AZ

İngilis dilinə görə dünyada 83-cü yerdəyik

Yazını böyüt
Yazını kiçilt

Dünya ölkələrinin ingilis dilini bilmə səviyyəsinə görə reytinqi açıqlanıb. “EF Education First” ingilis dilinin tədrisi üzrə beynəlxalq təhsil mərkəzinin 2023-cü il hesabatına əsasən, ingilis dilini bilmə səviyyəsinə görə Azərbaycan 83-cü yerdədir. Gürcüstan reytinqdə 32-ci, Ermənistan isə 48-ci pillədə qərarlaşıb. Digər qonşularımızdan Rusiya 41-ci, İran 58-ci, Türkiyə 66-cı yerdədir. Müəlliflərin fikrincə, ingilis dilində ən yaxşı Hollandiya, Sinqapur və Avstriyada danışılır. İngilis dilində ən pis danışanlar Konqo Demokratik Respublikası və Tacikistandadır.

Qeyd edək ki, qloballaşan dünyada insanların ingilis dilini bilməsinə böyük ehtiyac var. İstər müxtəlif xarici mənbələrdən istifadə edilməsi, istər auditoriya əhatə etmək, istərsə də iş tapmaq baxımından ingilis dili biliyinin olması vacib sayılır. Müşahidələr göstərir ki, Azərbaycan təhsilində ən böyük problemlərdən biri şagirdlərin və tələbələrin xarici dil biliyinin zəif olmasıdır. Hazırda orta ümumtəhsil məktəblərində xarici dil kimi ingilis, rus, alman, ərəb, fransız, fars dilləri tədris olunur. Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin keçilməsinə I sinifdən başlanır. Buraxılış imtahanı zamanı isə xarici dil fənnindən abituriyentlərə dinləmə və oxuyub anlama bacarığı tələb edən mətnlər təqdim olunur. Ancaq abituriyentlər bu mətnlərlə bağlı çətinlik çəkir. Bunun səbəbi kimi isə orta məktəblərdə xarici dilin yaxşı səviyyədə tədris olunmaması göstərilir.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov deyib ki, orta ümumtəhsil məktəblərində xarici dilin tədrisi iki istiqamətdə - əsas və ikinci xarici dil olaraq keçirilir: “Əsas xarici dil birinci sinifdən, ikinci xarici dil isə beşinci sinifdən tədris olunur. Tədris planına dair qeydlərdə də göstərildiyi kimi, istər əsas, istərsə də xarici dili seçim hüququ valideynlərə verilir. Onlar müəyyən olunmuş dillər-ingilis, alman, fransız, rus, ərəb və fars dilləri arasında seçim etməkdə azaddırlar. Mövcud qanunvericiliyə əsasən, hətta valideynlərin seçimindən asılı olaraq  zərurət yaranarsa, eyni sinifdə iki xarici dil qrupu da təşkil oluna bilər.  Ölkəmizdə daha çox tədris olunan xarici dillərə gəlincə, xarici dillərin öyrənilməsi ilə bağlı ümumi bir tələbat var. Bu tələbat istəsək də, istəməsək də cəmiyyətin özü tərəfindən formalaşır. Hər birimiz bilirik ki, beynəlxalq aləmə əsas çıxış dili ingilis dilidir. Bu baxımdan, ölkəmizdə xarici dillərin tədrisində əsas dil kimi ingilis dili çox böyük üstünlük təşkil edir. Təxmini hesablamalara görə, məktəblərimizdə birinci xarici dil kimi 90-95 faiz ingilis dili tədris olunur. Əsas xarici dil ingilis dili olan məktəblərdə isə ikinci xarici dilin daha çox rus dili olduğu müşahidə edilir. Təbii ki, ikinci xarici dil olaraq fransız, alman dilləri tədris olunan məktəblərimizə də rast gəlinir. Bundan başqa, əsas xarici dil fransız, alman dili olan məktəblərimiz də var. Lakin bu məktəblərin sayı çox azdır. Ərəb dili tədris olunan məktəblərimizə isə çox nadir hallarda rast gəlinir. Təqribən 15 il əvvəl orta məktəblərdə ingilis dili beşinci sinifdən başlayaraq tədris olunurdu. Bu sinifdən başlayaraq on birinci sinfə kimi tədris olunurdu. Və dərsliklər hər il deyil, bir neçə il sonra dəyişilirdi. Lakin Azərbaycanın Avropaya inteqrasiyasından sonra Azərbaycanda da ingilis dilinə tələbat artdı. Hazırda istənilən  sahədə çalışan  şəxslər, tələbələr, şagirdlər bu dili öyrənməyə can atırlar”.

Ekspert əlavə edib ki, qəbul və buraxılış imtahanlarının nəticələrini analiz edəndə şagirdlərin xarici dildən minimum tələbləri ödədiyi məlum olur: “Dövlət orta məktəblərində ingilis dili bölmələri yoxdur və yaxın gələcəkdə də yaradılması nəzərdə tutulmur. Bəzi özəl ümumtəhsil məktəblərində ingilis dili bölmələri fəaliyyət göstərir. Bütün dünyada insanlar ingilis dilini öyrənirlər. Məktəblərdə şagirdlər arasındakı apardığımız sorğunun nəticələrinə əsasən, şagirdlər öyrənmək istədikləri xarici dil kimi ən çox ingilis dilini seçiblər. Amma ingilis dilinin Azərbaycan dilli məktəblərdə tədrisindəki zəiflik şagirdlərin bu dilə marağını azaldır".

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi deyib ki, bu gün Azərbaycanda 1 milyon 600 min şagird təhsil alır və həmin şagirdlərin hər birinin ümumi bilikləri qəbul etməsi, beyin tutumu eyni deyil: “Orta ümumtəhsil məktəblərində ibtidai təhsil pilləsində ingilis dili öyrədilməyə başlanılır, amma nəticə etibarilə uşaq 11 il ingilis dilini keçməsinə baxmayaraq məktəbi bitirəndə uğurlu nəticəsi olmur. Təbii ki, bunun bir neçə səbəbi var. Burada dərsin tədrisindən çox şey asılıdır. İkinci valideynin diqqəti, üçüncü isə formal qiymətləndirmənin olmasıdır. Bu üç faktor təkcə ingilis dili deyil, eyni zamanda digər fənlərdə də ümumi biliyin əldə olunmasına mühüm töhfə verən amillərdir. Bu üç amil qaydasında olsa, o zaman biz ingilis dili, riyaziyyat, ana dilində şagirdlərin mükəmməl səviyyədə öyrəndiyini müşahidə edə bilərik”.

Onun sözlərinə görə, yeganə çıxış yolu kimi ilk növbədə şagird sıxlığı minimallaşdırılmalıdır: “İkinci növbədə şagirdlərə qeyri-obyektiv qiymətlərin verilməsindən çəkinməliyik. Şagird nəyi real bilirsə, ona uyğun qiymətləndirilmə aparılmalıdır. Üçüncü növbədə dərs məktəblərdə tədris olunmalıdır. Daha mən evdə dərsi qismən keçim, uşaq yanıma hazırlığa gəlsin prinsipi ilə yanaşılmamalıdır. Təbii ki, bunları tətbiq edəriksə, 11 ildə uşaq niyə ingilis dilini öyrənmir sualına cavab tapa bilərik”.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
hafta.az

1Mənbələr