Azərbaycan dövlət xadimi, diplomat və yazıçı, şair-dramaturq Hidayət Orucovun 80 yaşı tamam olur. Yubilyar 5 sentyabr 1944-cü ildə Qərbi Azərbaycanda, Meğri rayonunun Maralzəmi kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirən H.Orucov bir müddət kənddə müəllim, daha sonra “Sovet Ermənistanı” qəzetində ədəbi işçi işləyib. 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunan yazıçı fasiləsiz olaraq on altı il – 1984-cü ilədək Azərbaycanın bu qədim şəhərində teatr ocağına rəhbərlik edib.
Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik edib, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs deyib. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həmin dövrdə təkcə İrəvanın deyil, indi Ermənistan adlandırılan Oğuz ellərinin milli ədəbi-mədəni mühitində canlanma yaranıb, Qərbi Azərbaycanda onlarla şair və nasirlərin kitabları İrəvanda işıq üzü görüb, “Ədəbi Ermənistan” məcmuəsi nəşr olunub. Hidayət Orucovun həyatının İrəvan dövründə poeziya, publisistika, nəsr, tərcümə kitabları nəşr edilmiş, pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə qoyulub. Ədəbiyyatın və incəsənətin inkişafındakı xidmətlərinə görə ona 1978-ci ildə Ermənistan SSR əməkdar mədəniyyət xadimi fəxri adı verilib. Yeri gəlmişkən, yazıçı Hidayət 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soydaşlarımızın deportasiya və soyqırımı siyasətinə etiraz olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina edib.
1984-cü ildə Bakıya köçərək “Gənclik” nəşriyyatının baş redaktor müavini (mart 1984 — mart 1986), sonra baş redaktoru (1986–1992-ci illər) vəzifələrində işləyib. Bu illərdə “Gənclik” nəşriyyatında böyüməkdə olan nəsillər üçün dəyərli kitablar, o cümlədən Azərbaycan klassik ədəbi irsi, flokloru, tarixi keçmişi sistemli şəkildə nəşr edilib yayılmışdır. “Gənclik” nəşriyyatında onun baş redaktor olduğu müddətdə 50 cildlik “Dünya Uşaq Ədəbiyyatı Kitabxanası”nın nəşri Azərbaycanın kitab mədəniyyəti tarixində mühüm bir hadisədir. Hidayətin təşəbbüsü və rəhbərliyi ilə 15 cildlik “Azərbaycan folklore”, 25 cildlik “Macəra və fantastika”, 17 cildlik “SSRİ Xalqları Ədəbiyyatı” kitabxanalarının, bir sıra mühüm seriyaların nəşrinə də həmin illərdə başlanılıb.
1991-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi kimi yüksək qiymətləndirilmiş H.Orucov Azərbaycanın müstəqilliyi dövründə müxtəlif vəzifələrdə çalışıb. Belə ki, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, 1993-2005-ci illərdə Azərbaycan Respublikası Milli məsələlər üzrə Dövlət müşaviri, 2006-2012-ci illərdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışan H.Orucov 2012-2021-ci illərdə Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Qərbi Azərbaycanda Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının inkişafı, varlığı uğrunda yorulmadan çalışan H.Orucov 1968-1984-cü illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru olub.
Yazıçı Hidayət ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mənəvi dəyərlərimiz barədə eyni zamanda tarixi keçmişimiz, türk xalqlarının deportasiyası və soyqırımına, yaşadığımız günlərin problemlərinə həsr olunmuş 150-dən çox məqalənin, publisist qeydlərin müəllifidir. Onun “Heydər Əliyev və Azərbaycanda milli siyasət” monoqrafiyası ingilis, rus, gürcü, türk, ərəb, qırğız dillərində də nəşr olunub.
