AZ

Cəsarətlə, əzmlə Qərbi Azərbaycana doğru...

Mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin qurulması zamanın tələbidir!

Zamanında Ermənistanın və bu ölkənin havadarlarının dəstəyi ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisində yaradılan separatçı rejimin sonuncu “lideri” Samvel Şahramanyan gizləndiyi yerdən çıxaraq yenidən “zühur” edib və absurd iddialar səsləndirib. Azərbaycan Silahlı Qüvvələrinin ötən il sentyabrın 19-20-də keçirdiyi uğurlu 23 saatlıq antiterror tədbirlərindən sonra o, mifik Artsax ideyasını büküb cibinə qoymuş və separatçı rejimin buraxılması ilə bağlı sənəd imzalamışdı. Belə görünür ki, Ermənistan rəhbərliyi və xaricdəki müəyyən güclər bu şəxsi cəsarətləndiriblər və yenidən bədnam  ideyaya inandırıblar. Məhz bu zəhərli təsirlər nəticəsində də S.Şahramanyan yenidən ermənilərin geridönüşündən danışıb.  İrəvana cəm olan separatçıların yenidən fəallaşmaları və Ermənistan hakimiyyətinin seyirçi mövqe tutması suallar yaradır. Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bununla bağlı ciddi narahatlıq ifadə olunub. Nə üçün Ermənistan hakimiyyəti və cəmiyyəti, o cümlədən də separatçıların tör-töküntüləri ermənilərin Qarabağa qayıdışından danışır, ancaq Qərbi azərbaycanlıların doğma yurd yerlərinə qayıtmaq istəklərinin qarşısına sədd çəkməyə çalışırlar? Məntiq haradadır? “Sentyabrın 2-də Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarını, o cümlədən Qərbdəki havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vuranların biz Qərbi azərbaycanlıların qayıdış hüququnu danmasını kəskin şəkildə pisləyirik”, - deyə Qərbi Azərbaycan İcmasının yaydığı Bəyanatda vurğulanır.

XX yüzillikdə Qərbi Azərbaycandan olan soydaşlarımıza qarşı edilən silsilə haqsızlıqlar

Qarabağdan könüllü şəkildə köç edən ermənilərlə Qərbi Azərbaycandan qovulan insanların vəziyyətini müqayisə etdikdə kəskin fərq olduğunu aydın şəkildə görürük. Tarixdən yaxşı bəllidir ki, ermənilər ayrı-ayrı güc mərkəzlərinin məkrli planları əsasında Qarabağa sonradan köçürülüblər. Başqa sözlə desək, onlar Qarabağın aborogen sakinləri olmayıblar. Qarabağa köç edəndən sonra isə özlərinə xas olan murdar xislətləri və yenə də havadarlarının dəstəyi ilə buradan yerli sakinləri çıxarıblar.

Qərbi Azərbaycan isə bizim əzəli torpağımızdır. İndiki Ermənistanın ərazisində tarix boyunca azərbaycanlılar yaşayıblar. Bunu təsdiqləyən sənədlər və xəritələr var. Günümüzə qədər gəlib çatan həmin xəritələrdə onlarla yaşayış məntəqəsinin adları qeyd olunub. Toponimlərin əksəriyyəti Azərbaycan mənşəlidir. Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq və tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıqlar göstərib. Bununla belə,  tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqı doğma torpaqlarından məhrum edilib. Xüsusilə də XX yüzillikdə Qərbi Azərbaycandan olan soydaşlarımıza qarşı silsilə haqsızlıqlar edilib. Xatırlayaq: 1918-ci ildə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq hədiyyə edib. Prezident İlham Əliyev bunu çox doğru olaraq bağışlanmaz bir addım,  xəyanət və cinayət kimi səciyyələndirib. Tarix təhrif olunmamalıdır. Baş verənləri hər kəs bilməlidir. Bəziləri AXC-nin İrəvanın ermənilərə verilməsi ilə bağlı qərarının üstündən sükutla keçməyə çalışırlar. Ancaq yox! Bəli, AXC-nin yaradılması xalqımızın tarixi nailiyyətidir və dövlətçilik yolunda atılan çox mühüm bir addımdır. Biz bütövlükdə AXC-nin fəaliyyətini yüksək dəyərləndiririk. Bununla belə, gələcək naminə tariximizdəki qara səhiifələri də unutmamalıyıq, səhvlərimizdən nəticə çıxartmalıyıq.

