AZ

Azərbaycanlı böyük tibb bacıları Ankara Universitetində təcrübə keçir

Ankara, 4 sentyabr, AZƏRTAC

Ankara Universiteti Azərbaycanın səhiyyə sisteminin inkişafına dəstək məqsədilə “Tibb bacısının səviyyəsinin yüksəldilməsi proqramı”na start verib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) bu proqramın həyata keçirilməsinə fəal dəstək verir.

“Tibb bacısının səviyyəsinin yüksəldilməsi proqramı” Azərbaycan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Ankara Universiteti arasında imzalanmış əməkdaşlıq Protokolu əsasında hazırlanıb və onun icrası Türkiyənin bu universitetinin Tibb bacısı fakültəsinə həvalə edilib.

Təşəbbüs çərçivəsində Azərbaycanın müxtəlif tibb müəssisələrindən 15 böyük tibb bacısı Türkiyə paytaxtına gəlib.

Proqramın açılışında çıxış edən Ankara Universitetinin rektoru Necdet Ünüvar qardaş ölkələr arasında müxtəlif istiqamətlərdə, o cümlədən tibb sahəsində təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Rektor bildirib ki, son dörd ildə Ankara Universiteti qardaş Azərbaycanın tibb müəssisələri ilə təcrübə və bilik mübadiləsi aparır. O əlavə edib: “Keyfiyyətli səhiyyə” sözünü eşidəndə, ilk növbədə, ağlınıza peşəkar, təcrübəli tibb işçiləri gəlir. Söhbət təkcə həkimlərdən deyil, həm də tibb bacılarından, texniki heyətdən və başqalarından gedir. Onların işində peşəkarlıq çox önəmlidir. Əks halda, uğurlu tibbi xidmət və müalicə zənciri qurmaq mümkün deyil”.

N.Ünüvarın sözlərinə görə, koronavirus pandemiyası zamanı Türkiyə güclü tibbi xidmətlər zəncirini qura və sınaqdan keçirə bilib. “Yüksəkixtisaslı kadrlara və yaxşı texniki bazaya sahib ola bilərsiniz, lakin tam uğur qazanmaq üçün siz həm də düzgün təşkilati sxem qurmalısınız. Türkiyə bütün bunlara nail olub və öz təcrübəsini dost və qardaş ölkələrlə bölüşməyə hazırdır. Biz Azərbaycanın səhiyyə sisteminin uğurlu inkişafına verdiyimiz töhfədən məmnun qalacağıq”, -deyə rektor bildirib.

Daha sonra çıxış edən Ankara Universitetinin Tibb bacısı fakültəsinin dekanı, professor Ayfer Tezel “Tibb bacısının səviyyəsinin yüksəldilməsi proqramı”nın diqqətlə hazırlandığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycandan olan tibb bacıları nəzəri biliklərlə yanaşı, paytaxtın İbn Sina və Cebeçi adına xəstəxanalarında praktiki kurs keçəcəklər. “Böyük tibb bacısı vəzifəsi təkcə geniş klinik bilik və bacarıqlar deyil, həm də effektiv rəhbərlik, işin qurulması üçün aydın baxış və strategiya tələb edir”, -deyə Tezel vurğulayıb.

Dekan ümidvar olduğunu bildirib ki, sentyabrın 13-dək davam edəcək təlim proqramı Azərbaycanda xəstələrə xidmətin keyfiyyətinin yüksəldilməsinə və tibbi xidmətlərin davamlılığına kömək edəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
76
azertag.az

1Mənbələr