AZ

Bakıda dəhşətli qətl: 2 manata görə mağazada işləyən gənc oğlan öldürüldü

Bakının Nərimanov rayonunda 1985-ci il təvəllüdlü Fariz Şəhmiyarov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 1993-ci il təvəllüdlü Samir Məhərrəmovu qətlə yetirib. 

Hadisə ötən ilin avqustun 22-də baş verib. Fariz həmin gün, saat 05:00-da “Əfətli” adlı marketdən spirtli içkilər alaraq marketin qarşısında spirtli içkiləri qəbul etdikdən sonra aralarında düşmənçilik və ya ədavət olmayan həmin marketdə satıcı işləyən Samirə ona 2 manat məbləğində borclu qaldığını bildirdikdən sonra sonuncuya borcunu günorta saatlarında ödəyəcəyini bildirib. 

Oradan kənarlaşaraq yaxınlıqda yerləşən işlədiyi avtoyuma məntəqəsinə gedib və orada telefonunu tapa bilmədikdə telefonunun “Əfətli” marketin qarşısında qalacağını ehtimal edib, həmin ünvana qayıdaraq telefonunu axtarıb. Fariz orada telefonunu tapa bilmədiyindən Samirdən elefonunu görüb-görmədiyini soruşub. Samir ona borcunu ödədikdən sonra telefonu verə biləcəyini deyib. 

Fariz telefonunu qaytarmamasını cüzi səbəb kimi bəhanə edib və Samiri öldürmək qərarına gəlib. O, mətbəx bıçağını şortikin sağ yan cibindən çıxararaq Samirin zərbə vurub. Samir aldığı xəsarətdən vəfat edib. 

Hadisəni törədən Farizin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fariz ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 16 avqust 2023-cü ildən avtoyuma məntəqəsində fəhlə işləməyə başlayıb: “Gündəlik 20-30 manat pul qazanmışam və həmin puldan dolanmaq üçün ailəmə göndərmişəm. Mən məntəqədə tək işləmişəm. İş qurtardıqdan sonra, təxminən saat 22:00-da avtoyuma məntəqəsini bağlamışam. Həmin ilin avqustun 21-də, axşam saatlarında təxminən saat 22:30-da avtoyuma məntəqəsini bağladım və yorğun olduğumdan spirtli içki qəbul etmək qərarına gəldim. Avtoyuma məntəqəsinə qarşıdan baxdıqda sol tərəfdə yerləşən adını xatırlamadığım kafedə oturaraq yemək yedim və 300 qram spirtli içki qəbul etdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 22-də, saat 1 radələrində oradan yaxınlıqda yerləşən “Global” adlı oteldə gedib və qalmaq üçün özünə yer tutub: “Oteldən çıxaraq avtoyuma məntəqəsinə, oradan da piyada 400-500 metr kənarda, “Ulduz” metrostansiyasi yaxınlığında yerləşən “Əfətli” marketə getdim. “Əfətli” market 24 saat işləyib. Satıcını üzdən tanımışam, adını belə bilməmişəm. “Əfətli” marketə gedrək 250 qramlıq spirtli içki olan araq və bir az yemək üçün kolbasa, su aldım. Mağazanın qarşısında olan stulda əyləşərək orada yemək yeməyə, spirtli içki içməyə davam etdim. 250 qramlıq araq qurtardıqdan sonra yenidən bir ədəd də 250 qramlıq araq aldım. Təxminən saat 04:00-dək orada əyləşdim və spirtli içki olan araq içdim. Orada bir nəfər mənə yaxınlaşaraq ac olduğunu bildirdi və məndən yemək istədi. Mən də həmin şəxsə yemək alaraq verdim. Həmin adamı tanımamışam, yoldan keçən bir nəfər olub. Yeməyi verdim və bir müddətdə orada oturdum. Mən ümumilikdə 800 qram araq içmişəm. Həmin arağı içdikdən sonra marketin satıcısından nə qədər borcum olduğunu soruşdum. Mağazaya nə qədər pul ödədiyimi xatırlamamışam. Mənim mağazaya təxminən 2 manat borcum qalıb. Mağazanın satıcısı məndən pulu tələb etdi. Qeyd etdiyim kimi təxminən 6 gün əvvəl yaxınlıqda yerləşən avtoyuma məntəqəsində işləməyə başlamışam. Buna görə orada işləyən şəxsləri tanımamışamr. “Əfətli” marketin satıcısını üzdən tanımışam. Onunla heç bir düşmənçiliyim və ya ədavətim olmayıb”. 

