Portuqaliya Prezidenti Marselo Rebelo de Sousa siyasi baxımdan Avropada və dünyada bir dövrün bitmək üzrə olduğunu və dərin böhranla üzləşməli olacağını bildirib.
“Cebheinfo.az” xəbər verir ki, Rebelo de Sousa Aveiro şəhərində keçirilən Milli Gənclər Yığıncağının bağlanışında etdiyi çıxışda gənclərə "Avropa siyasi sistemlərinin yaşadığı dərin böhrana" qarşı xəbərdarlıq edib.
Portuqaliya Prezidenti "ABŞ seçkilərindən sonra kimin qalib gəldiyindən asılı olmayaraq, fərqli bir dünya olacaq. Rusiyada və ya Cənubi Afrikada, Braziliyada, Türkiyədə yüksələn güclərin mövqeləri eyni olmayacaq. Hindistan da eyni olmayacaq. Biz yeni tarixi dövrün başlanğıcındayıq”,- deyib.
"Noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq fərqli bir dövrə girəcəyik",- deyə Rebelo de Sousa bildirib. "Dünyada bir dönüş nöqtəsindəyik. Bir il yarım sonra nə olacağını bilmirik. Epidemiyanı idarə etməkdə və iqtisadi cəhətdən bərpa olunmaqda təsirlənən dünya Çindəki dəyişikliklərdən sonra artıq əvvəlki kimi olmayacaq”,-deyə o vurğulayıb.
Hər kəsin qeyri-müəyyənlik və gözlənilməzlik dövründə transformasiya və müharibələrin artdığını hiss etdiyini qeyd edən Portuqaliya Prezidenti bildirib:
“Avropada, Afrikada, Yaxın Şərqdə və dünyanın hər yerində sülh üçün mübarizə aparmağa ehtiyac daha böyükdür”.
Rebelo de Sousa "Avropa siyasətində dərin böhranın açdığı boşluqların bəzilərinin populist yanaşmalar kimi qiymətləndirdiyi yeni tendensiyaların yaranmasına səbəb olduğunu" bildirib:
"İndiyə qədər sistem İkinci Dünya müharibəsindən sonrakı dövr, Avropanın keçid dövrü üçün 20-21-ci əsrlər üçün nəzərdə tutulmuşdu. Lakin rəqəmsallaşmaya, enerji dəyişikliyinə, elmi və texnoloji inkişafa, mobilliyə, gənclərin tələblərinə və yaşlnmağa uyğunlaşa bilmədi”,- deyib.
"Avropa geridə qalıb. Avropanın zəngin olması müsbət amil olsa da, gənclərin üzləşdiyi problemləri pul həll etməyəcək",- deyən Portuqaliya Prezidenti bəyan edib ki, Avropa hələ də iqlim dəyişikliyi ilə mübarizə, miqrasiya və qaçqın axını ilə mübarizəyə rəhbərlik edir, lakin hər şeyə baxmayaraq, bunlarda da sürətini itirib.