Bakı, 4 sentyabr, AZƏRTAC
Bu il 105 yaşını qeyd edən Bakı Dövlət Universitetinin (BDU) ən köklü fakültələrindən biri də Kimya fakültəsidir. Fakültə BDU-nun Tibb fakültəsinin nəzdində fəaliyyət göstərən Ümumi və qeyri-üzvi kimya kafedrasının bazasında 1934-cü ildə yaradılıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, Azərbaycanda kimya elmi və sənayesinin inkişafı Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 1970-1980-ci illərdə geniş vüsət alıb. Ümummilli Lider müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə də bu sahənin inkişafına xüsusi həssaslıqla yanaşıb. 2003-cü ildən etibarən bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Hazırda Azərbaycanda dünya kimya elminin ənənəvi istiqamətləri ilə yanaşı, yeni elmi istiqamətləri, o cümlədən biokimya, molekulyar biokimya, fiziki kimya, kimyəvi fizika və digər sahələr də uğurla inkişaf edir.
Respublikamızda kimya təhsilinin banisi olan professor Sadıq Hüseynov 1910-cu ildə Almaniyada Darmştadt Kimya Texnologiya İnstitutunu kimyaçı-mühəndis ixtisası üzrə bitirib. 1927-ci ildən BDU-da çalışan Sadıq Hüseynov 1936-cı ildə Qeyri-üzvi kimya kafedrasının müdiri olub. O, BDU-da ilk dəfə Azərbaycan dilində kimyadan mühazirələr oxuyub, eyni zamanda, ölkəmizdə kimya terminologiyasının və ilk kimya dərsliklərinin yaradılmasında mühüm xidmətlər göstərib. Sadıq Hüseynov buruq sularından ozon üsulu ilə yodun, bromun alınması, işlənmiş sulfat turşusunun təmizlənməsi, xalq təsərrüfatına lazım olan bir sıra qiymətli kimyəvi birləşmələrin sintezi üsullarını işləyib hazırlayıb.
Azərbaycanda milli kadrların yetişməsinə böyük əmək sərf etmiş professor Vladimir Tixomirov 1921-ci ildən BDU-da çalışıb və 1936-1946-cı illərdə Fiziki kimya kafedrasının müdiri olub. Onun əsas elmi-tədqiqat işləri Bakı neftinin və neft məhsullarının emalı zamanı baş verən mürəkkəb fiziki-kimyəvi proseslərin, vulkanik küllərin, gillərin, eləcə də bəzi mineralların katalitik xassələrinin öyrənilməsinə həsr edilib.
Akademik Yusif Məmmədəliyev 1945-1961-ci illərdə fakültənin Neft kimyası kafedrasına rəhbərlik edib, neft qazlarının və onların müxtəlif komponentlərinin halogenləşməsi, onların əsasında qiymətli maddələrin alınması sahəsindəki orijinal tədqiqatları ilə neft kimyası sahəsini xeyli zənginləşdirib. Onun tədqiqatları İkinci Dünya müharibəsi illərində sovet aviasiyasının yüksəkoktanlı yanacaqla təmin edilməsinə səbəb olub və müharibənin gedişində əhəmiyyətli dönüş yaradıb.
Akademik Rəfiqə Əliyeva Analitik kimya kafedrasının və ümumiyyətlə, analitik kimya elminin inkişafında mühüm rol oynayan alimlərimizdən olub. O, 1952-1956-cı illərdə Kimya fakültəsində təhsil alıb və ömrünü Analitik kimya kafedrası ilə bağlayıb. Akademik Rəfiqə Əliyeva keçid və nadir torpaq elementlərinin fotometrik təyini və qatılaşdırma metodlarının işlənilməsi sahəsində fundamental tədqiqatlar aparıb. O, piroqallol, teonilidin və asetilaseton əsasında bir neçə yeni üzvi reaktivlər sintez edib və onlardan istifadə ilə bir sıra metal ionlarının təyini üçün yüksək analitik göstəricilərə malik fotometrik metodlar işləyib-hazırlayıb. İlk dəfə olaraq analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığı müəyyən edib. Alim qarışıqliqandlı kompleks birləşmələrin tədqiqi sahəsində də mühüm tədqiqat işləri aparıb. 2001-ci ildə fakültədə Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasını yaradıb və 2017-ci ilədək həmin laboratoriyaya rəhbərlik edib. Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademik olan Rəfiqə Əliyeva “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Azərbaycanda kimya elminin və BDU-nun Kimya fakültəsinin inkişafında Əli Quliyev, Soltan Mehdiyev, Murtuza Nağıyev, Nadir Seyidov kimi akademiklərin də mühüm rolu olub. Fakültənin professor-müəllim heyəti Azərbaycanda kimya elminin və sənayesinin inkişafına mühüm töhfələr verib, bu sahədə elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna rol oynayıb. Fakültədə elmi varislik əlaqələrinin möhkəm təməl üzərində qurulması və inkişaf etdirilməsi bu sahənin daha da inkişaf etməsinə müsbət təsir göstərir.
Yarandığı dövrdən indiyədək kimya fakültəsinə dosentlər Məmmədəmin Əfəndi (1934-1937), Murtuza Əhmədli (1937-1938), Mədət İskəndərov (1938-1939), Səttar Əbilov (1939-1946), professorlar İslam Əlizadə (1946-1950), Cümşüd Zülfüqarlı (1950-1952), Səkinə Ələkbərova (1952-1957; 1981-1983), dosent Qiyas Abdullayev (1957-1960), professor Cəbrayıl Hüseynov (1960-1967), dosentlər Bəşir Mirzəyev (1967-1975), Fikrət Babayev (1975-1978), Dəmir Qəmbərov (1978-1981), Ənvər Bəşirov (1983-1988), professorlar Valeh İsmayılov (1988-1993), Abel Məhərrəmov (1993-1999), Eldar Əhmədov (1999-2006), Abdulsəyid Əzizov (2006-2022) rəhbərlik edib. 2022-ci ildən isə fakültənin dekanı dosent Fuad Kərimlidir.
