Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında “Xalq qəzeti”nin 105 illiyinə həsr edilmiş sərgi təşkil edilib. Ekspozisiyada nəşrin müxtəlif illərdə işıq üzü görmüş nömrələri, eləcə də “Xalq qəzeti”nə həsr edilmiş kitablar nümayiş etdirilir.
Kitabxananın direktoru, professor Kərim Tahirov XQ-ə müsahibəsində bildirib ki, “Xalq qəzeti” 1 əsrdən çox tarixə malikdir: “Sovet dövründə də, indi də bu qəzet tanınan, seçilən olub. Bu qəzet öz adını doğruldub – xalqın taleyində, taleyüklü məsələlərdə xidmətləri olub. Azərbaycanın ictimai-siyasi həyatına, mədəniyyətinə dair maraqlı məqalələrlə çıxış edib. Qəzetin yaradıcı kollektivini 105 illik yubiley münasibətilə təbrik edirəm”.
Tələbə Rüfət Əliyev bir əsrdən çox yaşı olan nəşrə həsr olunmuş sərginin Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif aspektləri işıqlandıran bir qəzetin fəaliyyəti barədə məlumat almaq baxımından faydalı olduğunu bildirdi.
Ziba Hüseynova qeyd etdi ki, “Xalq qəzeti”nin müxtəlif sahələrdən hazırladığı məqalələr, jurnalist araşdırmaları, eləcə də nəşrin saytında yerləşdirilən gündəlik operativ xəbərlər maraqla oxunur. Həmsöhbətimiz onu da dedi ki, son illər nəşrin işıq üzü görən nömrələrində bir çox diqqətəlayiq yeniliklər müşahidə olunur. Yaradıcı kollektivin fəaliyyətini günün tələbləri səviyyəsində qurması təqdirəlayiqdir.
Rizvan FİKRƏTOĞLU
Elşən AĞALAR (foto)
XQ