Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov Paris-2024 Yay Olimpiya Oyunlarında uğurlu çıxışı ilə yadda qalan Qaşim Maqomedovu (58 kq) qəbul edib.
Taekvondo Federasiyasından Vətəninfo.az-a verilən məlumata görə, ATF rəhbəri ölkəmizi Fransa paytaxtında uğurla təmsil etdiyi üçün taekvondoçunu təbrik edib və yeni uğurlar arzulayıb.
O, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın digər sahələrində olduğu kimi taekvondonun da geniş populyarlıq qazandığını vurğulayıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğur qazanan idmançılarımızı xüsusi təbrik etməsi onları yüksək nəticələr göstərmələri üçün daha da həvəsləndirir.
K.Heydərov Qaşim Maqomedovun Olimpiadadakı çıxışını yüksək qiymətləndirərək, finaladək inamla irəlilədiyini, həlledici görüşdə zədəli halda belə dayanqdan çəkilmədiyini, əzmkarlıq nümayiş etdirdiyini deyib. Kəmaləddin Heydərov finalda zədə problemi yaşanmayacağı halda taekvondoçunun Olimpiya çempionu olacağına da inam ifadə edib.
Qaşim Maqomedovdan növbəti yarışlarda, xüsusilə 2028-ci ildə keçiriləcək Los-Anceles Yay Olimpiya Oyunlarında uğur gözlədiyini bildirib.
Qaşim Maqomedov və məşqçilər korpusu göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib, növbəti yarışlarda da Azərbaycan bayrağını daim ucalarda dalğalandırmaq üçün bütün gücləri ilə çalışacaqlarını diqqətə çatdırıblar.
Qeyd edək ki, Q.Maqomedov Paris-2024-də gümüş medal qazanıb.