AZ

“Türkiyə ilə əlaqələr möhkəm təməllərə əsaslanır” - ŞƏRH OLUNDU

“Bu gün Azərbaycanla Türkiyə arasında münasibətlər özünün ən yüksək zirvəsindədir. İki qardaş ölkənin əlaqələri daim yüksələn xətlə inkişaf edir. Sarsılmaz birliyə söykənən dostluq və əməkdaşlıq prinsipləri möhkəm təməllərə əsaslanır”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.

O bildirib ki, tarixi köklərə dayanan Azərbaycan-Türkiyə münasibətləri hər zaman dövrün siyasi reallıqları əsasında formalaşıb. Azərbaycan dövləti ilə Türkiyə arasındakı qarşılıqlı əlaqələr XX və XXI əsrdə daha geniş şəkildə müsbət tempdə inkişaf edib, həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan müttəfiqlik səviyyəsinə qalxıb. Bu münasibətlər istər türk birliyi çərçivəsində, istərsə də Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminində hər iki dövlətin birlikdə siyasi iradə nümayiş etdirdiyini göstərir. Bu əlaqələrin dərin tarixi kökləri sübut edir ki, hər iki ölkə arasında qarşılıqlı münasibətlər təkcə strateji maraqlar çərçivəsində deyil, həm də soykökə bağlılıqdan, eyni milli-mənəvi dəyərlərə malik olmaqdan irəli gəlir. Məhz elə bunun nəticəsi idi ki, XX yüzilliyin əvvəllərindən başlayaraq dünyada gedən geosiyasi proseslər Cənubi Qafqazda yaşayan xalqların da gələcək həyatlarının qurulmasına təsirsiz ötüşmədi.

Sevidirici haldır ki, bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ölkələrimiz arasında olan münasibətlər daha da inkişaf edərək yeni müstəviyə qədəm qoymuşdur. İki dövlət arasında mövcud olan bu mehribançılıq və qarşılıqlı anlaşma təkcə Azərbaycan və Türkiyənin deyil, ümumilikdə regionun gələcək taleyində müsbət dinamika yaradacaqdır. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərindən biri də məhz Azərbaycan və Türkiyə əlaqələrinin inkişafından keçir. Cənab Prezidentimiz İlham Əliyev bununla bağlı bildirmişdir: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk düynasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”. Azərbaycan-Türkiyə əlaqələrinin əsas prioritet məsələ olmasını vaxtilə Türkiyə Cumhuriyyətinin birinci prezidenti Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”- məşhur sözü ilə sübut etmişdir. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət kimi xarakterizə etdiyi Azərbaycan-Türkiyə münasibətləri isə hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq hazırda bölgədə hərtərəfli dayanıqlı inkişafın və sülhün bərqərar olması işinə öz töhfəsini verməkdədir.

Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan dövlətimizin başçısı cənab İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Hər iki ölkənin rəhbəri müxtəlif beynəlxalq tədbirlərdə həmişə bir-birilərinə birmənalı olaraq qarşılıqlı dəstək verməyin əsl örnəyini nümayiş etdiriblər.

Azərbaycan və Türkiyə xoş günlərin, zəfərlərin sevincini həmişə birlikdə bölüşürlər. İki ölkənin və xalqın dostluğu, qardaşlığı çətin günlərin sınağından keçərək möhkəmlənib. Qardaş ölkə artıq tarixdə qalan Qarabağ münaqişəsində həmişə Azərbaycana dəstək verirdi. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksək səviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycana güc verdi və özünə inam hissini artırdı. Nəticədə, Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. Türkiyədə səfərdə olan Prezident İlham Əliyev mətbuata bəyanatı zamanı qardaş ölkənin Vətən müharibəsində Azərbaycana dəstəyini yüksək dəyərləndirib.

Postmüharibə düvrünün ilk aylarından etibarən Azərbaycan-Türkiyə əlaqələri daha da möhkəmlənmişdir. Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfəri, Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının açılışında iştirak etməsi Türkiyə-Azərbaycan mənəvi-siyasi birliyinin əyani nümunəsidir. Bundan əlavə 2021-ci ilin 15 iyununda Şuaşda şəhərində tərəflər “Şuşa Bəyannaməsi”ni imzalamaqla müttəfiqlik münasibətlərinin strateji xarakterini və ən yüksək səviyyədə olduğunu bir daha təsdiqlədilər. Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləmək nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malikdir.

Azərbaycan da hər zaman qardaş Türkiyənin yanındadır. Qardaş ölkənin sevinci sevincimiz, kədəri kədərimizdir. 2023-cü ilin fevral ayının 6-da ölkəmizin Türkiyədə dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında göstərdiyi qardaşlıq dəstəyi, cəmiyyətimizin yüksək həmrəyliyi bunun bir nümunəsi idi.

Göründüyü kimi, bu gün Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Rize-Artvin hava limanının açılışı isə müttəfiqliyimizin, qardaşlığımızın ən yüksək səviyyədə olmasını təsdiqləməklə yanaşı, bütün dünyaya birliyimizin daim və möhkəm olması mesajını verir. Hava limanın açılışı regionun hava məkanınıda kommunikasiya xətlərinin möhkəmlənməsinə süsusi ilə, iki ölkə arasında tarixi əlaqələri daha da bir birinə sıx və etibarlı şəkildə bağlamasına şərait yaradır. Bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri regionda əmin-amanlığın və sabitliyin qorunmasına mühüm töhfədir. Qarşılıqlı faydalı əməkdaşlıq, həyata keçirilən birgə layihələr strateji tərəfdaşlığımızı daha da möhkəmləndirir.

Bu gün Azərbaycan və Türkiyə ümumən türk dünyasının mərkəzinə çevrilir. Başqa türkdilli ölkələri də bu münasibətlər ətrafında bir araya gətirir. Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərinə malikdir və aparılan bu siyasət bu qurumu gücləndirməkdədir. Yaxın gələcək üçün bu təşkilat potensial qlobal güc kimi çox böyük perspektivlər ortaya qoyur.Azərbaycan və Türkiyənin qarşılıqlı səyləri buna xidmət edərək türk dövlətlərinin bu təşkilat çərçivəsində sıx birliyini daha da gücləndirir, Türk Dövlətləri Təşkilatının qlobal önəmini, miqyasını və rolunu yüksəldir. Asiya ilə Avropanı birləşdirən trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin davamı olan Orta dəhliz ideyasının reallaşmasına doğru atılan addımlar türk dünyasının beynəlxalq məkana inteqrasiyası ilə yanaşı, olduqca güclü iqtisadi potensialı özündə ehtiva edir.

Məlum olduğu kimi, bu il ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29 tədbirinə evsahibliyi edəcək. Azərbaycan və Türkiyə COP29 çərçivəsində də fəal əməkdaşlıq edir və birgəliyimizin gücü ilə dünyamız üçün sülh, təhlükəsiz inkişaf dəyərləri yaradır.

Qürurverici və sevindirici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin ana xəttini təşkil edən Türkiyə-Azərbaycan əlaqələri gündən-günə daha da inkişaf edəcək, ölkələrimizin rifahına, işıqlı sabahına zəmin yaradacaqdır”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
39
sia.az

10Mənbələr