“Həyatın qəribə ironiyalarındandır ki, kommunist, bolşevik ideyalarının alovlu carçısı olan Tağı Şahbazi əks-inqilabçı burjua millətçi təşkilatın üzvü olması adı ilə həbs olunmuşdur...”
"Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... ı
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix kafedrasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır.
Materialın bu hissəsində kitabın “Repressiya olunmuş rektorlar və digər rəhbərlər” bölməsində BDU-nun ilk azərbaycanlı rektoru 1917-1920-ci illərdə “Azərbaycanın əbədi səadətini Rusiyanın tərkibində olmaqda” görənlərdən, müstəqil dövlətimizi-Cümhuriyyəti devirməyə çalışanlardan, bu yolda bütün qüvvə, bacarıq və biliyini əsirgəməyənlərdən biri” - Tağı Abbas oğlu Şahbazinin elə həmin Rusiya-bolşevik dövləti tərəfindən repressiya olunması, əksinqilabçı kimi istintaqa cəlb edilməsi zamanı başına gətirilənlərdən və sonda güllələnməsi haqda istintaq materiallarının ən əsas və maraqlı hissələri ilə tanış ola biləcəksiniz.
Repressiya olunmuş rektorlar və digər rəhbərlər
Repressiya illərində günahsız yerə həyatına son qoyulan rektorlardan biri də Tağı Abbas oğlu Şahbaz (Tağı Şahbazi) olmuşdur
Tağı Şahbazi 1926-cı ildə o dövrdə Leninin adını daşıyan Azərbaycan Dövlət Universitetinin ilk azərbaycanlı rektoru təyin edilmiş və bu vəzifədə 1929-cu ilə qədər işləmişdi. Xarkov Dövlət Universitetinin tibb fakültəsini bitirən Tağı Şahbazi keşməkeşli həyat yolu keçmişdir. O, hələ 1917-ci ildə Bakıda “Vahid və bölünməz Rusiya” ideyasını əsas götürən, milli demokratik qüvvələrə tam əks mövqedə dayanan, bolşevikyönlü “Hümmət” təşkilatının yaradılmasında, 1918-ci ildə Xarkovda türk-tatar fəhlələrinin hərəkatında iştirak etmişdi. Elə o dövrlərdə Rusiya Sovet Federativ Sosialist Respublikasında (RSFSR) Millətlər İşi üzrə Xalq Komissarlığında Cənubi Qafqaz müsəlmanları şöbəsinin katibi və Şərq xalqları kommunist təşkilatlarının Məlumat Bürosunun şöbə müdiri vəzifələrini daşımışdır. Bir sözlə, tərcümeyi-halından da göründüyü kimi T.Şahbazi “Azərbaycanın əbədi səadətini Rusiyanın tərkibində olmaqda” görənlərdən, müstəqil dövlətimizi-Cümhuriyyəti devirməyə çalışanlardan, bu yolda bütün qüvvə, bacarıq və biliyini əsirgəməyənlərdən biri olmuşdur...
(Qeyd: İşğalçı sovet hakimiyyəti və müstəqillik illərində T. Şahbazi haqqında bir sıra müəlliflər məlumat versə də, biz ilk dəfə olaraq ona müstəqillik dövrünün tələbləri baxımından, yeni konsepsiya əsasında yanaşmış, dəqiqləşdirmələr aparmış, elmi dövriyyəyə xeyli yeni materialları əlavə etmişik).
Nəhayət, Azərbaycanda sovet işğal rejimi qurulduqdan sonra arzusuna çatan Tağı Şahbazi Azərbaycana gələrək burada bir sıra mühüm vəzifələrdə işləmişdir. Belə ki, o, rektor təyin edilənə qədər Bakı Səhiyyə Şöbəsinin müdiri, Azərbaycan SSR Xalq Maarif Komissarlığında (Bundan sonra XMK- B.Əziz) nazir müavini, “Maarif və mədəniyyət” jurnalının baş redaktoru, 1923-cü ildə yaradılmış “Azərbaycanı Öyrənən və Tədqiq edən Cəmiyyət”in rəhbərlərindən biri, Azərbaycan SSR Mərkəzi İcraiyyə komitəsinin üzvü və katibi olmuşdur.
Tağı Şahbazi möhkəmlənməsində xeyli əmək sərf etdiyi sovet dövlətinin Azərbaycan Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizliyi İdarəsi (Bundan sonra qısaca XDİK DTİ - B.Əziz) tərəfindən 2 iyul 1937-ci ildə həbs qəti imkan tədbiri seçilməsi haqqında order imzalanmışdır (14,4). Ancaq nədənsə həbs qəti imkan tədbiri haqqında qərarla tanış olması barədə T.Şahbazinin imzasının sonunda 20 iyul göstərilmişdir. Cinayət materialında isə onun həbs tarixi 11 iyul 1937-ci il qeyd edilmişdir.
Həyatın qəribə ironiyalarındandır ki, kommunist, bolşevik ideyalarının alovlu carçısı olan T.Şahbazi əks-inqilabçı burjua millətçi təşkilatın üzvü olması adı ilə həbs olunmuş və ona qarşı Az.SSR cinayət məcəlləsinin (Bundan sonra CM- B.Əziz) 72,73-cü maddələri ilə ittiham irəli sürülmüşdür. 1937-ci il noyabr ayının 2-də XDİK DT-nin IV idarəsinin rəisi Sinman tərəfindən XDİK DT Komissarı Sumbatova təqdim edilmiş arayışda yazılır:
“1892-ci ildə anadan olmuş, Fiziologiya institutunun assistenti olmuş Tağı Şahbazi 1922-ci ildə Zaqafqasiya Federasiyasının (ZF -B.Əziz) yaradılması ilə əlaqədar antipartiya milli-təmayülçülər qrupuna qoşulmuş və ZF məsələsi və onun yaradılması ilə bağlı partiyanın yeritdiyi siyasət əleyhinə fəal mübarizə aparmışdır. 1923-cü ildə T.Şahbazi keçmiş milli-təmayülçü, hazırda Müsavatın IV gizli Mərkəzi Komitəsinin işi üzrə həbs edilmiş Əbdül Bağı Məmmədzadə, ittihadçı M.Məlikov, K.Fətəliyev və müsavatçı Kərbalayi Vəli Mikayılovla Əbdül Bağının evində Türkiyə konsulu M.Şövkət bəyin şərəfinə təşkil olunmuş qonaqlıqda iştirak etmişdir...
...T.Şahbazinin ilk istintaqı 13 iyul 1937-ci ildə olmuşdur. Müstəntiq əvvəcə ona bildirib ki, guya istintaqa onun əim(əks-inqilabçı müsavatçı-red.) təşkilata üzv olması məlumdur. “Bunu qəbul edirsənmi?”- deyə soruşub. Təqsirləndirilən bunu rədd edir. Müstəntiq onun düzdanışmadığını bildirib əim-dən ona kimlərin məlum olduğunu soruşur. O da belə cavablandırmışdır: ”Rəsmi mənbələrdən mənə aşağıdakı əim məlumdur: şairlərdən Hüseyn Cavid, Əhməd Cavad, Müşviq və yazıçı Sanılı. Şair Səməd Vurğunda mən bəzi əks-inqilabi təzahürlər müşahidə etmişdim. Talıblı mənə mətbuatdan bəllidir. A.Musaxanlı əks-inqilabi fəaliyyətinə görə sürgün edilmişdir. Keçmiş milli təmayülçülərdən S.M.Əfəndiyevi, M.Qədirlini, M.Hacıyevi, D.Bünyadzadəni və Eyyub Xanbudaqovu taniyiram. Onların millətçi kimi aşkar olunmasından isə xəbərim yoxdur”. İstintaqı aparan onu düz danışmamaqda, tanıdığı adamların hamısının, o cümlədən özünün əks-inqilabçı görüşlərini gizlətməkdə günahlandırıb... “Siz həbs olunan dəqiqəyədək əim mövqedə durduğunuzu da rədd etmək fikrindəsiniz?” Cavab: “Mən həbs olunan dəqiqəyədək əim mövqedə durmamışam. Boynuma alıram ki, 1921-1922-ci illərdə mənim milli təmayülçü “nərimanovçular” cərəyanına rəğbətim olub. Habelə əlavə edirəm ki, “nərimanovçulara” rəğbət bəsləməyim onunla əlaqədar idi ki, mən Zaqfederasiyanın yaradılması və Azərbaycanın oraya daxil olması məsələsinə münasibətdə onlarla razılaşırdım”.