Pyesləri hal-hazırda Azərbaycanda və xaricdə böyük teatrların səhnələrində uğurla oynanılır. Elə yay mövsümündə İrəvan Dövlət Azərbaycan Dram Teatrının repertuarında yazıçının “İrəvanda yanan çıraq” əsəri, birhissəli mistik tarixi dramının yüksək səviyyədə premyerası oldu. Tamaşada Qərbi Azərbaycanımızla bağlı yanğı, tarixi torpaqlarımızın itkisindən doğan həsrət, niskil, təkzibolunmaz faktların əksini tapdığı məqamlar, həmçinin o yerlərə qayıdışımıza böyük inam əksini tapır. Kollektiv sözügedən tamaşa ilə payız mövsümündə yenidən tamaşaçılarla görüşə gələcək.
2004-cü ildə Prezidentin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülən Hidayət Orucov 2019-cu ilin iyul ayında 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Bundan əlavə, dəyərli yazıçımızın bir sıra yüksək mükafatları var. Eyni zamanda o, Qırğız Respublikası Prezidentinin “İpək Yolu” hədiyyəsi, Çingiz Aytmatov Beynəlxalq İctimai Akademiyasının akademiki, Çingiz Aytmatov adıına beynəlxalq “İssık-Kul Forumu”nun Fəxri Fərmanına layiq görülüb. Bundan əlavə, Gürcüstan Respublikasının “Ləyaqət” ordeni, Azərbaycan Prezidentinin Fəxri diplopmu və sair mükafatlarla təltif edilib.
Ailəlidir, üç övladı var.
Yazıçının 60-dan çox poeziya, nəsr, publisistika, tərcümə və s. kitabları nəşr olunub. Yazıçı Hidayətin xarici dillərdə nəşr olunmuş “Mən belə yaşayıram”, “Nura qovuşacağıq” (rus dilində), “İntizar”, “Sənsiz” (gürcü dilində), “Sabaha çox var” (Dağıstan dillərində), “Dağlar nəğməsi” (özbək dilində) və s. kitabları maraqla qarşılanıb. Ümumilikdə əsərləri otuzdan çox dilə çevrilib. Hidayət Orucovun “Məni səsləyəndə” (şeirlər və poema). İrəvan: 1970, “Məhəbbət qocalmır” (şeirlər və poemalar), “Bir az gözləyin məni”. İrəvan,1975, “İrəvanda xal qalmadı”- İrəvan, 1984, “Heydər Əliyev və Azərbaycanda milli siyasət” (Azərbaycan və rus dillərində). Bakı: Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2003, “İrəvana 7 məktub” (Azərbaycan və rus dillərində). Bakı: Əbilov, Zeynlalov və oğulları, 2004, “Burdan min atlı keçdi”. Bakı: Azərbaycan Milli Ensiklopediyası, 2004, “Mir Cəlal dünyasından sətirlər” (Azərbaycan və rus dillərində). Bakı: Əbilov, Zeynlalov və oğulları, 2006 və digər kitabları dünyanın bir sıra dillərinə tərcümə olunub.
Tərcüməçilik fəaliyyəti də yazıçı Hidayətin yaradıcılığının diqqətçəkən istiqamətlərindən biri kimi qiymətləndirilir. Onun qələmindən çıxmış ingilis, rus, island, türk, şotland, gürcü və s. xalqların ədəbiyyatından tərcümə etdiyi poeziya, nəsr, dram nümunələri XX əsrin 80–90-cı illərində ayrı-ayrı kitablar şəklində, antologiyalarda, dövri mətbuatda işıq üzü görmüş və böyük maraq doğurub. Bundan əlavə, U. Şekspirin “Sonu yaxşı bitən hər şey yaxşıdır” pyesini, H. B. Stounun “Tom dayının daxması” romanını, XIX əsrin ingilis, island poeziyasından nümunələri və bir sıra rus və başqa xalqların yazıçılarının əsərlərini Azərbaycan dilinə çevirib.
“Yeni Müsavat” Media Qrupu olaraq hörmətli yazıçımız Hidayət Orucovu 80 illik yubiley yaşının tamam olması münasibətilə təbrik edir, ona sağlam ömür, yaradıcılıq uğurları və Qərbi Azərbaycana böyük qayıdışın sevincli günlərinə şahidlik etməyi arzulayırıq.
Musavat.com