AZ

Qərbin Gürcüstanda seçki “ssenarisi”

Məlum olduğu kimi, bu il oktyabrın 26-da qonşu Gürcüs­tanda parlament seçkiləri keçiriləcək. Baş nazir İrakli Ko­baxidzenin jurnalistlərlə söhbəti zamanı bildirdikləri isə onu deməyə əsas verir ki, Qərbin bəzi dairələri seçki məsələsində ölkədəki vəziyyəti qarışdırmaq niyyəti güdürlər. Onların əsas istəkləri rəsmi Tbilisinin Avropa İttifaqı ilə yollarını ayırması­dır. Daha doğrusu, ikincinin birincidən üz döndərməsi. Geniş mənada yanaşsaq, səbəb aydındır – Gürcüstanın müstəqil si­yasət kursunu gözləri götürmür. 

Bəli, Gürcüstanın eks-prezi­dent Mixeil Saakaşvilinin şəxsində ortada olmuş sadiq qərbpərəstlik xətti artıq tarixdir. Ancaq bu da bir faktdır ki, Saakaşvili həmin xətti ölkənin inkişafına yönəldən konkret addımlar atdı. Digər tərəf­dən, o zamankı Gürcüstana indiki Ermənistan kimi yanaşılmırdı. Gürcüstan, bir növ, sınaq nümunə­si idi. Qərb Gürcüstanın möhkəm­lənməsi üçün resurslar sərf etdi, o cümlədən, maliyyə resurslarından keçdi. Sonra isə etdiklərinin qar­şılığını istədi. Yəni ki, Gürcüstanı Qafqazın aktiv anti-Rusiya qalası­na çevirməyə qol çırmadı. Nəticə eibarilə ölkə Rusiya ilə qeyri-bə­rabər savaşa sürükləndi. 2008-ci ilin Rusiya–Gürcüstan müharibə­sini yada salaq. Eləcə də ikincinin məğlubiyyətini və rus qoşunlarının paytaxt Tbilisinin bir neçə kilo­metrliyinədək irəliləmələrini... 

Əlbəttə, hansı səmtdən yanaş­saq, Rusiyanın Cənubi Osetiya və Abxaziya xüsusunda həyata keçir­dikləri yolverilməzdir. Azərbaycan bütün beynəlxalq platformalarda Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bə­yan edir. Gürcüstan da zamanında ölkəmizin üzləşdiyi işğala qarşı oxşar mövqe sərgiləməklə etirazını bildirmişdi. 

Bəs 2008-ci ilin müharibəsi zamanı Tbilisini Moskvaya qarşı açıq demarşa təhrik edən Qərb nə etmişdi? Onun arxasında dayan­mışdımı? Əlbəttə ki, yox! Şübhə­siz, Azərbaycan kimi, Gürcüstan da nə zamansa haqqını əldə edə­cək, bunun üçün tarixi şərait ye­tişəcək. Ancaq haqqa çatmaq həm səbr və təmkinli olmaqdan, həm düzgün siyasət aparmaqdan, həm də keçilmiş yolu səmərəli şəkildə dəyərləndirməkdən, səhvlərdən nəticə çıxarmaqdan keçir. Hesab edirik ki, bu mənada Gürcüstanın hazırkı iqtidarının həyata keçirdiyi kurs, kifayət qədər, sabitdir. Ölkə iqtidarı Qərbin təxribatlarına uy­mur. 

Bəli, hazırda Qərbi yandı­rıb-yaxan Gürcüstanın Ermənistan kimi, Qafqazın anti-Rusiya qalası olmaq istəməməsidir. Saakaşvili ilə qoyulmuş əsasın sıradan çıx­masından narahat qüvvələr var. Tbilisini Kremlə qarşı cəbhə kimi təsəvvürə gətirən həmin qüvvələr vaxtilə ölkə üçün etdiklərinin, ya­tırdıqları sərmayənin, belə demək mümkünsə, özünü doğrultmama­sından, “qızılgül inqilabı”nın nəti­cələrinin aradan qalxmasından çox narahatdırlar. O qədər naharatdır­lar ki, Gürcüstan vətəndaşlarının Avropaya vizasız gediş-gəlişinin ləğvinə dair cılız çağırış səslən­dirir, sanksiya tətbiqi barədə sər­səmləyirlər. Bir sözlə, tipik Qərb düşüncə tərzinin imperialist ele­mentlərini işə salırlar. Ola bilər, özlərinin gələcək planlarının icrası baxımından Ermənistana üstünlük verdiklərindən belə davranırlar. Onlardan hər şey çıxar... 

