AZ

Qocaman təhsil ocağının yarandığı günə xitabən...

“Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovşağında yeni məşəl yandı... Mən Bakı Dövlət Universitetinin parlaq gələcəyinə inanıram”.

1 sentyabr Bakı Dövlət Universitetinin (BDU) ilk rektoru V.İ.Razumovskinin söylədiyi məşəlin 105 yaşı tamam olur. 105 il öncə sentyabr ayının birində Azərbaycan Xalq Cümhuriyyətində müsəlman Şərqinin ilk Avropa tipli ali məktəbi yaradıldı. Yenə də Razumovskinin dediyi kimi, həmin ali məktəbin gələcəyi çox parlaq oldu və bu gün o, Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisələrindən biri, hətta birincisidir. 

Təhsil bir xalqın inkişafının, rifahının ən birinci və vacib şərtidir. Bunu çox yaxşı bilən milli hök?mət dövrün ağır şərtlərinə, xarici təhdidlərə və müdaxilələrə, maliyyə azlığına, kadr çatışmazlığına və bu kimi irili-xırdalı maneələrə baxmayaraq, ölkədə təhsilin ikişafına xüsusi diqqət ayırıb. Təbii ki, elə bu və bu kimi problemlər, çatışmazlıqlar da ölkədə belə bir ali təhsil ocağının yaradılmasını şərtləndirirdi. 

1919-cu il aprelin 8-də Xalq Cümhuriyyətinin parlamenti  Bakı şəhərində universitetin açılması haqqında qərar qəbul etdi. Həmin qərara əsasən Xalq Maarif Nazirinə tapşırıldı:

1) 1919-1920-ci tədris ilinin əvvəlindən etibarən Bakı şəhərində Universitet açsın və bu məqsədlə 10 milyon manatdan artıq olmayan smetanı təqdim etsin;

2) Ticarət məktəbinin binası Universitet üçün ayrılsın.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk Avropa tipli universitetin əsasını qoydu. Parlament 1919-cu il sentyabrın 1-də ilk universitetin açılması haqqında qanun qəbul etdi. “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında” adlanan bu qanunda universitetin dörd fakültədən ibarət olması göstərilirdi: Şərq şöbəsi ilə birlikdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri.

1919-cu il sentyabrın 8-də Bakı Dövlət Universitetinin rektor və dekanlarının təsdiq edilməsi haqqında hökumət tərəfindən qərar qəbul edildi. Həmin qərara əsasən, operativ cərrahiyə kafedrasının əməkdar professoru V.İ.Razumovskiy Bakı Dövlət Universitetinin rektoru təyin edildi. 

1924-cü ildə universitetə Vladimir İliç Leninin adı verilir. 1939-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 16 aprel tarixli fərmanı ilə Azərbaycan Dövlət Universitetinə vaxtilə Azərbaycan Kommunist Partiyasına rəhbərlik etmiş Sergey Mironoviç Kirovun adı verilir. 1991-ci ildə isə Bakı Dövlət Universiteti bu ali təhsil ocağının yaradılmasında fəal iştirak etmiş Məhəmməd Əmin Rəsulzadənin adını daşıyır. 2000-ci ildən qocaman ali təhsil ocağı Bakı Dövlət Universiteti adı ilə təsdiqlənib.

Yarandığı ilk gündən dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunan universitetin 100 illik yubileyi ölkə başçısının nəzarəti altında dövlət, hətta beynəlxalq səviyyədə qeyd edildi. 

Prezident İlham Əliyev “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 14 noyabr tarixli sərəncam imzaladı. Sərəncamda universitetin yubileyinin keçirilməsi ilə bağlı dövlət qurumlarına müvafiq tapşırıqlar verildi. Nazirlər Kabinetinin 2018-ci il 21 may tarixli qərarı ilə yubileyin tədbirlər planı təsdiq edildi. Sözügedən Sərəncamda qeyd edilir: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçib. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsində təqdirəlayiq xidmətləri var”.

Eləcə də ölkəmizin təşəbbüsü ilə BDU-nun 100 illiyi UNESCO-nun 2018-2019-cu illər üzrə yubileylər siyahısına daxil edilib.

105 ildir ki, Bakı Dövlət Universiteti şərəfli və məsuliyyətli yol gəlir. Azərbaycan təhsilinin, cəmiyyətinin formalaşmasında və inkişafında bu təhsil müəssisəsinin rolu danılmazdır. Hazırda universitetin müəllim heyətinin sayı 1100 nəfərdən yuxarıdır. Universitetdə bir neçə mərkəz, elmi-tədqiqat institutu və laboratoriyalar fəaliyyət göstərir. Burada, həmçinin tələbələr üçün poliklinika, hər bir tədris binasının özünəməxsus yeməkxanası, eləcə də tələbə və müəllim heyəti üçün kitabxana var. Müasir Bakı Dövlət Universitetində 50 ixtisası özündə birləşdirən 17 fakültə tədris aparmaqdadır. Tərkibində üç institutu fəaliyyət göstərir: Fizika problemləri institutu, Tətbiqi riyaziyyat institutu və BDU Konfutsi institutu. Həmçinin, Universitetin nəzdində çətin seçim müsabiqəsindən keçən, nisbətən qabiliyyətli oğlan və qızların təhsil aldığı litsey də fəaliyyət göstərir.

Burada elmi işlər, kitablar və ədəbiyyatlar dərc edən nəşriyyat fəaliyyət göstərir. Dərc olunan materiallar arasında əsas yeri tələbə həyatını, müəllimlərin və rəhbərliyin fəaliyyətini işıqlandıran “Bakı Universiteti” qəzeti tutur. “Bakı Universitetinin xəbərləri” elmi jurnalı isə oxuculara yeni nailiyyətlər, kəşflər və müxtəlif sahələrə aid xəbərlər çatdırır.  

Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı Bakı Dövlət Universitetinin yaşı 105 olsa da, əslində, onun mənəvi-tarixi kökləri daha dərinlərə gedib çıxır. Axı Azərbaycan mədəniyyəti, milli-mənəvi dəyərlərinin yaşı da uludur. İlk ali təhsil ocağımız da məhz o qədim mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin üzərində formalaşıb. 

Ulu Öndər Heydər Əliyevin BDU-nun 50 illik yubileyindəki çıxışında bu barədə söylədiyi fikirlər çox dəqiq və əhatəlidir: “Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətinin ən yaxşı ənənələri Azərbaycan Dövlət Universitetində inkişaf etdirilmişdir. Məşhur filosof Ə.Bəhmənyarın və mütəfəkkir şair Nizaminin, riyaziyyatçı- astronom Nəsirəddin Tusinin və dahi lirik şair Füzulinin, orta əsrlərin böyük alimi F.Rəşidəddinin və üsyankar şair Nəsiminin, tarixçi A.Bakıxanovun və realist yazıçı M.F.Axundovun, görkəmli satiriklərdən M.Ə.Sabirin, C.Məmmədquluzadənin və bir çox başqalarının adları bu milli dəyərlərin çoxəsrlik tarixinin bəzəyidir”.

Dərin köklü ağac uzun ömürlü və sağlam olar. Bakı Dövlət Universiteti də öz dərin köklərinə sadiqliyi ilə 105 ildir dimdik ayaq üstə, sağlam şəkildə yol gəlir. Yolu tükənməsin, uğurları daimi olsun!

Şahanə MÜŞFİQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
yeniazerbaycan.com

1Mənbələr