AZ

Dünya rekordunu qıran Lamiyənin atası: “Mehriban Əliyevanın təbrikini görəndə...”

"Bu dəfə qazandığı nailiyyət bizi çox sevindirdi.  Keçirdiyim sevinc hislərini sözlə ifadə edə bilmirəm. Qızımızla qürur duyuruq, onunla fəxr edirik".

Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycana qızıl medal qazandıran paratletimiz Lamiyə Vəliyevanın atası Rövşən Vəliyev deyib. 

R.Vəliyev öz hiss və duyğularını bölüşüb:

"Bütün xalqımız onunla fəxr edir. Sağ olsun, Vitse-prezident Mehriban xanım Əliyeva da təbrik etdi, bu təbriki görəndə daha da qürurlandıq, fəxr hissi keçirdik. Lamiyə çox çalışqan qızdır, çalışqan idmançıdır. Qızımdır deyə demirəm, həqiqətən məqsədə çatmaq üçün vuruşan biridir. Qarşısına məqsəd qoydusa, ona çatmalıdır. Biz valideynləri kimi onun yanında oluruq". 

O bildirib ki, Lamiyə Vəliyeva bu qələbəyə inanırdı: 

"İdmanda hər şey olur. Lamiyənin özü də bu düşüncə ilə hərəkət edir.  Lamiyədən necə olacağını soruşanda deyirdi ki, mən nəyə layiqəmsə, onu da qazanacağam. Layiq olduğunu qazandı". 

Qeyd edək ki, Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan paratletimiz Lamiyə Vəliyeva T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda finişə 11.76 saniyəyə birinci çataraq qızıl medal qazanıb. 

Həmçinin Lamiyə Rio-2016 Paralimpiadasında 11,79 saniyə nəticə ilə ən yaxşı göstəriciyə malik olan Leilia Adjametovanı (Ukrayna) qabaqlayaraq yeni dünya rekordu müəyyənləşdirib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
cebheinfo.az

1Mənbələr