 Zamanında bir çoxları düşünürdülər ki, ermənilər İrəvana sahibləndikdən və tarixi Azərbaycan ərazisində öz dövlətlərini qurduqdan sonra daha dayanacaqlar, bir daha ərazi iddialarından çıxış etməyəcəklər. Ancaq unutmamalıyıq ki, söhbət ermənilərdən - bütün düşüncələri və ruhları ilə “dənizdən-dənizə Ermənistan” mifinə uyan bir toplumdan gedir. Əlavə edək ki, bu toplumun iliyinə həm də “türkə nifrət” ideologiyası yeridilib, hər bir erməni körpəsinin ana laylası məhz bunu təlqin edir.

Beləliklə, ermənilər İrəvana sahiblənməklə kifayətlənmədilər. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da səbəbləri və məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə yerləşmişdilər və siyasi qərarlar verilməsinə təsir göstərmək imkanlarına malik idilər. Zəngəzurun Ermənistana verilməsi Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq, bununla da eyni zamanda, Türk dünyasını parçalamaq üçün atılmış bir addım idi.

İrəvanın və Zəngəzurun Ermənistana verilməsi ilə Qərbi azərbaycanlıların faciələri bitmədi. Hamımız yaxşı bilirik ki, 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalıb. Bu, keçmiş sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törətdiyi növbəti cinayəti idi.

Sonuncu kənd Nüvədi oldu

Ötən əsrin səksəninci illərinin sonlarından etibarən sovet hökuməti xalqımıza qarşı növbəti cinayətə rəvac verib. Bu dəfə xalqımızın dahi oğlu Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Həmin dövrü xatırlayan Prezident İlham Əliyev deyib: “Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı”.

Ermənilərin azərbaycanlılara qarşı xüsusi planları, o cümlədən də ərazi iddiaları həmişə olub. Onlar bu məsələni daim müxtəlif yollarla ittifaq dövlətinin gündəliyinə daşımağa çalışıblar. Ancaq Heydər Əliyev fenomeni həmişə onların bəd niyyətlərini gözlərində qoyurdu. Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin təbirincə desək, Heydər Əliyev ermənilərin qarşısında bir sipər kimi dayanırdı. Heydər Əliyevin Özü ermənilərin fitnəkarlıqlarını belə xatırlayırdı: “60-70-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam”.

Sonra baş verənlər hər kəsə bəllidir. Heydər Əliyev keçmiş İttifaqda tutduğu bütün vəzifələrdən istefa verdikdən sonra  azərbaycanlılar son nəfərədək tarixi torpaqlarımızdan - Qərbi Azərbaycandan deportasiya edildilər. Biz bu tarixi yaxşı bilirik. Həmin dövrədək Ermənistanın 170-dən çox kəndində  ancaq azərbaycanlılar yaşayırdılar, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər. Bütövlükdə, soydaşlarımız Ermənistanın 300-dən çox şəhər və kəndində məskunlaşmışdılar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Bütün bu cinayətlər sovet hökumətinin gözünün önündə baş vermişdi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. Eyni zamanda, Qarabağda da xalqımıza qarşı cinayət törədildi.

XX yüzilliyin sonlarına yaxın Qarabağın və Şərqi Zəngəzurun işğalı xalqımızın növbəti faciəsi idi. Bu dəfə ermənilər havadarlarının köməyi ilə Azərbaycanın 10 min kvadratkilometrdən çox ərazisini öz nəzarətləri altına keçirməyə nail oldular. Sonuncu işğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bununla belə, üzləşdiyi məhrumiyyətlər xalqımızı sındıra bilmədi.

Yurd, torpaq həsrəti Qərbi azərbaycanlıların ürəklərinin başındadır

Azərbaycan xalqı bir toplum olaraq torpağa qəlbən bağlıdır. Qərbi azərbaycanlılar da gecə-gündüz əcdadlarımızın ruhları  dolaşan yurd yerlərinə qayıtmaq arzusu ilə yaşayırlar. Deyə bilərik ki, torpaq həsrəti onların qəlblərinin başındadır. Otuz illik işğaldan sonra Dağlıq Qarabağ, Şərqi Zəngəzur bütünlüklə separatçılardan təmizlənib və həmin ərazilərdə suverenliyimiz tam təmin edilib.

Növbəti hədəfimiz isə soydaşlarımızın Qərbi Azərbaycana qayıdışının təmin olunmasıdır. Hədəfimizi Prezident İlham Əliyev müəyyənləşdirib. Soydaşlarımızın yurd yerlərinə qayıdışına dərin inamını ifadə edən dövlətimizin başçısı vurğulayıb: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.