Farizin ifadəsinə görə, satıcı ondan pulu tələb etdikdə yaxınlıqda avtoyuma məntəqəsində işlədiyini və pulu səhəri günorta saatlarında çatdıracağını bildirib: “Mağazanın satıcısı isə məndən pulu tələb etməyə davam etdi. Mən də satıcıya fikir vermədim və oradan kənarlaşaraq 400-500 metr kənarda yerləşən işlədiyim avtoyuma məntəqəsinə getdim. Avtoyuma məntəqəsi qalmaq üçün otaq var. Mən otaqda stolun üzərində olan çörək və ərzaq doğramaq üçün istifadə etdiyim bıçağı götürərək üzərimdə olan qara rəngli yumruboğaz köynəyin qollarını kəsdim. Həmin vaxt içkili olduğumdan bıçaq cibimdə qalıb. Köynəyimi kəsdikdən sonra telefonumun olmadığını gördüm. Telefonu axtardım, lakin tapa bilmədim. Telefonun “Əfətli” marketin qarşısında qaldığını fikirləşərək oraya getdim. Həmin vaxt bıçaq cibimdə qalıb.“Əfətli” marketin qarşısına çatdım. Orada Əfətli marketin satıcısını gördüm. Satıcı, adının sonradan Samir olduğunu bildiyim şəxs marketin qarşısında, marketə qarşıdan baxdıqda sağ tərəfdə olan soyuducuların yanında iş görürdü. Mən satıcını üzdən tanıdım. Ondan telefonumu görüb-görmədiyini soruşdum. Samir mənə “borcunu gətirib verəndə telefonunu apararsan” dedi. Mən də Samirə cəmi 2 manat borcum olduğunu bildirdim. Əlimi cibimə atdıqda bıçaq olduğunu gördüm. Həmin vaxt Samir üzü o, tərəfə soyuducuların qarşısında iş gördü. Şortikimin sağ yan cibində olan bıçağı çıxararaq marketin qarşısında soyuducuların yanında bıçaqla bir dəfə çiyin nahiyəsinə yuxarıdan aşağı zərbə endirdim. Bıçaqla zərbə endirəndə Samir mənimlə üzbəüz dayanmışdı. Mən bir dəfə bıçaqla zərbə endirdikdən sonra oradan uzaqlaşdım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Samrə bıçaqla xəsarət yetirdiyini bildikdən sonra uşaqlarını görmək üçün yaşadığı Ağstafa rayonuna getmək qərarına gəlib: “Avtoyuma məntəqəsinə getdim və orada olan paltarlarımı götürdüm. Oradan “Global” adlı otel istiqamətində getdim. Bıçağı orada olan birmərtəbəli obyektin damına atdım. Oradan avtovağzala getdim. Avtovağzaldan da nömrəsini xatırlamadığım mikroavtobusla Ağstafa rayonuna getdim. Günorta saatlarında rayona çatdım. Evə getdim, uşaqlarımı gördüm. Bir neçə saat evdə oturduqdan sonra polis əməkdaşları gələrək məni tutdular və Ağstafa Rayon Polis Şöbəsinə apardılar”. 

İş üzrə zərərçəkmiş Samir Məhərrəmovun hüquqi varisi qismində ifadə verən qardaşının sözlərinə görə, atası Mehrab və anası Zərifənin birgə nikahından o və 1989-cu il təvəllüdlü Sadiq Məhərrəmov, 1993-cü il təvəllüdlü Samir Məhərrəmov doğulub. Samir Ağcabədi rayonu, Kəhriz kəndində yaşayıb, orada doğulub böyüyüb. Subay olub, özünə məxsus heyvan, mal-qara saxlamaqla, ustalıqla məşğul olub. Bakı şəhərinə hadisədən 5 ay əvvəl gəlib. Ulduz metro stansiyası yaxınlığında yerləşən “Əfətli” marketində satıcı olaraq işə başlayıb və orada işləyib. Mən və ailə üzvlərim, o cümlədən, mərhum qardaşım Samir Farizi əvvəllər görməmişik, onunla heç bir düşmənçiliyimiz və ya ədavətlərimiz olmayıb. Mənim hadisədən məlumatım olmayıb, hadisənin şahidi olmamışam, görməmişəm”. 

Hüquqi varis qeyd edib ki, 22 avqust 2023-cü ildə, saat 08:00-da əmisi Rais Məhərrəmov ona zəng edib və qardaşı Samirin həmin gün səhər saat 06:00-da bıçaqlandığını və öldüyünü bildirib: “Mən də yaşadığım Mingəçevir şəhərindən Ağcabədi rayonunun Kəhrizli kəndinə getdim. Orada qardaşımın meyitinin gətirilməsini gözlədim və dəfn üçün hazırlıq işləri həyata keçirdim. Samirin meyitini təxminən avqustun 22-də, saat 17:00-da Kəhrizli kəndinə gətirdilər. Qardaşımı həmin gün kəndin qəbristanlığında dəfn etdik”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fariz Şəhniyarov 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Fariz Məlikli
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
demokrat.az

1Mənbələr