AZ

Yataqxanalarda qalan məcburi köçkünlər nə vaxt köçürüləcək? - RƏSMİ AÇIQLAMA

Azərbaycan Texniki Universitetinin yataqxanasında qaçqın və məcburi köçkün ailələri məskunlaşıblar. Son illər binalarda 124 ailə yaşayıb, lakin artıq 10 ailə işğaldan azad edilən ərazilərdə doğma yurdlarına qayıdıb. Qalan 114 ailə hazırda həmin binalarda yaşayır. Bu isə həmin universitetin tələbələrinin yataqxanadan yararlanmasına imkan vermir.  Eyni problem UNEC-də də mövcuddur. Azərbaycan Dillər Universitetinin 1 saylı yataqxanasında da məcburi köçkünlər yerləşdirildiyindən hazırda tələbələr üçün fəaliyyət göstərmir. 

Bəs məcburi köçkünlərin azad edilmiş rayonlara köçürülməsi ilə universitet yataqxanalarının boşaldılması prosesi nə vaxta tamamlanacaq?

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Redaktor.az-a bildirildi ki, müxtəlif təyinatlı obyektlərdə, o cümlədən yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mərhələli şəkildə yeni mənzillə təmin edilib:

"Bu günə qədər 320 mindən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Onların arasında tələbə yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri də var. Orta və ali təhsil müəssisələrinə məxsus yataqxanalarda məskunlaşmış ailələrin bir qismi köçürülsə də, bir qismi isə hələ də bu tipli obyektlərdə yaşayır. 

Dövlət Komitəsi yataqxana və orada məskunlaşmış ailələrin vəziyyəti ilə bağlı məlumatlıdır. 
Torpaqlarımız işğaldan azad olunduqdan sonra məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılmasına imkan yaranıb. Onlar üçün mənzillər yalnız işğaldan azad edilmiş ərazilərdə tikilir. Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı ilk növbədə ən ağır vəziyyətdə, eləcə də tələbə yataqxanalarında yaşayanlar yeni yaşayış sahələri ilə təmin olunurlar".

Komitədən verilən məluata görə, bu günədək işğaldan azad olunmuş ərazilərə 7900-dən çox məcburi köçkün köçürülüb. Köçürülən ailələr əsasən, tikintisi yarımçıq qalmış bina, yataqxana, sanatoriya, pioner düşərgəsi və digər inzibati binalarda müvəqqəti məskunlaşıb:

"Bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. İlin sonuna qədər 5 şəhərdə və 15 kənddə 20 min keçmiş köçkünün yerləşdirilməsi planlaşdırılır".

Sevinc İBRAHİMZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
redaktor.az

2Mənbələr