2024-cü ilin ötən dövrü ərzində respublika üzrə 25140 heyvan dişləməsi faktı qeydə alınıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, bunlardan 13 907 hadisə məlum heyvanlar, 11 233 hadisə naməlum heyvanlar tərəfindən olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin keçən dövrü ərzində heyvan dişləməsinə məruz qalanların sayı 430 nəfər azalıb (2023-cü ilin müvafiq dövründə müraciətlərin sayı 25 570 nəfər olub). Heyvan dişləməsinə məruz qalanların quduzluğa qarşı antirabik vaksinlə əhatə olunması təmin edilib. Hazırda tibb müəssisələrində kifayət qədər antirabik vaksin var.
Qeyd edək ki, cari ilin ötən dövrü ərzində insanlar arasında quduzluq hadisəsi qeydə alınmayıb.
Azərbaycanda sahibsiz itlərin insanlara hücumları ilə bağlı tez-tez xəbərlər yayılmaqdadır. Bununla bağlı sakinlər İllərdir şikayətlər etsələr də, ərazidə heç bir tədbir görülmür.
Maraqlıdır, buna səbəb nədir? Hansı vacib addımlara ehtiyac var?
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Mətanət Məmmədova deyib ki, sahibsiz itlərlə əhali arasında yaşanan problemlər günü-gündən artmaqdadır:
''Göstərilən statistika say etibarı ilə dəhşətlidir. Bir neçə il öncə sahibsiz heyvanların saxlanılması üçün xilasetmə və sığınacaq mərkəzi yaradıldı. Təbii ki, bu addım alqışalayiqdir. Çox təəssüf ki, adiyyatı qurumlar öz işlərinin günün tələblərinə uyğun qura bilmədiklərinə görə, sahibsiz itlərlə sakinlər arasında problemlər yaranır. Beləki sahibsiz itlər sübh tezden işə gedənlər və gecə vaxtı qayıdanlara təhlükə yaradır. Yırtıcı itlər şəhərin mərkəzində bir o qədər olmasa da ətraf ərazilərdə toplaşırlar. Elə işıqsız küçələr var ki, orada heyvanlar insanlara hücum edirlər. Hətta, rayon yerlərində bununla bağlı dəhşətli faktlar var. Sahibsiz itlərin sayı günü-gündən artmaqdadır. Onların qarşısı alınmadığı təqdirdə insanların həyatı təhlükə altında qalır. Ona görə də verilən statistika adiyyatı qurumları hərəkətə keçirməlidir. Əhalinin təhlükəsizliyi naminə müəyyən tədbirlər görülməlidir. Ümumiyyətlə, sahibsiz heyvanların saxlanma mərkəzi mövcuddur. Sual yaranır. Bəs, sahibsiz itlər həmin mərkəzlərə niyə yerləşdirilmir? Ümid edirəm ki, bu problem yaxın vaxtlarda öz həllini tapar".