Sosial şəbəkələrdə bəzi avtobus sürcülərinin öz zolaqları boş olduğu halda digər zolaqlarla hərəkət etməsinə dair görüntülər yayılıb.
Öz zolağı ilə hərəkət etməyən avtobus sürücülərini hansı cərimələr gözləyir?
Məsələ ilə bağlı DİN-in Baş DYP İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev “Operativ Media”ya açıqlama verib. O bildirib ki, bu hallar qayda pozuntusudur:
“Sərnişinlərin təhlükəsiz və vaxtında ünvana çatması üçün paytaxtın müxtəlif küçələrində avtobus zolaqları çəkilib. Digər nəqliyyat vasitələri avtobus zolaqlarına daxil olduqları halda cərimələnsələr də, zolaq ola-ola avtobus sürücüləri istədikləri halda digər nəqliyyat vasitələrinin yoluna çıxırlar. Bunu bəzən məcburiyyətdən etdiklərini bildirirlər.
Avtobus zolağı olduğu halda, həmin sürücülər digər nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqlarla hərəkət edirlər. Belə hallar müşahidə olunur.
Nəzərə almaq lazımdır ki, avtobus zolaqları 1.1 üfüqü nişanlanma xətti ilə digər zolaqlardan ayrılır. Avtobusun digər zolağa keçməsi, istər-istəməz həmin 1.1yəni düz xətt üfüqü nişanlanma xəttinin tələbinin pozulması deməkdir. Bu da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən 40 manat məbləğində cərimə deməkdir. Avtobus zolağından çıxdığı halda istəmədən qayda pozuntusu etmiş olur. Lakin bu, onun qanundan yayınmasına əsas deyil. Avtobus sürücülərinin belə məcburiyyət hallarında qalmamaları üçün zolaqlara ciddi nəzarət edilir”.
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, avtobus sürücülərinin digər nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqdan istifadə etməsi əksər hallarda qəza şəraiti yaradır:
“Bu cəmiyyətdə bəyənilməyən və birmənalı qarşılanmayan addımdır. Digər nəqliyyat vasitələri tərəfindən avtobus zolağı zəbt olunduqda cərimə yazılır. Bu cərimə isə 100 manat və 2 bal olaraq nəzərdə tutulur. Amma avtobus zolaqlarından özlərinin istifadə etməməsi, bunun sosial şəbəkələrdə paylaşılması təəssüf doğurur. Çünki avtobus zolaqlarının kifayət qədər eni mövcuddur. İki avtobus yanbayan getsə belə, biri digərinin hərəkətinə mane olmur. Avtobus sürücüsünün öz zolağından çıxaraq, digər nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqdan istifadə etməsi əksər hallarda qəza şəraiti yaradır. Bu hal qəza şəraiti riski qrupuna aid olunmalıdır. Bunun qanunvericilikdə cəriməsi də nəzərdə tutulub. Həmin sürücülərin inzibati dərəcədə maarifləndirilməsinə ehtiyac var. Cərimə hər zaman tətbiq edilə bilər. Çünki avtobus zolaqlarının olduğu halda digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmaq qanun pozuntusudur.
Zolaqlardan istifadə edilmədiyinə görə, avtobus sürücülərinin vəsiqəsinin ləğv edilməsi ağır cəza olar. Bu kimi cəzaların verilməsini tövsiyyə etmirik. Sürücü məsuliyyətli olmalıdır. Onu bu qayda pozuntusuna sövq edən amil nədir? Nə üçün avtobus sürücüsü öz zolağından kənara çıxaraq həm özünün, həm də sərnişinin həyatını riskə atır? Bunun səbəbini tapmaq lazımdır.
Qaldı ki, avtobus sürücülərəinə verilən 40 manat cəriməyə bu hər zaman yazıla bilər. Cərimənin məbləği önəmli deyil. 100 və ya 40 manat cərimədən asılı olmayaraq, əsas vətəndaşın təhlükəsizlik məsələsidir".
Gülcahan Məmmədova