AZ

Hidayət Orucov - 80

Image

Bu ilin sentyabr ayının 5-də Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü, Çingiz Aytmatov Akademiyasının həqiqi üzvü, şair, nasir, publisist, dramaturq, ictimai xadim Hidayət Orucovun 80 yaşı tamam olur.

Biz onu çağdaş ədəbiyyatımızın Hidayət imzası ilə yazdığı əsərləri, publisistik məqalələri, poeziya və nəsr nümunələrini, eləcə də dram əsərlərini çağdaş oxucular da sevə-sevə oxuyur, yüksək qiymətləndirir. Mübağiləsiz deyərdik ki, Hidayət hər zaman ən çox oxunan, kitabları əl-əl gəzən, publisitik yazıları indi də dillər əzbəri olan ustad qələm sahibidir. 

Hidayət Xuduş oğlu Orucov 5 sentyabr 1944-cü ildə Ermənistan Respublikasının Mehri rayonun  Maralzəmi kəndində anadan olub. BDU-nun filologiya fakültəsini bitirdikdən sonra bir müddət kənddə müəllim, “Sovet Ermənistanı” qəzetində ədəbi işçi işləyib, 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının  direktoru təyin olunub, fasiləsiz olaraq on altı il Azərbaycanın bu qədim sənət ocağına başçılıq edib.

Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik edib, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs deyib. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həmin dövrdə təkcə İrəvanın deyil, indi Ermənistan adlandırılan Oğuz ellərinin milli ədəbi-mədəni mühitində canlanma yaranıb, Qərbi Azərbaycanda onlarla şair və nasirlərin kitabları İrəvanda işıq üzü görüb, "Ədəbi Ermənistan" məcmuəsi nəşr olunub.

Hidayət Orucovun həyatının İrəvan dövründə poeziya, publisistika, nəsr, tərcümə kitabları nəşr edilib, pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə qoyulub. 

1970-ci ildə - 26 yaşında olarkən SSRİ-nin “Əməkdə rəşadətə görə” medalı, 1978-ci ildə - 34 yaşında ikən Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan KP MK bürpsunun qərarı ilə o vaxt Respublikamızın ən yüksək mükafatı - Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilib. Həmin il ona bədnam respublikada yazıçılar üçün ən yüksək fəxri ad - Ermənistan SSR əməkdar mədəniyyət xadimi fəxri adı verilib. Hidayət 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soydaşlarımızın deportasiya və soyqırımı siyasətinə etiraz olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina edib.

1979-cu ildə SSRİ Həmkarlar İttifaqı Mərkəzi Şurasının Fəxri diplomu ilə mükafatlandırılıb. 1991-ci ildən Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimidir. 

Hidayət gəncliyində Qərbi Azərbaycanda fəaliyyət göstərib. Qeyd etdiyimiz kimi, “Sovet Ermənistanı” qəzetində çalışıb, uzun illər C.Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrına rəhbərlik edib. Ermənistan Yazıçılar İttifaqının İdarə heyətinin üzvü və Azərbaycan Ədəbiyyatı Şurasının sədri olaraq bədnam respublikada milli ədəbiyyatımızın, publisistikamızın, mədəniyyətimizin və incəsənətimizin inkişafında əvəzsiz xidmətlər göstərib.    

1984-cü ildə Bakıya köçərək "Gənclik" nəşriyyatının baş redaktor müavini (mart 1984 — mart 1986), sonra baş redaktoru (1986–1992-ci illər) vəzifələrində işləyib. Bu illərdə "Gənclik" nəşriyyatında böyüməkdə olan nəsillər üçün dəyərli kitablar, o cümlədən Azərbaycan klassik ədəbi irsi, folkloru, tarixi keçmişi sistemli şəkildə nəşr edilib yayılıb. "Gənclik" nəşriyyatında onun baş redaktor olduğu müddətdə 50 cildlik "Dünya Uşaq Ədəbiyyatı Kitabxanası"nın nəşri Azərbaycanın kitab mədəniyyəti tarixində mühüm bir hadisədir. Hidayətin təşəbbüsü və rəhbərliyi ilə 15 cildlik "Azərbaycan folkloru", 25 cildlik "Macəra və fantastika", 17 cildlik "SSRİ Xalqları Ədəbiyyatı" kitabxanalarının, bir sıra mühüm seriyaların nəşrinə də həmin illərdə başlanılıb.

Hidayət ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mənəvi dəyərlərimiz barədə eyni zamanda tarixi keçmişimiz, türk xalqlarının deportasiyası və soyqırlarımına, yaşadığımız günlərin problemlərinə həsr olunmuş 150-dən çox məqalənin, publisist qeydlərin müəllifidir. Hidayətin oxucuların maraqla qarşıladıqları poeziyası, nəsr və publisitikasının əsas mövzuları Sovetlər Birliyi həqiqətlərinin qlobal təzadlı, əskiklikləri və yaşadığımız günlərin gerçəkləridir. Onun "Heydər Əliyev və Azərbaycanda milli siyasət" monoqrafiyası ingilis, rus, gürcü, türk, ərəb, qırğız dillərində də nəşr olunub. Kitabları iyirmidən çox xarici dilə tərcümə edilərək nəşr olunub.

Hidayət bir dramaturq kimi Azərbaycan teatırının inkişafında özünəxas rol oynayıb. Pyesləri hazırda Azərbaycanda və xaricdə böyük teatrların səhnələrində uğurla oynanılır. Onun dram əsərləri Akademik Milli Dram Teatrında, S.Vurğun adına Akademik Rus Dram Teatrında, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında, ölkəmizin digər dövlət teatrlarında, eləcə də Ankara Bələdiyyə Teatrında, Ç.Aytmatov adına Qırğızıstan Rus Akademik Dram Teatrında və bir çox başqa peşəkar kollektivlərdə uğurla tamaşaya qoyulub.

Hidayətin yaradıcılığında bədii tərcümə sahəsi də xüsusi yer tutur. O, bir sıra dünya klassiklərinin əsərlərini dilmizə çevirib. Bu tərcümələr sırasında V.Şekispirin “Sonu yaxşı olan hər iş yaxşdır”dramını, böyük Amerika nasiri Harriet Biçer-Stounun “Tom dayının daxması” romanını, XIX ingilis və island poeziyasından seçmələri, “Gözəllik suyu” adı ilə nəşr etdirdiyi türk ədəbiyyatı antologiyasını, “Sovet xalqları ədəbiyyat”ından nümunələri və sairi qeyd edə bilərik.

Prezident İlham Əliyevin sərəncamı ilə 2004-cü ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə, “Şöhrət” Ordeni ilə təltif edilib. İlham Əliyevin sərəncamları ilə 2014-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Fəxri Diplomu, 2019-cu ildə 2-ci dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif olunub.

Hidayət müəllimə can sağlığı və yaradıcılıq uğurlar arzu edirik.





Seçilən
141
32
baki-xeber.com

10Mənbələr