AZ

“Tarixdən heç nəyi gizlətmək mümkün deyil, müvəqqəti maskalanmaq olar...- Ancaq həqiqət gec-tez üzə çıxacaq...”

“Həyatın qəribə təzadlarındandır ki, Cümhuriyyətin devrilməsi, yadellilər tərəfindən işğalı üçün var qüvvəsi ilə çalışan, vətənimizdə sovet işğal rejiminin qurulması və möhkəmləndirilməsinə səy göstərən bəzi şəxslər, sonradan özü də repressiya dövründə xidmət etdikləri rejimin qurbanı oldular...”

“Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
 
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...

Moderator.az aktuallığını nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır.
 
Beləliklə, “Ön söz”ə davam:

(Əvvəli burada:)

Digər mövzular kimi, repressiya probleminə də müstəqillik dövrünün tələblərinə, Vətənin bölünməz bütövlüyünə sədaqət, sevgi, bağlılıq ruhuna uyğun yanaşılmalıdır. Fikrimizcə, bu çox əhəmiyyətli problemə Sovet ideologiyası və konsepsiyası əsasında toxunmaq düzgün deyil.
 
Bu gün heç bir vətənpərvər insan xaricdə yaşayıb oradakı dövlət orqanlarında çalışaraq müstəqilliyimizin aradan qaldırılıb başqa bir dövlətin əyalətinə çevrilməsinə çalışanları vəsf etməz. Bunu özünə, millətinə, dövlətinə rəva bilməməklə yanaşı, cürət də etməz...
 
Məlumdur ki, bugünkü müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Həyatın qəribə təzadlarındandır ki, Cümhuriyyətin devrilməsi, yadellilər tərəfindən işğalı üçün var qüvvəsi ilə çalışan, vətənimizdə sovet işğal rejiminin qurulması və möhkəmləndirilməsinə səy göstərən bəzi şəxslər, sonradan özü də repressiya dövründə xidmət etdikləri rejimin qurbanı oldular. Məsələn, belə şəxslərdən biri BDU-nun ilk azərbaycanlı rektoru T.Şahbazi olmuşdur. O, özünün bütün şüurlu həyatını, bilik və bacarığını Cümhuriyyətin devrilməsinə, Vətənimizin yenidən Rusiyanın sıradan bir əyalətinə çevrilməsinə həsr etmişdir. Azərbaycan Sovet Ensiklopediyasında T.Şahbazi haqqında yazılmışdır: “...Azərbaycan Sovet yazıçısı, Sovet hakimiyyəti uğrunda mübariz11915-ci ildən Sov.İKP üzvü....1917-ci ildə “Hümmət” qəzetinin redaksiya heyətinə daxil olmuşdur.1919-cu ildə Ukrayna K(b)P MK yanında “Hümmət” müsəlman bürosunun sədri, RSFSR Xalq Milli İşlər Komissarlığı Zaqafqaziya müsəlman şöbəsinin katibi, Şərq xalqları Kommunist təşkilatları bürosunda məlumat şöbəsinin müdiri olmuşdur... Yazdığı hekayələrdə istismar dünyası, dini fanatizm, xalqa yad “ziyalılar” tənqid olunur... “Düşmənlər” (1932) povesti kollektivləşmə dövründə kənddə gedən sinfi mübarizədən bəhs edir. Bakıda adına küçə var”...
Qeyd edək ki, universitetin ilk rektoru təyin edilməsi də onun elm və təhsil sahəsində böyük təcrübəsi, təhsil təşkilatçısı, milli ruhlu olması ilə bağlı olmamışdır. Birincisi, həyat yoldaşı qeyri-azərbaycanlı olan bu şəxsin ad və soyadı işğal rejiminin qeyri-azərbaycanlı rəhbərlərinə lazım idi.
 
İkincisi, bu şəxsin sovet işğal ideyalarına sədaqətli olmasına şübhə etməmişlər.
 