Sanksiyadan söz düşmüşkən, İ.Kobaxidze də bu barədə söz açıb və bildirib ki, Gürcüstana qarşı mümkün sanksiyaları qey­ri-ciddi hesab edir. O, tam haqlı­dır. Nəinki barəsində söz açılan tədbir, ümumən kollektiv Qərbin Gürcüstana münasibəti birincinin qeyri-ciddi obrazının növbəti nü­mayişidir. Özü də son dərəcə çir­kin formada. Əslində, Baş nazirin söylədikləri də həmin çirkin mən­zərənin etüdləridir. Onun sözlərinə görə, Gürcüstan müxalifəti ok-tyabrın 26-da keçiriləcək parla­ment seçkilərindən sonra ölkədə iğtişaşlar yaratmağa çalışacaq. 

İ.Kobaxidzenin dilə gətirdiyi gedişatı proqnozlaşdırmaq müm­kündür. Ötən bir ildə Qərb–Gür­cüstan qarşıdurması məsələsindəki müxtəlif elementlərin gündəmə gəlməsi bunu söyləməyə əsas ve­rir. Qərbin xüsusi xidmət orqanla­rının Gürcüstanda həyata keçirmək istədikləri, xarici agentlər haqqın­da qanunvericilik barədə yaşanan kütləvi etirazlar hər kəsə yaxşı məlumdur. O da məlumdur ki, bu tədbirlərin heç biri gözlənilən ef­fekti vermədi. Qarşıdakı parlament seçkiləri isə “məqsədə” çatmaq na­minə yaxşı “vasitədir”. 

Beləliklə, İ.Kobaxidze bildirir ki, ölkədəki radikal müxalifətin seçkilərdə qalib gəlməyə ümidi yoxdur və məhz buna görə həmin qütb seçkidən sonraya fokuslanır. Fokuslanır ki, vəziyyəti gərginləş­dirsin. Gürcü Baş nazir mövcud istiqamətdə hazırlıqların getdiyini də bildirir. Məsələn: “Onlar “Gür­cü arzusu” qalib gəlsə” sözlərini öz lüğətlərindən çıxarıb və daim “Gürcü arzusu” seçkiləri saxtalaş­dırsa” deyirlər”. 

Göründüyü kimi, ortada tipik Qərb yanaşmasından irəli gələn “ritorika” var. Yəni, hələ proses re­allaşmayıb, ancaq əks düşərgədə­kilər hakimiyyətin saxtakarlığa ge­dəcəyi klişesini tirajlayırlar. Necə də oxşar mənzərədir... O zaman Kobaxidze çox doğru olaraq bildi­rir ki, seçkilərin nəticələrini tanı­mamağa köklənmiş müxalif kəsim dövlət institutlarına hücum etməyə və ölkədə iğtişaşlar yaratmağa ça­lışacaq. Yeri gəlmişkən, qeyd edək ki, həmin kəsimin Azərbaycandakı tör-töküntüləri zamanında ölkə­mizlə bağlı eyni addımları atmağa həvəslənmişdi. 

İndi imkanları olsa, 1 sentyabr Milli Məclisə seçkilərlə bağlı da aranı qarışdırmaq istəyərdilər. An­caq heç nə edə bilmədilər. Çünki, əvvəla, ölkəmizdə xalq–hakimiy­yət vəhdəti güclüdür, ikincisi, dövlətimiz anti-milli təmayüllərə qarşı, kifayət qədər, möhkəmdir. Arzu edək ki, qonşu Gürcüstan da belə bir mövqeyə sahiblənməyin bəhrəsini görsün, siyasi kataklizm­lərdən uzaq olsun. Nəzərə alaq ki, istənilən siyasi təbəddülatlar ölkənin inkişafına zərbədir. İnkişaf üçün başlıca faktor isə sabitlikdir. Qərbin müxtəlif marginal qruplar vasitəsilə sıradan çıxarmağa çalış­dığı da elə sabitlik və əminamanlıq mühitidir. 

Əlqərəz, İ.Kobaxidze onu da vurğulayıb ki, seçkilərdən əvvəl və ya seçkilərdən sonra vəziyyə­tin sabitliyini pozmaq cəhdlərinin qarşısı qanun çərçivəsində alına­caq. O, təmsil olunduğu hakim komandanın destruktiv meyillərin aradan qaldırılması üçün bütün la­zımi resurslara malik olduğunu da bildirib, əminlik yaradıb: “Heç bir təxribat uğur qazanmayacaq və hər bir cinayət əməli ağır cəza ilə qar­şılanacaq”.

Sonda qeyd edək ki, Gürcüs­tanda bu il oktyabrın 26-da ke­çiriləcək parlament seçkiləri ilə bağlı kampaniya sakit şəraitdə gedir. İ.Kobaxidze də bu məqamı açıqlayıb və əlavə edib ki, möv­cud istiqamətdə bir dənə də olsun ciddi pozuntu aşkarlanmayıb. Biz isə qonşu xalqın növbəti sınaqdan uğurla çıxacağına, Qərbin siyasi missionerlərinin ölkəni qarışdır­maq planlarının iflasa uğrayacağı­na inamımızı ifadə edirik. 

Ə.CAHANGİROĞLU
XQ

Seçilən
71
xalqqazeti.az

1Mənbələr