Qərbi Azərbaycandan olan soydaşlarımız yurd yerlərinə ləyaqətlə qayıtmaq əzmindədirlər. Nəhayət tarixi ədalətsizliyə son qoyulmalıdır. Burada Ermənistan hökumətinin üzərinə böyük məsuliyyət düşür.  Soydaşlarımızın qayıdışı əngəllənməməlidir, əksinə Ermənistanın rəhbərliyi bu geridönüşə şərait yaratmalı və təhlükəsizliyə təminatlar verməlidir. Bu məsələdə həmçinin beynəlxalq təşkilatlar da fəallıq göstərməli və Ermənistan hakimiyyətinə təsir göstərməlidirlər. Qərbi azərbaycanlıların geridönüşü beynəlxalq hüquqa və ədalət prinsipinə, humanizm normalarına tam uyğundur. Ermənistan hakimiyyətinin bunu ərazi iddiaları kimi təqdim etməyə çalışması isə növbəti riyakarlıq nümunəsidir.

Mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin yaradılması gündəmdə

Separatçıların İrəvanda fəallaşmalarına, burada tədbirlər keçirmələrinə və həmin tədbirlərdə Azərbaycana qarşı çağırışlar edilməsinə Ermənistanın müxtəlif dövlət qurumlarının seyirçi münasibət bəsləmələrindən o qənaət hasil olur ki, belə qərəzli fəaliyyətlərə məhz siyasi hakimiyyət rəvac verir. Bu, bir daha təsdiqləyir ki, N.Paşinyan və onun komandası səmimilikdən çox uzaqdır.  QAİ-nin yaydığı Bəyanatda vurğulanıb ki,  Qərbi Azərbaycan İcması son vaxtlar bir neçə dəfə Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoyulması ilə bağlı çağırış edib. Görünən odur ki, Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə, üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir.

Müşahidə edilən proseslərdən o nəticə hasil olur ki, artıq mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin yaradılmasının vaxtı yetişib. Azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı məsələsinə daha sistemli yanaşma olmalıdır. Qərbi Azərbaycandan olan, qaçqın həyatı yaşamış , hətta körpə ikən Qərbi Azərbaycandan valideyinləri ilə çıxmağa məcbur edilmiş deputatlar var ki, onlar daha fəal olmalıdırlar. Parlamentdə bununla bağlı xüsusi komissiyanın yaradılması məsələsinə də baxılsa, yaxşı olar. Bu məqamda vurğulamaq yerinə düşər ki, artıq Qərbi Azərbaycan İcması mühacirət hökumətinin qurulmasının anonsunu verib. “Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü “mühacirətdə olan hökumət” kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir. Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycan Respublikasında mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq”, - deyə QAİ-nin yaydığı Bəyanatda bildirilib.

Hər sentyabr gələndə havalanan Ermənistan

İrəvanda separatçıların fəallaşmaları sentyabr ayına təsadüf edir. Bu günlərdə həmçinin sosial şəbəkələrdə ermənilərin qol-qola girib şıdırğı yallı getmələrinə, eyş-işrət məclisləri düzənləmələrinə aid çoxsaylı paylaşımlar yayılır. Yada N.Paşinyanın Şuşada yallı oynaması, Azərbaycanın şanlı Zəfəri ilə yekunlaşan Vətən müharibəsinin başladığı 2020-ci ilin sentyabr günləri düşür. ..

Bir il əvvəl qondarma rejimin buraxılmasına imza atan Şahramanyan indi cəsarətlənərək Azərbaycanla söz oyununa başlayıb. Əlbəttə, qalib Azərbaycan üçün bütün bu iddialar cəfəngiyyatdır və heç bir məna kəsb etmir. Ermənistanın cəsarəti çatırsa, bu cəfəng ideyaların gerçəkləşdirilməsi istiqamətində hansısa bir addım ata bilər. Onda başlarına nə oyun gələcəyinə şahid olacaqlar. Görünən odur ki, hər ilin sentyabrında Ermənistan özünü havalı kimi aparmağa başlayır. 2020-ci ildən başlayaraq hər ilin sentyabrında zərbə almağa alışıblar. Unutmasınlar, “Dəmir yumruq” yerindədir, növbəti dəfə onun gücünü üzərlərində sınaqdan keçirə bilərlər. Azərbaycan Ordusu hazırdır!

Mübariz ABDULLAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
50
yeniazerbaycan.com

10Mənbələr