AZ

Fransa Qəmər adasına qarşı misilsiz cinayət törədib- üstü Bakıda açıldı...

Image

Faiq Ələkbərli: “Fransanın işğalçılıq siyasətinin gizlin qalan  detalları bir-bir Bakıda ifşa olunur”  

Fransanın zorla müstəmləkə altında saxladığı adalarda, ərazilərdə həyata keçirdiyi cinayətlər uzun illər gizli qalsa da, amma son zamanlar üzə çıxmağa başlayıb. Çoxlarımız elə bilirdik ki, Fransa daha çox Yeni Kaledoniyada, fransız Polineziyasında cinayətlər törədib. Demə ki,  Qəmər adalarında da analoji davranışları sərgiləyib.

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə sentyabrın 3-də Bakıda keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" mövzusunda beynəlxalq konfransda Qəmər Adaları İttifaqının təmsilçisi, hüquq müdafiəçisi Mohamed Rafsandjani Hassani deyib ki, Fransa Konstitusiyasının Qəmər adaları ilə bağlı 53-cü maddəsi saxtalaşdırılıb. 

O bildirib ki, bu, Fransa tərəfindən Qəmər adalarının qanunsuz olaraq zəbt edilməsi deməkdir.

Mayotun Fransaya birləşdirilməsi və qəmərlilərə vurulmuş ziyandan danışan Hassaninin sözlərinə görə, məhz 53-cü maddəyə əsasən, Mayot adası Fransaya inteqrasiya edilməyib. Bu da Fransanın adaları işğal etməsinin sübutudur.

Fransanın işğalçılıq siyasətinin növbəti bir təzahürünün Qəmər adalarının timsalında özünü göstərməsi bu ölkənin saysız cinayətlərindən biridir və insan hüquqlarına, insan azadlıqlarının kobud şəkildə pozulmasıdır. 

“...dünyanın gözləri qarşısında saysız cinayətlər törədib” 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Fransanın çox cinayətlərinin üstü Bakıda açılıb: “Fransanın işğalçılıq siyasətinin gizlin qalan  detalları bir-bir Bakıda ifşa olunur. Dünyanın gözləri qarşısında saysız cinayətlər törədib.   

Fransa özünü demokratiyanın beşiyi, yaxud dünyada insan hüquq və azadlıqlarının əsas müdafiəçisi kimi qələmə versə də, amma faktlar tamamilə bunun əksini göstərir. Gördüyünüz kimi, Fransa işğalçılıq siyasəti aparıb və çox təəssüflər olsun ki, bu gün də öz işğalçılıq siyasətinə haqq qazandırmağa çalışır.  Bu özünü Fransa Konstitusiyasının Qəmər adaları ilə bağlı 53-cü maddəsinin saxtalaşdırılmasında da büruzə verir. Fransa konstitusiyada bir çox maddələri saxtalaşdırmaqla özünə haqq qazandırmağa çalışır. Bildiyiniz kimi, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə sentyabrın 3-də Bakıda keçirilən  "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" mövzusunda beynəlxalq konfransda səsləndirilən fikirlər də Fransanın işğalçılıq siyasətini göstərir. 

Həm Mayot adası, həm də digər ərazilər vaxtilə Fransa tərəfindən işğal edilib, indi də o bu işğalçılığa haqq qazandırmaqla məşğuldur. Əlbəttə, Fransanın bu kimi saxtakarlıqları gerçəyi dəyişmir. Əsas məsələ odur ki, təkcə Mayot adasında deyil, Fransanın işğalı altında olan digər ərazilərdə də bu ölkənin irticaçı, işğalçı, müstəmləkəçilik siyasətinə qarşı etirazlar baş verir”.   

F.Ələkbərli bildirdi ki, Fransanın vaxtilə Mərakeşdə, Əlcəzairdə və başqa ölkələrdə həyata keçirdiyi cinayətlər, işğalçılıq və müstəmləkəçilik siyasəti məlumdur. O qeyd etdi ki, bu qədər cinayətlər törədən bir ölkə çıxıb xalqlardan üzr istəmək, işğalçılıq və müstəmləkəçilik siyasətinə son qoymaq əvəzinə durub özünə haqq qazandırmağa çalışır. F.Ələkbərlinin sözlərinə görə, Fransanın timsalında açıq görsənir ki, bəzi Avropa dövlətləri konstitusiyalarına dəyişikliklər edir, haqsızlıqlar törədir, amma buna çəkinmədən qanunilik donu geydirməyə çalışırlar. “Əslində, Fransa demokratiyadan uzaq, insan hüquq və azadlıqlarının ən çox tapdandığı, əzildiyi bir ölkədir. Bunu baş verənlər də aydın şəkildə təsdiqləyir. Bir tərəfdən o özünü demokratik hüquqi dövlət elan edir, insan hüquqlarından danışır, o biri tərəfdən isə işğalçılıq siyasəti aparır. Fransa zülmündən, cinayətlərindən əziyyət çəkən xalqların etirazları Fransanın əsl simasını ortaya qoyur. Fransanın saxtakarlıqlarının, cinayətlərinin ortaya qoymaqla gerçəkdə onun necə dövlət olduğunu ifşa etmək lazımdır. Bu baxımdan, məhz Fransanın saxtakarlığına, cinayətlərinə, işğalçılığına qarşı aparılan mübarizəni də müsbət hesab edirik”-deyə F.Ələkbərli vurğuladı. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
baki-xeber.com

1Mənbələr