Bakı Metrosunun “20 Yanvar” stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb.
Bu gün səhər saatlarında mağazalar bağlı olub.
Sahibkarların bildirdiyinə görə, qərar dünən axşam saatlarında verilib. Bildirilib ki, mağazaların hansı səbəbdən bağlanması bəlli deyil.
Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, “20 Yanvar” və “Cəfər Cabbarlı” metro xətlərindəki keçidlərdəki obyektlərin onlara heç bir aidiyyəti yoxdur.
Bakı Şəhər İcra Hakimiyyətindən də keçidlərdəki mağazaların onlara aidiyyatı olmadığı bildirilib.
Mağazaların bağlanmasının səbəbləri barədə digər qurumlar də hələlik açıqlama yaymayıb.
Bəs bu məsələ ilə bağlı sahibkarlara kompensasiya verilməlidir?
Hüquqşünas Ramil Süleymanov referans.az-a açıqlamasında bu sualı cavablayıb.
“Birinci növbədə bilmək lazımdır ki, 20 yanvar keçidi Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin balansında olan bir ərazidir və oradakı mümkün təhlükəsizlik, sərnişinlərin rahat formada hərəkətini təmin etmək birbaşa həmin idarənin vəzifələrindən biridir. Qeyd edim ki, həmin ərazidə ticarət köşklərinin fəaliyyət göstərməsi qanunla qadağan olunmayıb. Birinci növbədə sahibkarlar əlbəttə, bununla bağlı Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti ilə icarə müqavilələsi mövcuddursa, həmin müqavilələrdə göstərilən müddəalara, müqavilənin müddətinə baxmalıdırlar. Əgər müqavilə müddəalarının pozulması ilə sahibkarlara burada fəaliyyət göstərmələri birdən-birə qadağan olunursa və ya fəaliyyətləri mümkünsüz hala gətirilirsə, əlbəttə ki, sahibkarlar mülki qaydada Bakı Metropoliteninin yerləşdiyi ərazi üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etməklə icarə müqaviləsi üzrə pozulmuş hüquqlarının bərpa olunmasına və ya həmin ləğv olunmuş müqaviləyə əsasən uğradıqları zərəri kompensasiya şəklində tələb etməyə hüquqları var”.
Hüquqşünas bildirib ki, burada əsas məsələ sahibkarların həm Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq, həm də tərəflər arasında münasibətləri tənzimləyən icarə müqaviləsinin tələblərinə uyğun olaraq qabaqcadan xəbərdarlıq edilməli idi.
“Xəbərdarlıq əsasında vətəndaş müqavilə müddətinin hansı tarixdə bitəcəyini bilməli idi. Bu müddət ərzində öz biznesini zərərə uğramaqdan qorumaq üçün sahibkarlar digər ticarət mərkəzlərində öz bizneslərinin davam etdirilməsi üçün yerlər axtarmaq imkanına sahib olmalı idilər”.