmişdir.

Beynəlxalq konfranslarda Qarabağ, Zəngəzur, İrəvan, Göyçə, Dərələyəz, Vedi, Ağbaba, Şörəyel, Pəmbək və Cənubi Azərbaycan kimi əzəli yurd yerlərimizin tarixi və mədəniyyəti ilə bağlı çıxışlar edən Ramin Əlizadə, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımılarından, deportasiyalardan və düşmənin saxtakarlıqlarını təkzibolunmaz dəlillərlə ifşa edən onlarla tarixi sənədli filmin və verilişin həm müəllifi, həm də ssenaristidir.

Ramin Əlizadə, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi olmaqla yanaşı, “Azad Azərbaycan” Televiziya Kanalında (ATV) “Qarabağ salnaməsi” verilişinin müəllifi, ssenaristi və aparıcısıdır.

Ailəlidir, iki övladı var.

***

- Ramin müəllim, tarixi Zəfərimiz və hüquqi dövlətimizin ərazi bütövlüyünün bərpası bizə nə öyrətdi, hansı yeni baxışlar ortaya qoydu, qarşımızda hansı yeni perspektivlər açdı?

- 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikası öz ərazisində suveren hüquqlarını tamamilə bərpa etdi, bu tarixi Zəfər nəinki regionda, hətta dünyada baş verən geosiyasi proseslərə böyük təsir göstərdi. Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin mövqeyi dünya dövlətləri içərisində ön sıralarda qərarlaşdı. Dünya azərbaycanlılarının vahid lideri Cənab Prezident hüquqi dövlətimiz olan Azərbaycan Respublikasının ədalətli və haqlı tərəf olduğunu dünyanın müxtəlif ölkələrindən olan mətbuat orqanlarına onların öz dillərində bəyan etdi. Böyük Zəfərdən çox şey öyrəndik, həm biz, həm qonşularımız, həm də beynəlxalq aləm. İlk olaraq özgəsinin torpağını özünə “vətən” edən şovinist qüvvələrin həm diplomatik sferada, həm də döyüş meydanında məğlub olmasını. İkincisi, regionda qalib dövlət olan Azərbaycan Respublikası ilə sülh şəraitində, dinc və mehriban qonuşuluq etməyin vacib olduğunu. Üçüncüsü isə Azərbaycan Respublikasının ərazi bütövlüyünə qəsd edən hər hansı qüvvənin bir gün ağır cəzalandırılacığını, konkret olaraq həmişə yerində olan “Dəmir Yumruğ”un zərbəsindən şovinizm yuxusundan ayılacağını. Biz, insanların sülh şəraitində yaşamasının tərəfdarıyıq, nəinki müharibələrin olmasını istəmirik, hətta ümümbəşəri problemlərə – pandemiyalara, ekoloji böhranlara, təbii fəlakətlərə qarşı önləyici tədbirlərin görülməsində həmişə təşəbbüslə çıxış edən dövlətik. Azərbaycan xalqını yüksək mədəniyyətə malik olan xalq kimi dünyada təbliğ edən Cənab Prezidentimizdən hər birimiz nümunə götürməliyik. Onun siyasi platforması xalqımızın uğurlu gələcəyini müəyyən edən və bu istiqamətdə yeni baxış ortaya qoyan bələdçimizdir.

- Ramin müəllim, Zəngilan və Qubadlı rayonları Şərqi Zəngəzur iqtisadi rayonuna daxildir. Sizin fəaliyyət proqramınızda bu tarixi gerçəklik necə əks olunub?

