İçərişəhərdə XIV əsrə aid tarixi memarlıq abidəsi olan Multanı karvansarası təmir olunacaq.
İqtisadiyyat.az xəbər verir ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bununla bağlı hazırlıqlara başlayıb.
Təmir işlərini Avstriyanın dünyaca məşhur restavrasiya şirkəti olan "Atelier Erich Pummer GmbH" şirkəti həyata keçirəcək.
İdarə ilə şirkət arasında təmir işləri ilə əlaqədar olaraq dəyəri 2 645 000 manat olan müqavilə bağlanılıb.
Qeyd edək ki, "Atelier Erich Pummer GmbH" 2010-cu ildən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq edir. Bu müddət ərzində şirkət tərəfindən Qız Qalası, "Qoşa Qala" qapıları, Məhəmməd, Cümə və Bəylər məscidləri kimi məşhur tarixi abidələrdə restavrasiya işləri müvəffəqiyyətlə aparılıb. Yaxın tarixlərdə isə şirkət tərəfindən İçərişəhərdə yeni aşkar olunmuş Yeraltı hamam kompleksində restavrasiya işləri uğurla həyata keçirilib.
Xatırladaq ki, karvansara "Multanı" adını Pakistanın Multan şəhərinin adından alıb. Multanı karvansarası dəfələrlə tədqiq olunub, ölçülüb, 1973–1974-cü illərdə isə abidədə bərpa işləri aparılıb. Multanı karvansarası 70-ci illərdən "Restoran-karvansara kompleksi" adı altında fəaliyyət göstərir. Hazırda isə dövlət tərəfindən ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qorunur.