AZ

Sosial şəbəkələrdə satışı qadağan avtomobil aksesuarlarının "qızğın bazarı" açılıb....

Image

Avtomobil sahibləri maşınlarına əlavə avadanlıqlar qaraşdırır. Bəzi sürücülər müxtəlif səs siqnallarını, sayrışan işıqları, nömrə gizlədən qabları və səsboğucuları idarə etdikləri nəqliyyat vasitəsinə quraşdırır. 

Qeyd edək ki, bu avadanlıqların maşına quraşdırılması qanunla qadağandır. Buna baxmayaraq, sosial şəbəkələrdə avtomobilə quraşdırılması qadağan edilən avadanlıqlar açıq şəkildə satılır. Satış onlayn şəkildə həyata keçirilir. Hətta bəzi avadanlıqların gətirilməsi üçün beh də tələb edilir.

Məlumat üçün bildirək ki, sayrışan işıqların qiyməti 25-250 manat, siqnalların qiyməti isə 700-2500 manat arasında dəyişir.

Baş Dövlət Yol Polisi İdarəsi: “Avtomobildə bəzi avadanlıqların istifadəsi qanunla qadağandır” 

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) “Bakı-Xəbər”ə bildirildi ki, qeyd edilən avadanlıqların istifadəsi qanunla qadağandır. İdarə tərəfindən bu ləvazimatlardan istifadənin qarşısını almaq üçün mütəmadi olaraq tədbirlər görülür: “İstifadə edən şəxslərə müəyyən məbləğdə cərimə tətbiq olunur”.

Hüseyn Axundov: “Sayrışan işıqların avtomobillərə quraşdırılması inzibati xəta tərkibi yaradır və bunu edənlər…” 

Hüquqşunas Hüseyn Axundov “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, sayrışan işıqların avtomobillərə quraşdırılması inzibati xəta tərkibi yaradır və bunu edənlər təbii ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılır: "Sayrışan işığı quraşdıranlar bilməlidir ki, avtomobilin qəflətən alışma ehtimalı var.Həmçinin, yüksək tonlu, çoxavazlı, səsi artırıb azaldan sirena və ya musiqi səsli siqnalların avtomobillərə tətbiq edilməsi və onlardan istifadə edilməsi qanunla tənzimlənir.  Buna baxmayaraq, bəzi şəxslər sosial şəbəkə üzərindən satışı qadağan olunan maşın hissələrinin satışını həyata keçirir. Aidiyyəti qurumlar həmin səhifələri nəzarətə götürməli və onlarla bağlı tədbir görməlidir”.

Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, maşınlara quraşdırılan əcaib, yüksək səs siqnalları insanların istirahət hüququnu pozur, onların səhhətinə, psixoloji durumuna mənfi təsir göstərir. Həmin hərəkət isə bilərəkdən, qəsdən edilir. Həmin siqnallardan istifadə olunması inzibati pozuntu olmaqla bərabər, xuliqanlıq cinayətinin də tərkibini yaradır: “Həmin səs siqnalları ölkəyə xaricdən gətirilir. Problemin kökünün kəsilməsi üçün həmin siqnalların ölkəyə gətirilməsinin qarşısı alınmalıdır. Müvafiq qurumlar həmin siqnalların ölkəyə keçirilməsinin qarşısının alınması istiqamətində ciddi mübarizə aparmalıdır”. 

Günel CƏLİLOVA





Seçilən
97
baki-xeber.com

1Mənbələr