Şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi kimi tariximizə düşən Abbasqulu Molla Əlabbas oğlu Mehdizadə - Səhhət, Abbas Səhhət Şirvanın ən qədim şəhəri Şamaxıda anadan olub. Məşhəddə və Tehranda təhsil alıb. Tibb üzrə təhsilnən yanaşı dramaturgiya və poeziya marağı olub. Şeirlərində tibbi məsləhətlər verən bəndlər üstünlük təşkil edib.
1911-ci ildə Şamaxıda, maddi vəsait olmadığı üçün 7-ci sinifdə oxuyacaq uşaqlara kömək etmək məqsədilə Abbas Səhhət bir neçə nəfərlə ətraf kəndlərdən bir xeyli pul toplayıb, geri dönəndə, Şərididən meşəliyində 4 nəfər əli tüfəngli onların yolunu kəsir, faytondan düşürürlər. Səhhət deyir:
"O iş üçün ki, biz çıxmışıq, onda şəxsən nə mənim xeyrim var, nə də yoldaşlarımın. Mən həkiməm, yoldaşlarım daha hörmətli adamlardır. Bizim çalışmağımız ancaq körpə balalardan, sənin, onun uşağından ötrüdür. Biz istəyirik onlar oxuyub elmli olsunlar, elin-obanın dərdinə qalıb onlara kömək edə bilsinlər. İndi baxın, fikirləşin, bizimlə nə cür rəftar etmək istəyirsiniz, ixtiyar sizindir"
Və onlara toxumurlar.
Abbas Səhhətin aşağıdakı sözləri tarixin bütün dövrlərində özünü doğrultmuş idi:
"Bir xalqı çökdürmək üçün onu silahla, topla-tüfənglə qırmağa ehtiyac yoxdur. Daha rahat yol var - savadsızlıq. Bütün addımlar cəmiyyətin savadsız olması üçün atılarsa, təhsil pula çevrilərsə savadsızlıq çoxalar, mütaliə azalar. Zəkalı, ziyalı insanlara hörmət və rəğbət azalar. Lazımsız və yersiz zarafatlara gülüş çoxalar və ehtiyac artar"
"Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Vətəni sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz."
Deyən Abbas Səhhət dünyanın sonuna qədər Azərbaycan xalqı üçün Himnə bərabər əbədi yadigar qoyub .
Ermənilərin 1918-ci ilin mart ayında baş verən soyqırımı zamanı ermənilər tərəfindən Abbas Səhhətin evinə də od vuruldu. Şair əlyazmalarını belə götürməyə macal tapmadı. Erməni və bolşevik ruslar tüfənglərin qundaqları ilə onu elə oradaca bərk döymüşdülər. Körpə qızların ağlamasından sonra onu buraxıblar. Evsiz və köməksiz qalan Abbas Səhhət ailəsini götürüb məcbur şəkildə əvvəlcə Sabirabada, oradan Gəncəyə köçür.
Erməni-bolşevik silahlıları ailəsini yolda yaxalayaraq son azuqələrini, hətta suları belə əllərindən almışdılar. Gəncə yolunda qızı Ruqiyyə Sultan su deyərək əziyyət çəkmişdir. Dostuxanım isə bir neçə dəfə huşunu itirmiş idi.
Burda bir müddət yaşadı, xəstə idi, halı yox idi, lakin baş verən hadisələr barədə yazdı-yazdı. Şamaxıda törədilən soyqırımından sonra başlanan köçkün həyatı, üzləşdiyi ağır günlər və sonda aclıq və səfalətin gətirdiyi yatalaq xəstəliyi şairi ölümə doğru apardı. Ömrünün son aylarında iflic olur. Özü həkim olmasına baxmayaraq müalicə tam ala bilməyən Abbas Səhhət 1918-ci il iyulun 11-də, 44 yaşında Gəncədə vəfat edib.
Qeyd edim ki, evində çarəsiz qalan Abbas Səhhət 40 günə yaxın köməksiz vəziyyətdə qalır. Atasının gözləri həddən çox zəifləyir. Dərman və ərzaq almağa imkanları olmur. Ölümünə səbəb isə aclıq və zəiflikdən, stress və dərmansızlıqdan yaranan insult olur. Deyilənə görə son sözləri "Su, su, su" olub.
Gəncənin Sərbisgar qəbiristanlığında kimsəsizlər üçün qazılan məzarlardan birində dəfn edilir. Oğlunun qəbri üstünə gedərkən şairin atası elə qəbiristanlıqdakı təzə qazılan qəbrlərdən birinə düşür, saatlarla köməyə adam çağrır və heç kimin köməyə gəlməməsi səbəbilə ürəyi elə oradaca partlayır və vəfat edir.
Böyük insanın bədbəxt olan ailəsinin əksər üzvləri vəba xəstəliyinə düşür, vaxtında müalicə almadıqları üçün də rəhmətə gedirlər.
Ailəsindən cəmi Dostuxanım adlı qızı qalır. 10 yaşında digər qızı Ruqiyyə Sultan xəstəlikdən ölüb. Abbas Səhhətin nəvəsi Qəmərxanım Mehdiyeva da son zamanlara qədər sağ idi. Dəqiq bilmirəm indi sağdır ya yox. Amma bilirəm ki, o da ehtiyac içərisində yaşayıb və uzun illər kirayədə qalıb.
"Mən vətəni canım kimi sevərəm
Ruhum, ətim, qanım kimi sevərəm" deyən şair Vətəndə kimsəsiz bir şəxs kimi həyatını itirir.
Zaur Əliyev, tarixçi alim