Bir müddət istintaqa fasilə verildikdə sonra müstəntiq T.Şahbazinin digər təqsirləndirilənlərlə - Əli Kərimov, A.Qubaydullinlə üzləşmələrini həyata keçirib.
4 oktyabr 1937-ci ildə A.Qubaydullinlə keçirilən üzləşmə əvvəlkilərdən xeyli fərqli olub. Üzləşmədə müstəntiq əvvəlcə Qubaydullindən “Ümumittifaq əks-inqilabçı pantürkist (Bundan sonra üiəp- B.Əziz) təşkilatınin üzvü olduğunu təsdiq edirsənmi?” - deyə soruşub . O, cavabında bunu təsdiq edib...
İstintaq dövründə T.Şahbazinin üzləşdirildiyi admlardan biri də Bağı Cəfəri olmuşdur.Bu üzləşdirilmə 6 oktyabr 1937-ci ildə həyata kecirilmişdir. Üzləşdirməyə xas olan ənənəvi sual-cavabdan sonra müstəntiq B.Cəfəridən T.Şahbazinin əim təşkilatın üzvü olması ilə bağlı ona nə məlum olduğunu soruşub.
“T.Şahbazi Azərbaycan əim təşkilatın üzvüdür. Onu 1920-ci ildən tanıyıram. 1935-ci ilin ortalarında onu mən şəxsən əks-inqilabçı təşkilata cəlb etmişəm. 1935-1936-cı illərdə də əks-inqilabi əlaqə saxlamışam.
Biz əks-inqilabçı təşkilatın üzvlərindən birinin evində toplaşırdıq və orada müxtəlif əks-inqilabi məsələləri müzakirə edirdik. Məsələn, əksinqilabçı təşkilatın proqramı, onun maliyyə mənbələrinin tapılması, müsavat bloku ilə əlaqələr və s. Belə əksinqilabçı söhbətlərdə və toplantılarda təşkilatın digər başqa üzvləri də olurdu. İndi yaddaşım bütün söhbətləri detalları ilə xatırlamağa imkan vermir. Ancaq əsas məzmunu və hissələrini göstərdim.”
Müstəntiqin “Bunları təsdiq edirsənmi” sualına T.Şahbazi “rədd edirəm” - deyə cavab vermişdi. Cinayət işində Bağı Cəfərinin 29 avqust 1937-ci il tarixli ifadəsi də var.
Maraqlıdır ki, bu ifadə üzləşdirmənin keçirildiyi 6 oktyabr 1937-ci ildəki protokoldan sonrakı səhifədədir. Digər tərəfdən, müstəntiq T.Şahbaziyə istintaq dövründə bu ifadə ilə bağlı heç bir sual verməyib. Bu isə ifadənin cinayət işinin materialları içərisinə sonradan qoyulması ehtimalını artırır.
“1935-1936-cı ildə biz, yəni Bağı Cəfəri, Kazımov Ağahüseyn, S.M.Əfəndiyev, Muxtar Hacıyev və Tağı Şahbazi bir neçə dəfə Muxtar Hacıyevin evində təşkilat işi ilə bağlı
toplaşmışıq. İki dəfə bizdə olublar. Bu toplantılarda aşağıdakı məsələləri müzakirə etdik:
1.Azərbaycan Milli Partiyasının (Bundan sonra AMP- B.Əziz) proqramını hazırlamaq;
2.Müsavatın mərkəzi, o cümlədən M.Ə.Rəsulzadə ilə bir blokda birləşmək;
3.AMP-nin adından əim vərəqələr buraxmaq;
4.Müsavatın xarici mərkəzi ilə gizli əlaqə yaratmaq;
5.Üsyan dövründə istifadə etmək üçün Şahsevən tayfalarının rəhbərliyi (Güney Azərbaycandakı Şahsevənlər
nəzərdə tutulur- B.Əziz) ilə əlaqə yaratmaq;
6.Təşkilat üçün maliyyə axtarmaq.
Bu məsələlər əsas etibarı ilə S.M.Əfəndiyevlə müzakirə olunurdu... Hacıyevlə məsləhətləşib bizim təşkilata həkim A.Kazımovu, onun ardınca T. Şahbazini cəlb etdim. Bu, 1935-ci ilin yayında baş verib.”
