AZ

Səs və görünüş oxşarlığına görə müğənnilərin qazancına şərik çıxanları cəza gözləyir? - Vəkil AÇIQLADI

Son zamanlar bəzi məşhur simaların, xüsusilə də müğənnilərin bənzərlərinin görüntüləri ilə qarşılaşırıq. Həmin şəxslər özlərini məşhur adlara bənzədərək və ya oxşarlıqlarından istifadə edərək məclislərdə, tədbirlərdə çıxışlar edirlər. Nəinki görünüş, səslər də çox zaman oxşar olur və ya sözügedən adamlar məşhurların ifalarından, səslərindən necə deyərlər, bəhrələnirlər.  Bu siyahıda Aygün Kazımova, Namiq Qaraçuxurlu, Xumar Qədimova, Röya və.s kimi məşhurları görə bilirik.

 

Maraqlıdır, şikayət olduğu təqdirdə, həmin şəxslərlə bağlı bənzərlik və səs faktoruna görə qanunla hansısa tədbirlər görülə bilərmi? 

 

Bununla əlaqədar Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə deyib ki, özünü kiməsə bənzətmək, kimisə parodiya etmək, yamsılamaq hər hansı məsuliyyətə səbəb olmur:

 

“Əgər məşhur müğənnilər səsləri, görünüşləri, imicləri, stilləri ilə bağlı hər hansı patent və müəlliflik hüququna sahib deyillərsə, digər şəxslərin özünü onlara bənzətməsinə qanunvericiliklə yol verilir. Belə ki, kütlələr hər zaman məşhur simalara oxşamağa, onları yamsılamağa, onlara bənzər həyat yaşamağa meyillidir. Bu da təbiidir. Maykl Ceksonun, bəlkə, mindən çox bənzəri var. Bu bənzərlik tək görünüşdə deyil, həmçinin onun ifasında və etdiyi rəqslərdə ifadə oluna bilər. Onlar hətta bu yolla yaxşı pul da qazanırlar”.

 

Vəkil bildirib ki, məşhur müğənnilərin, bəstəkarların mahnısının sözləri və musiqisi oğurlanırsa, kliplərinin pirat satışı həyata keçirilirsə, o, bununla bağlı hüquq çərçivəsində tədbirlər görə bilər:

 

“Məsələn, Aygün Kazımovanın hansısa bəstəkardan aldığı, müəlliflik hüququ həmin bəstəkara məxsus bir mahnıya həmin bəstəkardan və ifaçıdan icazə almadan,  Aygün Kazımovaya bənzəyən şəxs tərəfindən klip çəkilərsə və bunu məsələn, “Youtube”da yayımlayarsa, o məsuliyyətə cəlb edilə, bununla bağlı maddi və mənəvi ziyanın əvəzi üçün məsuliyyət daşıya bilər”.

 

Günay Rəsulqızı

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
50
sfera.az

10Mənbələr