Fransa ilə İngiltərə arasındakı La-Manş boğazını keçməyə çalışan qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 12 nəfər həyatını itirib.
Fransa Dəniz Administrasiyası 50-dən çox qeyri-qanuni miqrantı daşıyan qayığın ölkənin La-Manş boğazı sahilindəki Bulon-sur-Mer sahillərində batdığını açıqlayıb.
Ölkənin daxili işlər naziri Cerald Darmanin rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda qəza nəticəsində ilkin məlumatlara görə 12 nəfərin öldüyünü, itkin düşən 2 miqrantın tapılması istiqamətində axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
C.Darmanin həmçinin hadisə nəticəsində çox sayda adamın yaralandığını və La-Manş boğazı sahilindəki Pas-de-Kale əyalətinin səlahiyyətliləri ilə görüşəcəyini vurğulayıb.
Məlumata görə, batan qayıqdakı qeyri-qanuni miqrantları xilas etmək üçün bölgəyə xilasedicilər göndərilib.
Qeyd edək ki, cari ilin əvvəlindən bəri 25 qeyri-qanuni miqrant La-Manş boğazını keçmək istəyərkən həyatını itirib.
Keçən il təxminən 30 min miqrant La-Manş boğazını keçərək Fransadan İngiltərəyə keçib. Britaniya və Fransa qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirmək barədə razılığa gəliblər.