AZ

İşğaldan azad edilmiş ərazilərin bərpasına 14 milyard manatdan çox vəsait yönəldilib- ÖZƏL

"Cənab İlham Əliyev 2018-ci ildə prezident seçildikdən sonra andiçmə mərasimində yeni islahatların anonsunu vermişdi. 2019-cu ilin sonunda Yeni Azərbaycan Partiyası bu islahatların qanunverici orqanda da əksini tapması üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Ötən parlament seçkilərindən bu günədək Azərbaycanın keçdiyi inkişaf yolu və qazandığı uğurlar göz qabağındadır".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib:

"Həmin dövrün çağırışı fərqli idi. Azərbaycanın daha da güclənməsi üçün islahatların dərinləşdirilməsinə, bütün sahələri əhatə etməsinə ciddi zərurət var idi. Yeni Azərbaycan Partiyası ötən parlament seçkilərinə "Daha güclü Azərbaycan naminə!" şüarı ilə qatılmışdı. Son dörd ildən artıq dövrün reallıqlarına diqqət yetirdikdə ölkəmizin imza atdığı möhtəşəm uğurlardan və tarixi zəfərlərdən böyük qürur hissi keçiririk. Artıq  torpaqlarımızın işğaldan azad edilməsi üçün göstərilən səylərdən deyil, 30 ildən sonra tarixi sahibinə qovuşan torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən, soydaşlarımızın bu ərazilərə qayıdışından, Azərbaycanın dayanıqlı inkişafı üçün bu bölgələrin malik olduğu iqtisadi potensialdan səmərəli istifadə olunmasından bəhs edirik. Azərbaycan öz iqtisadi gücü hesabına, müasir texnologiyalardan istifadə və innovasiyalar tətbiq etməklə genişmiqyaslı bərpa-quruculuq işləri aparır. Ərazilərin minalardan təmizlənməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, iqtisadi fəaliyyətin bərpası və digər istiqamətlərdə atılan addımlar dayanıqlı məskunlaşmanın və müasir standartlara uyğun yüksək keyfiyyətli həyat şəraitinin təmin olunmasına əlverişli zəmin yaradır. Böyük Qayıdış Proqramı çərçivəsində görülən işlər sosialyönümlü iqtisadiyyatın inkişafı, o cümlədən məşğulluğun artırılması və əhalinin rifahının yüksəldilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərin bərpasına 14 milyard manatdan çox vəsait yönəldilmiş, mühüm yol-nəqliyyat, enerji təminatı və digər infrastruktur layihələri gerçəkləşdirilmiş, onlarla yaşayış məntəqəsinin təməli qoyulmuş və artıq bir sıra şəhər, kənd və qəsəbələrdə məskunlaşma təmin edilmişdir. Bu ilin sonuna qədər 20 min insanın azad edilmiş torpaqlara qayıtması nəzərdə tutulmuşdur".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
50
olaylar.az

10Mənbələr