AZ

Yaşlı insanları hədəf alan DƏLƏDUZLAR: Bu üsulla pullarını ələ keçirirlər – Vacib TÖVSİYƏLƏR

“Dələduzlar üçün əsasən də yaşlı nəsil səs və yaxud görüntü ilə aldadılmaq üçün, daha münasibdir”

Bu fikirləri Yenicag.az-a açıqlamasında dələduzların yeni aldatma üsulları və dələduzların toruna düşməməyin yolları haqda danışan İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyib.

Onun sözlərinə görə, kiberdələduzlar insanları aldadaraq, müxtəlif üsullarla onların pullarını ələ keçirməyə çalışırlar:

““DeepFake”in inkişaf etdiyi dövrümüzdə, süni intellekt alətləri ilə insanların səs və görüntüsündən istifadə edərək, belə desək, onları klonlayaraq, həqiqətdə olmayan, baş verməmiş səs və görüntü istehsal edib, insanları aldatmağa çalışırlar. Xüsusilə də dələduzlar üçün əsasən də yaşlı nəsil səs və yaxud görüntü ilə aldadılmaq üçün, daha münasibdir. Çünki bəzi yaşlı insanlar texnoloji inkişafdan məlumatsız olduğu üçün və övladlarına, yaxınlarına duyduğu həssaslıq, hadisə anında onların manipulyasiya edilməsinə münbit şərait yaradır. Təbii ki, heç bir şəxs və yaş qrupu aldadılmaqdan və manipulyasiya olunmaqdan sığortalanmayıb. Hər birimiz yad ünsiyyətə, zənglərə və mesajlara qarşı diqqətli olmalıyıq və onu dəqiqləşdirməliyik. Bunun üçün bəzi qısa metodları sıralamaq mümkündür”.

B.Əliyev dələduzlardan qorunmağın yollarından da bəhs edib:

“Sizə zəng edən yaxınınız, əgər öz nömrəsi ilə deyil, başqa əlaqə vasitəsi ilə zəng edirsə, səsini bənzətsə belə, inanmayın, öz nömrəsindən yığmasını tələb edin və yaxud da siz özünüz yaxınınıza zəng edin. Zəng edən səsə diqqətlə qulaq asın, səs eyni olsa belə, üslub fərqi mütləq özünü büruzə verəcək. Sizin yaxınınızla aranızda olan, sadəcə, ikinizin bildiyi bir sual soruşun və cavabını gözləyin. Məsələn, evdəki əşyaların yerini və şkafınızın rəngini və ya evinizə heç vaxt almadığınız bir əşyanın yerini soruşaraq, onu tələyə sala bilərsiniz. Təbii ki, bu adam dələduzdursa, həyəcanlı formada sizin suallarınıza cavab verməkdən yayınacaq”.

Mütəxəssis əlavə edib ki, bütün gənclər və belə məsələlərdən məlumatlı olan şəxslərə tövsiyə edərdim ki, orta yaş və ondan yuxarı olan yaxınlarına bu barədə izah versinlər və diqqətli olmağa çağırsınlar:

“Eyni zamanda, bu məsələlər haqqında bütün sosial şəbəkələrdə, KİV və televiziyalarda maarifləndirici yazı və videoların getməsini arzu edərdim. Düşünürəm ki, hər birimiz vətəndaşı olduğumuz bu gözəl ölkəmizdə faydalı insan olmaq üçün imkan və bacarıqlarımız daxilində çalışmalıyıq. O zaman mənfi insanlar arzusuna çata bilməyəcək”.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
yenicag.az

1Mənbələr