AZ

“Birbaşa Bakı”nın fransalı futbolçusu: “Azərbaycan məni həqiqətən təəccübləndirdi, çox gözəl ölkədir

Azərbaycan məni həqiqətən təəccübləndirdi, çox gözəl ölkədir.

Bunu “Far.Az”a açıqlamasında “Birbaşa Bakı”nın futbolçusu Ali Skander yeni qoşulduğu komanda və Azərbaycanla bağlı təəssüratlarını bölüşərkən deyib.

Fransalı futbolçu uyğunlaşmaqda problem yaşamadığını deyib:

“Baş məşqçinin bütün təlimləri məni heyrətləndirdi, heç gözləmirdim. Buradakı məşqlər Fransada futzalda keçdiyimiz məşqlərə bənzəyir. Mariusun məşqlərini sevirəm. Klubdan mənə zəng olanda təəccübləndim. Çünki necə kömək edəcəyimi başa düşmürdüm. Lakin mənə bu komandanın ailə kimi olduğunu söylədilər. Hansı ki, bu, ən bəyəndiyim şeydir. Bəli, dili başa düşmürəm, amma görürəm ki, onlar necə mehribandırlar və hətta məşq bitəndə də birlikdə vaxt keçirirlər. Bu, komandanı daha da gücləndirir. Kluba dəvət edənlərə təşəkkür etmək istəyirəm ki, məni bu işin bir parçası etdilər. Bunun üçün həmişə minnətdar olacağam”.

O, Çempionlar Liqasında və ölkə çempionatında komandasına hədəflərinə çatmaqda kömək edəcəyinə inandığını söyləyib:

“Çətin olmadı, çünki klubda hər kəs mənə əlindən gələn köməyi göstərdi. Ehtiyac yarananda məşqçi ilə fransız dilində danışıram. Məsləhətlər verirlər ki, işlərimi sadələşdirsinlər. Düzdür, edə biləcəyimin 100 faizini vermirəm, amma bacardıqlarımı həyata keçirmək məndən asılıdır. Ümid edirəm ki, komandaya hədəflərinə çatmaqda kömək edəcəm”.

Azərbaycanla bağlı təəssüratlarını bölüşən “Birbaşa Bakı”nın legioneri “Qarabağ”ı tanıdığını deyib:

“Azərbaycan məni həqiqətən təəccübləndirdi, çox gözəl ölkədir. Azərbaycan yeməklərini sevirəm (gülür). Ölkə futbolunu izləmirəm, yalnız “Qarabağ”ı tanıyıram. Çünki orada dostlarım var. Abdullah Zubirin qardaşı mənimlə eyni futzal klubunda oynayıb. Düşünürəm ki, Azərbaycanda çempionat getdikcə yaxşılaşır, çünki “Qarabağ” ildən-ilə inkişaf edir. Futbol oynamağı sevirəm. Üstəlik, Azərbaycan minifutbolu standartdır. Biz Fransada da bu şəkildə oynamağı sevirik. “Birbaşa Bakı” futbol və futzal oyunçularının sintezindən formalaşdırılmış ən yaxşı komandalardan biridir”.

Qeyd edək ki, "Birbaşa Bakı" Çempionlar Liqasında "BKMK Brno" (Çexiya), "Nottingem Livorno" (İtaliya) və "Orteqa Tvins Malaqa" (İspaniya) komandaları ilə eyni qrupda yer alıb. Oyunlar sentyabrın 5-6-da Polşanın paytaxtı Varşavada gerçəkləşəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
far.az

1Mənbələr