Üçüncüsü və ən əsası, Vətənimiz işğal edildikdən sonra sovetlər Azərbaycanda ruslaşdırma siyasəti aparmağa başlamışdı. Müstəmləkə siyasətinin digər üsulları ilə onlar idarə və müəssisələrdə çalışan azərbaycanlı rəhbər işçiləri
kütləvi surətdə işdən çıxarır, yerlərinə qeyri azərbaycanlıları təyin edirdilər. İclaslar, qurultaylar, plenumlar rusca aparılır, Azərbaycan dilinin lazımsız bir ünsiyyət vasitəsinə çevrilməsinə çalışırdılar.
 
Belə bir zamanda M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşı və digərləri xaricdə yazdıqları məqalələrində, əsərlərində, beynəlxalq təşkilatlardakı çıxışlarında sovetlərin apardığı siyasətin fəhlə və kəndlilərin istismardan azad edilməsi, insanların, millətlərin hüquq bərabərliyi haqqındakı şüarların yalnız təbliğat xarakterli söz olduğunu, əsil məqsədlərinin işğalçılıq olduğunu bildirməsi böyük əks-səda doğururdu. Sovet partiya və dövlət rəhbərləri bundan rahatsız olurdular. Bu səbəbdən Stalin Azərbaycanın kommunist rəhbərlərinə məktub yazaraq siyasi mühacirlərin bu arqumentlərini, tezislərini onların əllərindən almaq üçün göstəriş vermişdi.
 
Vətəndən uzaqlarda yaşayan Azərbaycan mühacirləri yazdıqları kitablarda, məqalələrdə, müxtəlif beynəlxalq təşkilatlardakı çıxışlarında bolşeviklərin Azərbaycanda həyata keçirdiyi siyasətin işğalçı xarakter daşıdığını konkret faktlarla sübut edirdilər. Onlar göstərirdilər ki, bolşeviklər bu siyasəti üç
istiqamətdə - siyasi, iqtisadi və mənəvi sahədə həyata keçirirlər. Mənəvi sahədə isə üç başlıca istiqamət seçilmişdi. Onlardan biri təhsil, biri dil, digəri isə din idi. Yeni rejim, həqiqətən, bütün kargüzarlıq işlərini və ali məktəblərdə dərsləri rus dilində aparır, rəhbər vəzifələrə qeyri-azərbaycanlıları təyin edirdi. Azərbaycan mühacirlərinin xaricdə - Avropa, Türkiyə və İranda bolşeviklərin işğalçılıq siyasətinin əleyhinə apardığı mübarizənin genişlənməsi və müəyyən uğurlar qazanması sovet rəhbərliyini və onun Azərbaycandakı əlaltılarını təşvişə
salır və ciddi narahat edirdi. 
 
Bu vəziyyətlə bağlı Stalinin rəhbər göstərişini nəzərə alaraq Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi (Bundan sonra AK(b)P MK. B.Əziz) bir tərəfdən ali məktəblərə tələbə qəbulu zamanı azərbaycanlılara üstünlük verilməsi, digər tərəfdən ad və soy adı azərbaycanlı olan işğalçı sovet ideologiyasına sədaqətli şəxslərin rəhbər vəzifələrə təyin edilməsi ilə əlaqədar müvafiq qərar qəbul etmişdi.
 
T. Şahbazi də məhz belə bir görüntü yaratmaq üçün əlverişli, inanılmış bir şəxs funksiyasını yerinə yetirməli oldu. 
 
Həyat yoldaşı qeyri-azərbaycanlı olan B.Həsənbəyov işğal rejiminin ilk dövrlərində cəza aparatı olan Fövqəladə Komissiyanın (Bundan sonra FK. B.Əziz) Gəncədə yaradılan orqanında çalışaraq xeyli sayda günahsız, milli ruhlu, vətəninin işğalı ilə barışmayan ziyalıların məhv edilməsində iştirak etmişdi.
 
