AZ

Qədim köçün izləri yeni tapılıb - Foto

Qədim

120 milyon il öncə yırtıcı dinozavrlar sürü halında asanlıqla bir qitədən digərinə köç ediblər. Elm adamları həmin ərazilərin harada olduğunu nəhayət tam dəqiqliyi ilə müəyyənləşdiriblər.

Reyting.az
xəbər verir ki, ABŞ-nın Cənubi Metodist Universitetinin məlumatına görə, Braziliyada və Kamerunda quru dinozavrlarının milyonlarla il əvvəl, yəni iki qitə bir-birindən ayrılmazdan çox öncə Cənubi Amerikadan Afrika qitəsinə sərbəst keçdiyi yerləri göstərən 260-dan çox ayaq izi tapılıb.

Phys.org tədqiqat rəhbəri Luis L. Ceykobsa istinadla yazır:

"Müəyyən etmişik ki, bu izlər geoloji, tektonik kontekstdə oxşardır və onların hamısı demək olar, eyni formadadır".

Qədim su obyektlərində qalmış, itməyən ayaq izləri bir-birindən 6000 kilometrdən çox məsafədə tapılıb. Məlum olur ki, dinozavrlar buradan təqribən 120 milyon il əvvəl, yəni Cənubi Amerika ilə Afrikanı özündə birləşdirən, daha böyük əraziyə malik olan Pangea qitəsindən ayrılan tək superqitə Qondvanada birləşdiyi zaman keçiblər.

"Afrika ilə Cənubi Amerika arasındakı ən sonuncu və geoloji baxımdan həm də çox dar olan "istmus"-lardan biri Braziliyanın şimal-şərqində, Qvineya körfəzi boyunca müasir Kamerunun sahillərinə tam bitişik idi ki, bu da hər iki tərəfdən heyvanların potensial keçidinə şərait yaradırdı. Buna görə də dinozavrların köçü tam maneəsiz baş tutub", - deyə L. Jeykobs 120 milyon il əvvəl baş vermiş proseslərə belə izah verib.



Nəşr yazır ki, yeni tapılmış ayaq izlərinin əksəriyyəti üçbarmaqlı, iki ayaq üstə gəzən dinozavrların digər bir yırtıcı növündən olan teropodlara aiddir. Hətta alimlərin ehtimallarına görə, ola bilsin ki, bəziləri, bəlkə də dördayaqlı, bitki yeyən və uzun boyunlu dinozavr cinsindən olan sauropodlar sürüsü bu böyük köçdən çox geridə qaldıqlarından belə bir uzun yolu sonadək irəliləyə bilməyiblər.

Afrika və Cənubi Amerika təxmin edildiyi kimi 140 milyon il əvvəl, qitənin qismən yumşaq əraziləri boyunca yer qabığında çatlar əmələ gələndə ayrılmağa başlayıb və Cənubi Amerika ilə Afrikanın altındakı tektonik plitələr tədricən bu proseslərin davamı olaraq bir-birindən uzaqlaşmaqla Yer kürəsinin mantiyasından olan maqma səthinə qalxaraq yeni bir okean qabığını yaradıb. Beləliklə, okeanın yaranması yeni qitələr arasındakı dərin boşluğu doldura bilib.

Bu böyük geoloji hadisələrin əlamətləri dinozavr izlərinin tapıldığı hər iki yerdə - Braziliyanın şimal-şərqindəki Borborema bölgəsində, eləcə də Kamerun ölkəsinin şimalında yerləşən Koume hövzəsində də mövcuddur. Yarımqraben hövzələri - Yer qabığının uzanması və çatlaması zamanı əmələ gəlmiş geoloji strukturlar hər iki ərazidə aşkar edilib, üstəlik, onların tərkibində qədim çayın, həmçinin də göl çöküntüləri var.

Tədqiqatçılar bildiriblər ki, dinozavr izlərindən başqa yataqlarda 120 milyon illik yaşı olan çoxlu daşlaşmış polen də mövcuddur.

Luis L. Ceykobs mövzuya yekun vuraraq belə deyib: "Afrika ilə Cənubi Amerika arasında kontinental əlaqə pozulmazdan əvvəl buradan çaylar axırdı, göllər əmələ gəlirdi. Çayların və göllərin buraxdığı gil yataqlarında dinozavrların, o cümlədən yırtıcıların, eləcə də bir çox otyeyənlərin izləri indi də var".

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
reyting.az

1Mənbələr