AZ

Azərbaycan Xalq Cəbhəsi Partiyası bildirib ki, növbədənkənar parlament seçkisi xalqın iradəsini ifadə etmir və onun elan olunan nəticələri tamamilə saxtadır.

“Bu "seçki" ölkədə sərbəst toplaşmaq, söz və ifadə, birləşmək, seçmək və seçilmək kimi fundamental hüquq və azadlıqların dövlət səviyyəsində tam məhdudlaşdırıldığı, gerçək müxalifətin və xalqın boykotu, heç bir rəqabətin olmadığı şəraitdə keçirilib. Parlamentin yeni tərkibi şəxsən İlham Əliyevin təsdiq etdiyi siyahı üzrə formalaşıb. Belə bir parlament legitim ola və xalqı təmsil edə bilməz”, - Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəyanatında edilir.

Partiya xatırladır ki, bu "seçkini" hakimiyyət ən elementar yarış şəraitini belə təmin etmədiyi üçün boykot edib.

“Azərbaycan Xalq Cəbhəsi Partiyası hər zaman seçkilərdə iştirakdan yana olub, 1 sentyabr növbədənkənar parlament seçkisində iştirak üçün şərtlərini də açıqlayıb. Bu şərtlər ölkədə sayı 300 nəfəri keçən siyasi məhbusların azad edilməsi, sərbəst toplaşmaq azadlığının təmin olunması, müxalifətin seçki komissiyalarında təmsil oluna bilməsi, müstəqil quruluşların və müxalifətin seçkini müşahidə etməsinə imkan yaradılması kimi ən sadə addımlar idi. Lakin bu şərtlərə məhəl qoyulmadı”, - bəyanatda qeyd olunur.

Partiya bildirir ki, hakimiyyət səsvermə günü məntəqələrdə guya seçici kütləviliyinin olduğunu göstərmək üçün ənənəvi saxtakarlıq metodundan istifadə edib: “Yalnız bir neçə nəfər namizəd ola bilmiş ictimai fəalın sayəsində seçki dairələrinin cəmi 3 faizinə qədərində qismən fəallıq qeydə alınıb. Bu isə ümumi nəticəni və mənzərəni dəyişmir. Seçicilərin səsvermədə iştirakı 10 faizdən də az (7-8 faiz) olub. Ancaq hətta bu rəqəm də könüllü iştirakla deyil, dövlət büdcə təşkilatlarında çalışan işçiləri inzibati təzyiq hesabına səsverməyə cəlb etməklə əldə olunub. Müxtəlif "karusel" qrupları müxtəlif məntəqələrdə, hətta müxtəlif dairələrdə dəfələrlə səs verib. Yenə də qutular topa ilə saxta bülletenlərlə doldurulub. Seçkidə iştirak faizləri haqda MSK adından yayılan məlumatların reallıqla heç bir əlaqəsi olmayıb”.

“Beynəlxalq birlik Azərbaycanda seçkilərin kütləvi saxtalaşdırılmasına prinsipial qiymət verməli, ölkə rəhbərliyindən beynəlxalq öhdəliklərinə riayyət etməyi daha qətiyyətlə tələb etməlidir”, - sənəddə deyilir.

Öz növbəsində Müsavat Partiyası bildirib  ki,  bu partiyaların namizədləri olan dairələrin əksər məntəqələrində məntəqə seçki komissiyaları səsvermə başa çatdıqdan sonra səslərin sayılmasından, protokolların tərtib olunmasından imtina ediblər.

“Məntəqə komissiyalarının sədrləri fasilə elan edərək səslərin sabah sayılaraq bundan sonra protokolların yazılacağını bildirib, müşahidəçiləri məntəqələrdən çıxarmağa cəhd ediblər. Bu Seçki Məcəlləsinin 106. 5. ci maddəsinin kobud sürətdə pozulması deməkdir.

 

Səsvermə özü kütləvi pozuntular, bülletenlərin qutulara kütləvi şəkildə atılması atılması, seçici qruplarının müxtəlif məntəqələrə aparılması, müşahidəçilərə təzyiq şəraitində keçirilib", - Müsavat Partiyasının məlumatında deyilir.

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov isə bildirib ki, hazırda seçkilərdə partiyanın depuatlığa namizəd olduğu seçki dairələri üzrə nəticələri mübahisələndirilir.

“Bununla bağlı Mərkəzi Seçki Komissiyasına təqdimatlar edəcəyik. Bu hüquqi prosesi tamamlandıqdan sonra yekunlaşdırıcı ümumi siyasi bəyanatımız olacaq”, - İlqar Məmmədov Turan-a bildirib.

Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, Respublika Alternativi Partiyasının 12 namizədindən yalnız 1-i - hazırkı deputat Erkin Qədirli parlamentə keçib.

Seçilən
71
turan.az

1Mənbələr