Məlumdur ki, dünən Ali Təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta ( 11 illik) orta təhsil bazasında kolleclərə qəbul nəticələri elan olundu. Müşahidələr onu göstərir ki, bu il univeristetlərlə yanaşı, kolleclərdə də keçid balları xeyli artıb.
Bəs, görəsən, kolleclərə keçid balları növbəti illlərdə də artmağa davam edəcək?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, növbəti il kolleclərə keçid balları abituriyentlərin nəticələri əsasında formalaşacaq:
“Qəbul imtahanlarında sualların asan və çətinliyindən asılı olaraq ballar qalxır yaxud da enir. Məsələn ötən il I ixtisas qruplarının blok imtahan sualları çətin idi. Məhz ona görə də həmin il I qrup üzrə keçid balları endi. Həmçinin Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanları bu il sadə idi. Bunu imtahan iştirakçıları və müəllimlər də təsdiq etdi. Hətta buna imtahandan maksimum bal toplayanların rekord sayda olması bir nümunədir. Buraxılış imtahanının asan olması, ixtisas qrupları üzrə keçid ballarının artması ilə nəticələndi.
V ixtisas qrupu və kolleclərə qəbul buraxılış imtahanı əsasında aparıldığı üçün kolleclərə qəbul balları kəskin artdı. Ancaq bu, o demək deyil ki, balların qalxması abituriyentlərin savadlılıq səviyyəsinin yüksək olmasından xəbər verir. Bu il gördük ki, buraxılış imtahanından yüksək bal toplasa da, qəbul imtahnından müsabiqə şərtlərini ödəyə bilmədiyi üçün ali məktəbə qəbul olmayanlar say çoxluğu təşkil edir. Artıq onlar məcbur qalıb kolleclərə müraciət edirlər. Həmin yüksək bal toplayan abituriyentlərin kolleclərə müraciət etməsi də keçid ballarının artmasına səbəb olacaq”.
Müsahibimiz son olaraq qeyd edib ki, növbəti il kolleclərə keçid ballarının artması DİM-in sual tərtibatından asılıdır.