Yeni yaradıldığı vaxt Kimya fakültəsinin cəmi üç əməkdaşı olub. Hazırda isə fakültədə təhsil alan tələbə və magistrantlarla 100-ə yaxın professor-müəllim heyəti məşğul olur.
Fakültədə müxtəlif xəstəliklərə qarşı əlverişli dərman maddələri, neftçıxarma və neft emalında istifadə olunan materiallar, “Avro-4”, “Avro-5” benzin istehsalı üçün yüksəkoktanlı komponentlər, çirklənmiş obyektlərin təmizlənməsini həyata keçirən analitik reagentlər, müxtəlif təyinatlı polimerlər, polimer kompozisiyaları, nanomaterialların sintezi, eləcə də tədqiqi istiqamətdə elmi-tədqiqat işləri aparılır. Həmçinin fakültədə “Kimyanın tədrisində aktual problemlər”, “Kimyanın tədris metodları, təcrübələr və metodika nəzəriyyəsinin hərtərəfli öyrənilməsi və təhlili” istiqamətində, ətraf mühit obyektlərində toksiki, eləcə də radioaktiv metalların təyinat metodlarının işlənməsi, müasir qeyri-üzvi materialşünaslıq, o cümlədən yarımkeçirici materialşünaslığın aktual problemləri istiqamətində tədqiqat işləri həyata keçirilir.
Hazırda fakültədə 7 kafedra (Ümumi və qeyri-üzvi kimya, Üzvi kimya, Analitik kimya, Fiziki və kolloid kimya, Neft kimyası və kimya texnologiyası, Yüksəkmolekullu birləşmələr kimyası, Kimyanın tədrisi metodikası kafedraları), onların nəzdində elmi-tədqiqat və tədris laboratoriyaları fəaliyyət göstərir. Fakültədə 1500-dən çox tələbə, magistrant və doktorant təhsil alır. Fakültənin elmi-tədqiqat və tədris laboratoriyaları müasir avadanlıqlarla təchiz olunub. 2011-ci ildən fakültənin kimya ixtisasının ingilis bölməsinə tələbə qəbulu həyata keçirilir. 2019-2020-ci tədris ilindən fakültədə magistratura səviyyəsində ingilis bölməsi fəaliyyətə başlayıb. Bakalavr pilləsində tələbələr II kursdan etibarən kafedralarda aparılan elmi-tədqiqat işlərinə cəlb olunurlar. Fakültənin tələbə və magistrantları BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalarda və Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində tədqiqat aparmaq imkanlarına malikdirlər.
Fakültədə kimya, kimya mühəndisliyi, kimya müəllimliyi ixtisasları üzrə bakalavr hazırlığı aparılır. Magistratura və doktorantura səviyyələrində 16 ixtisaslaşma üzrə kadrlar hazırlanır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının əmrinə əsasən, BDU-nun nəzdində “Analitik kimya”, “Üzvi kimya” və “Fiziki kimya” ixtisasları üzrə Dissertasiya Şuraları yaradılıb.
Kimya fakültəsində Nüvə Maqnit Rezonansı (BRUKER-300 NMR spektrometri), Rentgen Quruluş Analiz (Smart Apexs II difraktometri), Xromato-kütlə analiz (Esgüise 6000 kütlə spektometri və Agilent 1200 maye xromatoqrafı), Derivatoqrafik analiz (Derivatoqraf-MS), Xromatoqrafik analiz (Agilent qaz xromatoqrafı) tədris və elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərir.
Kimya fakültəsi Rusiya, Fransa, ABŞ, İtaliya, Portuqaliya, Türkiyə və digər ölkələrin qabaqcıl elm mərkəzləri ilə əlaqələr qurub. Bununla yanaşı, “Erasmus-Mundus”, “Erasmus+”, “Mövlanə” kimi proqramlar vasitəsilə mütəmadi olaraq tələbə və professor-müəllim mübadiləsi həyata keçirilir.
Fakültənin təşkilatçılığı ilə tədqiqatçıların beynəlxalq və respublika elmi konfransları, istedadlı tələbələri aşkarlamaq, elmi-tədqiqat fəaliyyətinə cəlb etmək məqsədilə Kimya üzrə tələbələr arasında Respublika Olimpiadası keçirilir.
Fakültədə magistratura səviyyəsinin 6 ixtisaslaşması (“Üzvi kimya”, “Yüksək molekullu birləşmələr kimyası”, “Neft kimyası”, “Qeyri-üzvi kimya”, “Analitik kimya”, “Fiziki kimya”) beynəlxalq akkreditasiyadan keçib. Bakı Dövlət Universiteti və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti (QMTTU) arasında 2021-ci ildə bağlanmış müqaviləyə əsasən, BDU-nun Kimya fakültəsi və QMTTU-nun Kimya və Biotexnologiyalar İnstitutunun magistratura proqramı bazasında “Neft kimyası” ixtisaslaşması üzrə birgə ikili diplom proqramı həyata keçirilir.
105 yaşlı BDU-nun Kimya fakültəsi ölkəmizdə kimya elminin inkişafında və yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rolunu uğurla davam etdirəcək.