- Bu gün doğma Zəngəzur, eləcə də Zəngilan və Qubadlı Türk dünyasının diqqət mərkəzindədir. Ümumiyyətlə, etibarlı tarixi mənbələrdən və qədim xəritələrdən də bəlli olur ki, müasir Ermənistan adlanan dövlətin ərazisi Azərbaycanın tarixi qərb torpaqlarıdır. Əgər kimsə erməni xalqının gerçək tarixini yazmaq istəsə, İrəvansız, Göyçəsiz, Ağbabasız, Şörəyelsiz, Vedisiz, Dərəyləyəzsiz və Qərbi Zəngəzursuz yazmalıdır. Sual olunur, bəs onda haradır Ermənistan? Şübhəsiz ki, bu sualın bir cavabı var, o da faşizmə yoluxmuş hərbi xuntanın beynində. Müzəffər Azərbaycan Ordusu öz Zəfəri ilə, təkcə hüquqi dövlətimizin ərazi bütövlüyünü bərpa etmədi, həm də regionda faşizmin yayılmasının qarşısını aldı, ona son qoydu. Bu gün bir çox beynəlxalq konfranslarda Zəngəzur məsələsi müzakirə olunur. Unutmayaq ki, Zəngəzurun şərqi kimi, qərbi də tarixi Azərbaycan ərazisidir. Zəngəzur dəhlizi Türk dünyasının birlik yoludur. Birliyimiz həm gücümüz, həm də Zəfərimizdir! Bunu Azərbaycana, eləcə də Türk dünyasına düşmən olan qüvvələr və onların havadarları unutmasınlar. Bu mövqe, mənim fəaliyyət proqramımın ana xəttini təşkil edir.

- Fəaliyyət proqramında əsas hədəfləriniz nələrdir?

- Böyük Qayıdışın ilk addımı Zəngilandan başladı. Yadınızdadırsa, 2022-ci ilin iyununda “Ağıllı kənd” layihəsinin uğurlu nəticəsi olan Ağalı kəndinə qayıdış xalqımızın sevimli bayramına çevrildi. Hazırda həm Zəngilanda, həm də Qubadlıda sürətlə tikinti və bərpa işləri gedir. Əsas hədəflərim məskunlaşma prosesinə töhfə vermək, bu prosesin həm sosial-iqtisadi aspektlərini, həm də tarixi-siyasi əhəmiyyətini beynəlxalq aləmdə təbliğ etməklə bağlıdır. Zəngilanda və Qubadlıda yüksək infrastruktur layihələrinin həyata keçirilməsi və sıx məskunlaşma ərazi bütövlüyümüzün dönməzliyini təmin edəcək.

- Zəngilan və Qubadlı sakinləri ilə görüşləriniz necə keçir?

- Deputatlığa namizəd kimi Zəngilan və Qubadlı sakinləri ilə görüşlər keçirərək sakinləri diqqətlə dinləyirəm, onların problemlərinin həlli istiqamətində fəaliyyət göstərəcəyimi, eləcə də sosial rifahın yüksəlməsi istiqamətində öz təkiflərimi bəyan etmişəm. Nəzərə alsaq ki, namizəd olduğum dairə işğaldan azad olunmuş rayonlarımızı əhatə edir, o zaman bu istiqamətdə əməli tədbirlərin görülməsinin mühüm olduğunu xüsusilə qeyd etməliyəm. Ali qanunverici hakimiyyət orqanı kimi Milli Məclisdə vətəndaşların sosial-iqtisadi rifahını nəzərdə tutan qanun layihələrinin qəbul olunmasında mütərəqqi təkliflərlə çıxış etməyi planlaşdırıram. Seçicilərlə görüşlərdə müzakirə etdiyimiz aktual mövzulardan biri də məhz budur. İnanıram ki, Zəngilan və Qubadlı rayonlarının sakinləri 1 sentyabr 2024-cü ildə Milli Məclisə keçiriləcək deputat seçkilərində öz layiqli seçimini edəcək. Bu seçim, xalqımızın seçimidir, xalqımızın seçiminə isə hər birimiz hörmətlə yanaşmalıyıq.

Şəbnəm Mehdizadə

Seçilən
135
1
e-huquq.az

2Mənbələr