Məlumdur ki, XI Qırmızı ordunun xüsusi şöbəsi olan FK-nın rəisi Pankratov Azərbaycan Sovet Sosialist Respublikası (Bundan sonra Azərb.SSR. B.Əziz) rəhbərlərindən heç kəslə hesablaşmırdı. Bu orqan sovet rejiminin şübhəli hesab etdiyi adamları, fəaliyyəti qadağan edilmiş partiyaların fəallarını, hətta adi üzvlərini, imkanlı şəxsləri, sahibkarları əsassız olaraq həbs edir, güllələyirdi.
 
Ümumiyyətlə, heç kəsdə şübhə olmasın ki, tarixdən heç nəyi gizlətmək mümkün deyil, müvəqqəti maskalanmaq olar, ancaq həqiqət gec-tez üzə çıxacaq. İnsan bir daha əmin olur ki, ilahi bir Haqq, Ədalət var. Necə deyərlər, o gec gəlsə də, güc gələr. Əlbəttə, hər hansı bir şəxsin şərlənərək həbs edilməsi, təqib və təzyiqlərə məruz qalması, qapalı məhkəmə iclasında vəkilsiz, şahidsiz, dəlil-sübutsuz günahlandırılaraq güllələnməyə məhkum edilməsi qətiyyən yolverilməz,
qəbuledilməzdir. Birmənalı olaraq deyə bilərik ki, Sovetlərin dövlət siyasətinə çevirdiyi “qırmızı terror” cinayəti nifrətə layiqdir.
 
Bütün bunlarla yanaşı, repressiya olunmuşların fəaliyyətində terror faktlarının, istintaq materiallarının müqayisəli tənqidi təhlili göstərir ki, qırmızı terrora məruz qalanların ucdantutma hamısının qəhrəmana çevrilməsi, birtərəfli qaydada onların haqqında müsbət qəhrəman obrazının yaradılması,bu ruhda bədii əsərlər yazılması, filmlər çəkilməsi ilə yanaşı, fəaliyyətlərində, xüsusilə vətənə, müstəqilliyə zidd olan çalışmaları, bu istiqamətdə yol verdikləri nöqsanlar deyilmirsə, bu, doğru deyil. Əslində bunlar sistemin yaratdığı insan
faciəsidir.
 
Problemə belə yanaşılması bir neçə cəhətdən çox vacibdir. Birincisi, bu, insanlarımızın vətənpərvərlik, dövlətə sədaqətlilik, bağlılıq ruhunda tərbiyə olunmasına mənfi təsir göstərir.
 
İkincisi, problemə belə yanaşma müstəqillik dövrünün tarixi-fəlsəfi konsepsiyasına tamamilə ziddir.
 
Üçüncüsü, müstəqilliyimizə düşmən olan “sapı özümüzdən olanları” şirnikləndirmək deməkdir.
 
İş burasındadır ki, repressiya təkcə ayrı-ayrı şəxslərə deyil, həm də kafedralara tətbiq edilmişdir. Bunların içərisində 1949-cu ildə Azərbaycan tarixi kafedrasının bağlanmasını xüsusilə qeyd etmək istərdik...
 
Onu da qeyd edək ki, sovet rejimi dövründə həmin kafedranın başı üzərindən “qara buludlar” əskik olmamışdı.
 
“Şər imperiyası”nın ideoloji dayağı olan kommunist partiyasının hakim rolu Sovet və Azərbaycan SSR Konstitusiyasından çıxarıldıqdan sonra bütün müəssisələrdə, həmçinin BDU-da partiya komitəsi ləğv olundu. Bu zaman
partiya komitəsinə rəhbərlik edən şəxsə vəzifə lazım gəldi. Təəssüf ki, manqurtların yadına ilk düşən “Vətən tarixi”, yəni “Azərbaycan tarixi” kafedrası oldu. Beləliklə, onlar heç bir elmi-metodik zərurət olmadığı halda, vəzifə üçün Vətənimiz kimi onun tarixini araşdıran və tədris edən kafedranı da ikiyə
böldülər...”
 
(Davamı var)
 
Təqdim etdi: Sultan Laçın
 
Seçilən
204
moderator.az

1Mənbələr