C.Bağinin 8 sentyabr 1937-ci ildəki ifadəsində də əim təşkilatın ona məlum olan 10 üzvündən altıncısının T.Şahbazi olduğu bildirilmişdi.
Həmid Sultanovdan 11,13,15,17,19 iyul 1937-ci ildə işgəncələr altında alınan ifadələrində də T.Şahbazi haqqında deyilənlər mahiyyət etibarı ilə başqalarından fərqlənməyib. O, əim təşkilatda 31 nəfərin olduğunu bildirərək deyib: “...Azərbaycandakı əim təşkilatın tərkibinə aşağıdakılar
daxildir:... 17.T.Şahbazi)...
...Tağı Şahbazinin istintaqının ilk dörd ayında müstəntiq ondan özünü “ifşa edən”, “günahlarını səmimi etiraf edən” heç bir ifadə ala bilməyib. Cinayət işində olan materiallardan da göründüyü kimi, müstəntiq hətta onu bir çox adamla üzləşdirsə də, məqsədinə çata bilməmişdir.
T.Şahbazinin istintaqa sərf edən “düzgün və səmimi” ifadələr verməməsi ona qarşı ən ağlasığmaz, insanlıqdan kənar metodlarla işgəncələr tətbiq edilməsinə səbəb olub. Nəticədə ona “humanist sovet sosialist fəhlə-kəndli” dövlətinin istintaqının 3 nömrəli metodu tətbiq edilmişdir. Belə istintaq metodunun “səmərəli nəticəsini” T.Şahbazinin 2 noyabr 1937-ci ildə XDİK DTİ-nin rəisi Sumbatov-Topuridzeyə yazdığı ərizədən çox aydın görə bilərik:
“Bildirirəm ki, bu günədək mən istintaqa ifadələr verməmişəm. Susmağımın və istintaqdan öz cinayətlərimi gizlətməyimin mənasız olduğunu başa düşdüm. Hər şeyi səmimi şəkildə boynuma almaq qərarına gəldim. Mən burjua millətçi quruluş yaratmaq məqsədi ilə Azərbaycan SSR-də çevriliş hazırlayan avantüra xarakterli əks-inqilabi təşkilata ürəkdən inanmışdım.
Əks-inqilabi təşkilata 1935-ci ildə H.Sultanov və B.Cəfəri tərəfindən cəlb edilmişdim. Onlarla da, R.Axundovla da əlaqə saxlayırdım. Müəllim Ə.Əliyevi, şair Sanılını və tələbə-tibb işçisi Lətifi isə əks-inqilabi təşkilata mən cəlb etmişdim. Sovet hökuməti əleyhinə silahlı üsyana hazırlıq haqqında və əks-inqilabi təşkilatın Az.K(b)P–nin rəhbərlərinə qarşı terror tətbiq etmək haqqındakı niyyətlərindən xəbərdar idim”.
Şahbazi ilə ikinci, həm də sonuncu istintaq 9 noyabr 1937-ci ildə olub. Bu istintaqda müstəntiqin ona qarşı irəli sürdüyü və digər təqsirləndirilənlərlə üzləşmələrdə əleyhinə səsləndirilmiş ittihamların hamısını “səmimi” şəkildə etiraf edərək özünü tam günahkar hesab etmişdir...
13 noyabr 1937-ci ildə istintaq başa çatıb və bu barədə ittiham aktı tərtib olunub. İttiham aktina görə o, Azərbaycan SSR cm-in 64, 70 və 73-cü maddələri ilə günahkar hesab edilib. Bu ittiham aktının sonunda XDİK DTİ-nin IV şöbəsinin rəisi, DT-yi kapitanı Sinman yazıb ki, “Həbs olunanın istintaq işi SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasına 1934-cü il dekabr qanununu tətbiq etmək üçün göndərilir”.
Göründüyü kimi, bu artıq məhkəmədən əvvəl təqsirləndirilənə hansı hökmün veriləcəyinin təsdiqidir.
Qeyd edək ki,T.Şahbazinin istintaqında adı keçən adamların sayı 140 nəfər olmuşdur..."
(Davamı var)
Təqdim etdi: Sultan Laçın