Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Fələstin-İsrail münaqişəsinin hərbi yolla həlli yoxdur və bütün səylər humanitar atəşkəsin yaradılmasına yönəlməlidir.
İqtisadiyyat.az xəbər verir ki, o bu fikri Yaxın Şərqə səfərə yollanmazdan əvvəl bildirib.
"HƏMAS terrorçuları heç bir şəkildə dayanmayacaq. Ona görə də nə qədər çətin olsa da, bütün səylər girovların azad edilməsinə və insan tələfatına son qoyulan humanitar atəşkəsə yönəldilməlidir. İordan çayının qərb sahilində zorakılığın artması təhlükəsi var", - Berbok qeyd edib.
Onun sözlərinə görə, Fələstin-İsrail münaqişəsinin iki dövlət prinsipi əsasında həlli üçün danışıqlar davamlı sülh üçün yeganə variantdır.
"Bu, uzunmüddətli perspektivdə terrorla mübarizə aparmağın yeganə yoludur. İsrail hökuməti öz sözləri və əməlləri ilə iki dövlət prinsipinə əsaslanan həll yolunu şübhə altına alır, beləcə İsrailin uzunmüddətli təhlükəsizliyini təhlükə altına qoyur", - Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib.