AZ

Azərbaycanda çəkilən savaş filmləri: Onlar bir işə yarayırmı?

(Yazı "gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi"mövzusu üzrə hazırlanıb)

Azərbaycanda gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsində son illər bir sıra işlər görülüb. Bunun nəticəsidir ki, sözügedən istiqamətdə əhəmiyyətli irəliləyişlər var. Gənclərimiz ümumən Vətənə sədaqət, milli dəyərlərə hörmət ruhunda tərbiyə olunurlar. Gənc nəslin bu istiqamətdə tərbiyəsində heç şübhəsiz çəkilən film və tamaşaların da mühüm rolu var. Bədii və sənədli filmlər, xüsusən də müharibə mövzusunda olan filmlər insanlara əsasən vətənpərvərlik hissləri aşılayır. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Araz Qurbanov vurğulayıb ki, milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hisslərinin aşılanması işi ilk növbədə tərbiyədən başlayır: 

"Hərbi vətənpərvərlik anlayışı və ona uyğun təbliğat sovet dövründən gəlmə ənənədir. Hələ bolşevik hakimiyyətinin ilk dövründə gənclər təşkilatlarını silahlı qüvvələrə bir növ ehtiyat qüvvə kimi hazırlayırdılar. Əslində gəncləri vətənpərvər anlamda vətəndaş kimi yetişdirməliyik. Bu sahədə də iş tərbiyədən başlamalıdır. Yəni övlad öncə özünü, ailəsini, millətini, dinini, dövlət və xalqını dərk etməlidir".

Ekspert qeyd edir ki, hərbi vətənpərvərlik vətənpərvərliyin ən yüksək mərhələsidir:

"Yəni xalqın, dövlət və Vətənin naminə şəxsi mənafeyi qurban vermək deməkdir. Sözsüz ki, təbliğat da bunun üzərində qurulmalıdır. Sovet dövründə orta məktəblərdə "Üfüqdə parıltı" adlı hərbi hazırlıq yarışları keçirilirdi. Fikrimcə, vətənpərvərlik tərbiyəsiylə paralel olaraq gənclərimizi Silahlı Qüvvələrə də hazırlamalıyıq". 
 


Mərkəzin aparıcı məsləhətçisi bildirir ki, hazırda dünya əhalisi müxtəlif manipulyasiya və steoreotiplərin təsiri altındadır:

"Belədə də onlar idarə olunan kütləyə çevrilir. İnsanların kütləyə çevrilməməsinin qarşısını almaq üçün də onların tərbiyəsi düzgün qurulmalıdır. Bu tərbiyə də ailədən, bağçadan, məktəbdən başlamalıdır. Bunlar edilməsə, gec olacaq və ali məktəb tələbəsini artıq vətənpərvər kimi yetişdirə bilməyəcəyik. Yeniyetmənin şüuru, dövlətçilik mövqeyini orta məktəb dövründən yetişdirməliyik. Bir çox ölkələrin təcrübəsində buna rast gəlirik. Yaponiyada ibtidai sinifdən dövlətçilik və vətəndaşlıq hissi aşılayırlar". 

Filmlərin gənclərin vətənpərvərlik hisslərinin inkişafında roluna gəldikdə, həmsöhbətimiz deyir ki, filmdən filmə fərq var:

"Elə filmlər var ki, qəddarlığı təbliğ edir. Müharibə haqında elə filmlər də var ki, həqiqətən də vətəndaş tərbiyəsinə xidmət edir. Yəni hər şey filmin məzmunu və daşıdığı ideyadan asılıdır. Bəzən belə filmlər vətəndaş yetişdirilməsinə, xalq yaddaşının gücləndirilməsinə xidmət edə, bəzən isə onu həqiqi yoldan yayındıra da bilər. Azərbaycanda son illər çəkilən filmlərdə də vətənpərvərlik hisslərinin aşılanmasına cəhdlər var". 

Amma həmsöhbətimiz düşünür ki, bu mövzuda film çəkilişi özfəaliyyət qaydasında aparılmamalıdır:

"Bu məsələ həssas olduğundan dövlət sifarişi olmalı və dövlət maliyyələşdirməlidir. Bu mövzuda filmlərin senarisinin yazılışı, çəkilişi, aktyor heyətini də peşəkarlar həyata keçirməlidir. Çünki kiçik büdcə ilə möhtəşəm film çəkə bilmərik". 

Rüfət Sultan
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
qaynarinfo.az

1Mənbələr