AZ

Xarici universitetlərdən məzun olmaq çətindir?

Ali təhsil almaq üçün xaricə üz tutan gənclərin sayı ildən-ilə artır. Lakin müşahidələr onu göstərir ki, xarici universitetlərə qəbul olunan bir sıra namizəd təhsilini başa vurmaqda çətinlik çəkir.

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmovun sözlərinə görə, universitetin giriş qapısı geniş, çıxış qapısı dar olmalıdır:

 

“Xaricdə də universitetlər reytinqə görə sıralanır. Dünyanın bütün ölkələrində yüksək, orta və aşağı keyfiyyətli universitetlər var. Bu isə təhsilin çətin və ya asanlığına təsir edən amildir. Ancaq ümumi düşüncə budur ki, universitetin giriş qapısı geniş, çıxış qapısı dar olmalıdır. Yəni universitetə hər bir halda giriş asan, məzun olmaq isə çətin olmalıdır. Ona görə də universitetlər tələbələrə yeni səriştələr qazandırmağa çalışır.

 

Seçilən ali məktəb həqiqətən də yüksək rəqabət ilə tələbələrin gəlib çıxdığı bir universitetdirsə, onda tələbəni daha az insanın qazana biləcəyi mürəkkəb səriştələr ilə təchiz edir və belə universitet çətin universitet olur”.

 

Həmsöhbətimiz vurğulayıb ki, tələbələr daim öz üzərində işləməlidir və tələbəlik dövrünü həm akademik, həm sosial yöndən inkişaf istiqamətində davam etdirməlidir:

 

“Məsələn, mənim təhsil aldığım Türkiyənin Orta Doğu Texniki Universiteti (ODTÜ) Türkiyənin ən çətin və keyfiyyətli universitetlərindən biridir.

 

Hətta Stenford Universitetinin məzunları ODTÜ-nün daha çətin olduğunu qeyd edirdilər. Tələbələr bunu bilməlidirlər ki, uğur təsadüf deyil, uğur hekayələrində də olduğu kimi sadəcə özünə inanmaqla mümkün olmur. Uğur əzm, zəhmət və cəfa tələb edir. Uğur dağın, təpənin zirvəsidir və oraya əl cibdə çıxmaq mümkün deyil. Əl cibdə çıxılan yer uğur deyil, ötəri bir uğur parıltısı ola bilər.

 

Tələbələr daim öz üzərində işləməlidir və tələbəlik dövrünü həm akademik, həm sosial yöndən inkişaf istiqamətində davam etdirməlidirlər. Universitet dərsləri ilə kifayətlənməməli, dil və İKT bacarıqlarına xüsusi diqqət yetirməlidirlər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
azedu.az

1Mənbələr