AZ

Ermənistanın güc və gömrük orqanları ABŞ-ın əlinə keçir...

Image

Erməni mediası Amerikanın bu ölkədəki diplomatik missiyasına istinadən məlumat yayıb ki, Birləşmiş Ştatlar ictimai təhlükəsizliyin təmin edilməsində Ermənistana yardım vəd edib. Qeyd olunur ki, bu addım iki ölkə arasında hüquq-mühafizə və təhlükəsizlik sahəsində daha geniş əməkdaşlığın bir hissəsidir. Bundan əvvəl də məlum olmuşdu ki, ABŞ Ermənistana polis patrul xidmətinin yaradılması üçün təxminən 16 milyon dollar verib. Bu vəsait asayişin qorunmasında və vətəndaşların təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq yeni patrul xidmətinin formalaşdırılması və təchiz edilməsinə yönəldilib.

O da qeyd edilir ki, Birləşmiş Ştatlar Ermənistanın hüquq-mühafizə orqanlarında islahatlar aparmaq səylərini fəal şəkildə dəstəkləyir. Maliyyə və texniki yardım da bu çərçivədə təmin edilir. Bu günlərdə isə İrəvan Ermənistan və ABŞ arasında “Gömrük orqanlarının qarşılıqlı yardımı haqqında” sazişin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib. Hökumət bu təşəbbüsü yekdilliklə dəstəklədikdən sonra amerikalılar Ermənistan ərazisindən keçən bütün gömrük axınlarına tam nəzarət etmək imkanı qazanıblar. Müqavilə gömrük orqanları arasında, o cümlədən konkret məlumatların daha sıx mübadiləsini nəzərdə tutur. Bəlli olan daha bir fakt budur ki, Ermənistanın Müdafiə Nazirliyində ABŞ ordusunun nümayəndəsi fəaliyyət göstərməyə başlayıb. ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan hüquqları məsələləri üzrə müavini Uzra Zeya bildirib ki, bu, Ermənistanla ABŞ arasında ikitərəfli münasibətlərdə yeni strateji mərhələnin başlamasından xəbər verir. Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvin qeyd edib ki, iki ölkə təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı çox fəal müzakirələr aparır. Ötən ay isə Ermənistan silahlı qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar – snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib. Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları çatdırılıb. Bundan əvvəl ABŞ Ermənistan xüsusi təyinatlıları üçün bu sursatlardan istifadə üzrə təlimlər keçirib. O da bəllidir ki, ABŞ Ermənistanın müdafiə sektorunda və hüquq-mühafizə sistemində islahatları dəstəkləməyə davam edəcək, o cümlədən Kanzas Milli Qvardiyası ilə əməkdaşlıq çərçivəsində məsləhətlər, hərbi təhsil proqramları da təşkil olunacaq. Bir neçə gün öncə isə Ermənistanın baş prokuroru Anna Vardapetyan ABŞ-ın bu ölkədəki səfiri Kristina Kuinni qəbul edib.  Vardapetyan Baş Prokurorluğun ABŞ-ın Ermənistandakı səfirliyinin etibarlı tərəfdaşı olduğunu təsdiqləyib və səfirlə qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib. Görüşdə, digər məsələlərlə yanaşı, qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə də toxunulub.

Baş verənləri şərh edən Ermənistan İstintaq Komitəsinin Ərazi İstintaq İdarələrinin Fəaliyyətinə Nəzarət Baş İdarəsinin keçmiş sədri, ədliyyə general-mayoru Tatul Petrosyan vurğulayır ki, ABŞ Ermənistanın hüquq-mühafizə sistemini tədricən nəzarətə götürür, istintaq və hüquq-mühafizə orqanlarının əməkdaşlarına rüşvət verir və onlardan lazımi əməliyyat və kəşfiyyat məlumatlarını alır: “Vaxtilə Rusiyanın, Avropa ölkələrinin, ABŞ-ın hüquq-mühafizə orqanları ilə təcrübə mübadiləsi prinsipi əsasında görüşlərimiz olub, qarşılıqlı səfərlər, işgüzar səfərlər olub. Amma indi gördüyümüz o subordinasiya, o “mentorluq” əvvəllər yox idi. Biz heç vaxt partnyorlarımızın bizimlə tələbə kimi davranmasına icazə vermədik”. Petrosyan bu gün Ermənistanda baş verən prosesləri sistemlərin alqı-satqısı prosesi kimi xarakterizə edib: “Əminəm ki, bütün məlumatlar, bütün kəşfiyyat şəbəkəsi, hətta daxili polis kəşfiyyat şəbəkəsi də ABŞ-a veriləcək. Bütün bunlar dövlət səviyyəsində baş verir. Bunun müqabilində ABŞ İrəvanın atdığı bütün addımları, hətta amerikalıların elan etdiyi demokratiya və insan haqları normalarına zidd olsa belə, rəsmən həvəsləndirir və dəstəkləyir. Nümunə kimi bu il iyunun 12-də polisin etirazçılara qarşı xüsusi vasitələrdən istifadə etməsini və ABŞ səfirliyinin hakimiyyətə loyal münasibətini xatırlatmaq olar”. Rus ekspert İqor Korotçenko bildirir ki, Qərbin xüsusi xidmət və kəşfiyyat orqanlarının rəhbərləri İrəvana gəlir, həm Nikol Paşinyan, həm də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tərəfindən qəbul edilir: “Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan subyektivliyini itirib”. Korotçenko hesab edir ki, bu gün Ermənistan Cənubi Qafqazda Qərbin “Troya atı”dır. O vurğulayıb ki, NATO və ABŞ-nin məqsədi və vəzifəsi Ermənistan ərazisində qeyri-sabitlik mənbəyi və meydança yaratmaqdır: “Xüsusən də ABŞ bu gün Ermənistanı silahlandırır. Bu yolla irimiqyaslı təxribatlar hazırladıqları göz qabağındadır”. Onun fikrincə, Qərb ölkələri Cənubi Qafqazda sabitliyi pozmağa, nəqliyyat layihələrinin, xüsusən də Şimal-Cənub dəhlizinin reallaşmasının qarşısını almaq üçün Ermənistandan vasitə kimi istifadə etməyə çalışırlar.

Ramil QULİYEV





Seçilən
92
9
baki-xeber.com

6Mənbələr