Dünyaya bəşəriyyətin ən mistik adamının gözü ilə baxa bilmək fürsətini qaçıra bilməzdim. Bunun üçün əlimi cibimə salıb 18 dollarımdan keçdim və xəyalən dünyanın ən məşhur küçələrinə yollandım. Nələr gördüyümü soruşsanız, içində batdığım bir aləm duyğu dənizi... Müharibəni, sülhü, etirazı, inadkarlığı, əzmi, sədaqəti, aclığı və səfaləti, acizliyi, bəzən də ümid və inam gördüm o gözlərdə. İncəsənət aşiqlərini təəccübləndirmək qəliz olsa da, qəhrəmanım binaların boz divarlarını incəsənət nümunələrinə çevirməklə ad qazanıb. Özünüifadə yolunu kətanda yox, divarlarda tapmasının əsaslı səbəbləri də var. Benski ləqəbli məşhur küçə rəssamı hesab edir ki, qraffiti sənəti dünyanın ən dürüst, ən demokratik alt mədəniyyətlərindən biridir. Bu, insanlara fikirlərini azad demək imkanı təqdim edir. Eyni zamanda cəmiyyət sosial, siyasi və digər önəmli mesajları qraffiti dili ilə daha rahat həzm və qəbul edə bilir. Odur ki, əlavə hay-haray salmağa gərək duymayan Benski illərdir özünü gizlədərək çəkdiyi əsərlərində dünyanın siyasi prosesini lentə alır. Və onun elə bir rəsm əsəri yoxdur ki, dünya mediasına sensasiyaya səbəb olmasın.
Publika.az Benskinin Budapeştdə keçirilən “Benski dünyası və küçələr bir kətandır” adlı rəsm sərgisindən reportajı təqdim edir.
Ulduz statusu və şöhrəti olan bir ruh!
Benski 30 ildir hazırladığı trafaretlərlə küçə sənətini geniş ictimaiyyətin gözündə əhəmiyyətli səviyyəyə qaldırmaqla bütün dünyanın tanıdığı, lakin heç kimin bilmədiyi və görmədiyi bir dahini təmsil edir. Görünən odur ki, görünməzliyə bürünən sənətçinin şan-şöhrətin dəbdəbəsini qəbul etmək niyyəti yoxdur.
Benksinin şəxsiyyəti, kimliyi haqqında heç kim heç nə bilmir. Necə göründüyünə dair əldə heç bir foto və fakt yoxdur. O, dünyanın indiyə qədər gördüyü ən məşhur və ən sirli qraffiti rəssamıdır! Sənətkar haqqında sadəcə Londonda yaşadığı və əslən Bristoldan olduğu iddiaları irəli sürülür. Onun kim olduğunu heç kim bilməsə də, üzərində “Bu cəfəngiyyatı almağınıza inana bilmirəm, axmaqlar” sözləri yazılmış çərçivəli əsəri yüz minlərlə funta satıla bilər. Bütün bu hadisələr Benksinin özünü hər keçən gün əsərlərindən daha maraqlı edir. “Time” jurnalının yazdığına görə, dünyanın ən ilhamverici sənətçilərindən biri olan Benksi gündəlik həyatın bir parçası kimi təqdim etdiyi sistem əleyhinə əsərlərində aydın mesajlar verməklə dünya insanını daha tənqidi düşünməyə və mübarizəyə səsləyir. Siyasi həssaslığı və insan haqlarına yanaşmasına görə, onu uşaqlıqdan bəri pərəstiş etdiyi Robin Qud personajına bənzədirlər.
Əsərləri milyonlarla dollara satışa çıxarılan rəssamın sərgisində gördüklərim haqqında
Tədbirin açılışı mayın 3-də baş tutsa da, həm yerlilər, həm də turistlər 4 aydır davam edən sərgidə rəssamın reproduksiya kolleksiyasına böyük maraq göstərirlər. Budapeştdə, Kirali küçəsindəki KOMPLEX tarixi mədəniyyət abidəsindəki sərgi salonu bu günə qədər ziyarətçi sarıdan korluq çəkmir və onun məşhur əsərləri önündə dayanıb şəkil çəkdirmək üçün hər kəs növbəyə düzülməli olurdu. Bəzi tənqidçilər Benskinin qraffitilərini sadə və populist adlandırsa da, onun sənət əsərləri ilə qarşılaşanda anladım ki, yaratdığı hiss və həyəcan inkarolunmazdır. Orijinallar ictimaiyyətə daha açıq olsa da, təsiredici reproduksiyalara da heyran qalmamaq olmurdu. Ümumilikdə sərgidə rəssamın 100-dən çox unikal əsəri nümayiş olunurdu.
Görkəmli sərgilərin nümayişi ilə məşhur olan eksklüziv kompleksinin həm aşağı, həm də yuxarı mərtəbəsi sənətçinin əsərləri ilə bəzədilmişdi. Binanın kərpic divarları Benski sənətinin üslubu ilə mükəmməl uyğunlaşan orijinal fon təqdim edirdi. Sərgi salonundakı ab-hava həqiqətən unikal idi, LED işıqlandırma isə məkana əlavə dərinlik və dinamizm qazandırırdı. Bu təsirli binanın unikal memarlığı sərginin ictimaiyyətdə daha çox maraq oyandırmasına əhəmiyyətli dərəcədə töhfə verir və bütün ziyarətçilərə cəlbedici emosiyalar təqdim edirdi.
“Benski dünyası və küçələr bir kətandır” adlı sərgi bu sənət dahisinin mesajını uzaqlara getmədən daha geniş auditoriyaya çatdırır. Burada siz Benksinin ən məşhur küçə sənət əsərlərinə tamaşa edə və onun müharibə, imperializm, sülh, acgözlük, yoxsulluq, kapitalizm və ikiüzlülük kimi siyasi mövzuları araşdırdığını başa düşə bilərsiniz. Əgər rəssamın sərgidən böyük pullar qazandığı düşünürsünüzsə, yanılırsınız. Belə ki, sərgiyə Benskinin əsərlərinin reproduksiyaları daxildir və onun keçirilməsinə dair rəssamın özündən heç bir xeyir-dua və icazə almayıb. Bəs Benksinin özü bu kimi kommersiya layihələri haqqında nə düşünür? İddia olunur ki, sənətçi sərginin keçirilməsinə qarşı olsa da, sadəcə olaraq etiraz edə bilmir, əks halda onun anonimliyini riskə atmaq olar. Bəziləri isə bu cür sərgiləri ixtiraçı rəssamın yeni oyunu kimi qiymətləndirir. Yeri gəlmişkən, təşkilatçılar belə fərziyyələri nə təsdiq, nə də təkzib etmək istəyirlər.