““Üzr” sözünün mənalarından biri “islah” deməkdir. Yəni insan xətasına görə üzr istəyir. Televiziyada, radioda məşhurlar həyat yoldaşından və ya hamiləlikdən danışanda “böyüklərdən üzr istəyirəm” deməklə guya mədəni olduqlarını nümayiş etdirirlər, amma bunun mənası “evləndiyimə görə xətamı bağışlayın” deməkdir. Hamiləlik qadın üçün xarakterik olan təbii haldırsa, bundan insan niyə üzr istəməlidir? “Hamiləyəm” deməyə utanan xanımın “övladıma ana olmağa hazırlaşıram” deməsi daha mədəni səslənmir ki? Bu cür danışıqla insan öz cahilliyini nümayiş etdirir...”
Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış psixoloq Samirə Bağırova deyib.
Psixoloq bildirib ki, indi hər şey çox adiləşib: “Utancaqlıq belə psixoloji sindrom kimi qarşılanır. Tələbə xanım deyir ki, mən yeni tanıdığım biri ilə söhbət edərkən yanaqlarım qızarır, utanıram, bunu necə aradan qaldıra bilərəm? Utanmaq özü sindromdur. Millət olaraq əxlaqla sindromu ayırd edə bilmirik. Çoxumuz mədəniyyətli olmağa çalışırıq, amma mədəni deyilik. Əslində, hər bir davranış aşırı şəkildə təkrar olunduğu təqdirdə problem hesab olunur. Üzr istəmək ədəb qaydasıdır. Yerli-yersiz üzr istəmək isə özünə dəyərin aşağı olmasından və başqalarının sənin haqqında fikrinə görə narahat olmaqdan qaynaqlanır. Dədə-babalarımız tərbiyəni avtoritarlıq üsulu ilə yönləndirdiyindən xalq olaraq bu, artıq bizim genetikamıza işləyib və istənilən sahədə avtoritarlıq hiss olunur. Psixologiyada elə ailə modelləri var ki... Ölkəmizdə 1-ci sırada avtoritar ailə modeli durur. Biz harada, hansı vəziyyətdə necə danışmaq lazım olduğunu bacarmırıq. Guya mədəni görünmək üçün çalışırıq, amma batırıq. Çünki kitab oxumuruq. Mədəniyyət insanın düşüncə tərzidir. Düşüncəsi isə onun xarakteri və həyat tərzidir. Bu da insana mütaliə ilə gəlir. Ölkəmizdə hamı savadlı olmağa çalışır, amma mədəni olmaq üçün savada ehtiyac yoxdur. Kitab mütaliəsi çox aşağı səviyyədədir...”
Aytəkin Qardaşova