AZ

Aqil Əsədov: Kəlbəcər beynəlxalq və yerli turizm mərkəzinə çevriləcək

Aqil

Bakı, 3 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə hər səfəri doğma torpaqlarımızın çiçəklənməsi, erməni vandalizmindən azad edilmiş ərazilərin potensial imkanlarından səmərəli istifadə olunması istiqamətində tarixi hadisəyə çevrilir. Prezidentin ötən gün Kəlbəcər rayonuna səfəri də olduqca zəngin oldu. Kəlbəcərin abadlaşdırılması, füsunkar təbiətə, əsrarəngiz gözəlliyə, göz oxşayan fərqli relyefə malik şəhərin müasir memarlıq nümunələri ilə yenidən qurulması təbiət-cəmiyyət vəhdəti yaradır. Təbiətin bəxş etdiyi gözəlliklər dövlətimizin başçısının rəhbərliyi ilə aparılan yenidənqurma və abadlıq işləri ilə tamamlanır, daha cəlbedici mənzərə alır.

Bunu AZƏRTAC-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin Kəlbəcərdə görülən işlərlə tanışlığı, yerində verilən tapşırıqlar, rayonda açılışı edilən KSES-ları, bünövrəsi qoyulan yeni yaşayış məntəqələri bütün azərbaycanlıların, xüsusilə hər bir kəlbəcərlinin ürəyindən xəbər verən, sevincinə səbəb olan, bayram ovqatlı hadisələrdir.

“Prezident Kəlbəcərə budəfəki səfəri zamanı “İstisu” su istehsalı zavodunun açılışını da etdi. Müşahidələr, sosial şəbəkə mənzərələri də sübut edir ki, Kəlbəcərə gedə bilməyən milyonlarla insanın gözü yollarda, hamı marketlərdə “İstisu” axtarır, sanki “İstisu” 30 illik həsrətin odunu soyudacaq... Əslində isə axtarmağa dəyər... Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli Qaşqayın sözləri ilə desək: “...Kəlbəcər rayonundakı “İstisu” mineral su bulağı təbiətin gözəl hədiyyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqları ilə eynidir və bəzi xüsusiyyətlərinə görə dünyada yeganədir”. O cümlədən dövrünün körkəmli kimyaçı alimi E.E.Karstenski Kəlbəcər ərazisindəki mineral suları analiz etdikdən sonra “İstisu”yun müalicəvi əhəmiyyətini daha yüksək (hətta - Karlovı-Varıdan da yüksək) qiymətləndirmiş və müalicə ocağının təkcə bu əraziyə, bu regiona deyil, ümumilikdə Azərbaycana, dünyaya şöhrət gətirəcək bir mənbə olduğunu göstərmişdir”, - deyə A.Əsədov diqqətə çatdırıb.

Onun sözlərinə görə, bütün bunlar Prezidentin Kəlbəcərə səfər zamanı açılışını etdiyi “İstisu”yun yaxın gələcəkdə dünyada məşhur müalicə mənbəyi kimi ölkəmizə valyuta gətirən bir müəssisəyə çevriləcəyini ifadə edir. İlkin hesablamalara görə, gündəlik istehsal gücü 327 min butulka nəzərdə tutulan su istehsalı zavodu isə dövlət büdcəsinin gəlir mənbələrindən birinə çevrilməklə yanaşı, rayonun inkişafına da öz bəhrəsini verəcək.

Şöbə müdirinin fikrincə, hələ bir neçə il əvvəl, Kəlbəcərin işğal altında olduğu illərdə “İstisu”yun 0.5 litrlik butulkasının 1 dollara, 1 litrlik butulkasının isə 1,5 dollara satıldığına dair məlumatlar var idi. Təxmini hesablama ilə yalnız “İstisu” su istehsalı zavodunun gündəlik gəliri 327000*1.5 = 490500 manat təşkil edəcək ki, bu da aylıq 14,7 milyon manat deməkdir. Nəzərə alsaq ki, burada müasir tələblərə uyğun müalicə-istirahət kompleksi də tikilməkdədir, onda bu rəqəmin gələcəkdə dəfələrlə artacağı mütləqdir. Rayonun digər təbii-iqtisadi resurslarını, aqrar və turizm potensialını da nəzərə alsaq, Kəlbəcər rayonu nəinki özünü təmin edən, hətta büdcəyə gəlir gətirən bir rayon ola bilər.

“Dövlətimizin başçısı və birinci xanım səfər zamanı Kəlbəcər rayonunda tikilməkdə olan “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə də tanış olublar. 32 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 145 nömrə, eləcə də 10 kottec yaradılacaq. Eyni zamanda, kompleksdəki SPA Mərkəzində termal hamam, müalicəvi vanna, həkim otağı, o cümlədən müxtəlif müalicəvi hovuzlar, prosedur otaqları, təzyiqli su terapiyası, masaj, buxar, duz otaqları, istirahət zonaları, gözəllik salonu mövcud olacaq. Burada müxtəlif iaşə obyektləri - restoranlar, uşaq əyləncə mərkəzi, oyun otağı, sportskafe, karaoke otağı, kafeteriya da qonaqlara xidmət göstərəcək. Bütün bunlar, Kəlbəcəri özünü maliyyələşdirməklə yanaşı, büdcəyə gəlir gətirən bir rayona, beynəlxalq və yerli turizm mərkəzinə çevirəcək. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin “Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” ifadəsi də artıq reallıqdır”, – deyə o vurğulayıb.

A.Əsədov əlavə edib ki, Kəlbəcərdə və digər işğaldan azad edilmiş ərazilərdə fasiləsiz olaraq həyata keçirilən tədbirlər, aparılan tikinti-quruculuq işləri bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Bizim sözümüzlə əməlimiz heç vaxt fərqlənmir. Yəni, nəyi deyiriksə, onu da edirik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
azertag.az

1Mənbələr