AZ

Putini həbs edib, dalında durmaq olarmı? - Moskva elə hərəkət edər ki...

 

Çox beynəlxalq təşkilatlara üzv olmaq, konvensiyalara qoşulmaq da bir şey deyilmiş. Hamısı öhdəlikdir, yükdür, borcluluqdur.

Son 20 gündə Rusiya prezidenti Vladimir Putinin Azərbaycana və Monqolustana səfərləri və onların ətrafında yaranan beynəlxalq ajiotaj göstərdi ki, indiki məqamda çoxöhdəlikli olmağın ziyanı var.

Bildiyiniz kimi, Putinin Bakıya səfəri böyük dövlətlərin diqqət mərkəzində olsa da, rəsmi Bakıya irad bildirən, qarşısında tələb qoyan olmadı. Hesablar içəridən getdi.

Ancaq Monqolustana irad tutan, ona qarşı tələblər irəli sürən çox oldu – Avropa İttifaqından tutmuş Ukraynaya, Amnesty İnternational, Human Rights Watch kimi təşkilatlara qədər.

Bu dövlətlər və beynəlxalq təşkilatlar Monqolustandan Putini həbs etməyi tələb edirdilər.

Ona görə ki, Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsi ilə müqaviləsi var, Roma Statutunu imzalayıb və bu qurumun çıxardığı qərara, verdiyi orderin tələblərinə riayət etməlidir.

Beynəlxalq Cinayət Məhkəməsi isə hələ iki il öncə RF prezidenti Vladirmir Putini Ukraynaya qarşı aparılan müharibədə törədilən hərbi cinayətlərə görə suçlu elan edib və barəsində həbs qətimkan tədbiri seçib.

Ancaq Monqolustan Roma Statuna əməl etmədi, edə bilmədi və buna görə beynəlxalaq birliyə lazımi şəkildə cavab verdi. Ölkə hakimiyyətinin sözçüsü bəyan etdi ki, ölkənin Rusiyadan ciddi enerji asılılığı var və Rusiyaya qarşı yanlışa yol versə, Moskva “südü kəsər”.

ABŞ Dövlət Departamenti Monqolustan hakimiyyətinin bu bəyanatını qaneedici sayıb, onsuz da zəif və kasıb dövlət olan Monqolustanın daha pis vəziyyətə düşmək istəməməsini anlayışla qarşılayıb.

Ancaq Avropa İttifaqı elə düşünmür. Bu birlik hətta Monqolustanı cəzalandırmaq fikrindədir, Putinin Ulan-Batorda mütləq həbs olunmalı olduğunu bildirir.

Bu avantürizmdir. Putin adi cinayət törətməkdə ittiham olunaraq İnterpol vasitəsilə axtarışa verilən və qırmızı bülletenlə axtarılan sıravi canilərdən deyil, o, dünyanın ikinci ən böyük nüvə arsenalına malik dövlətin prezidentidir. Putinin əlinin altında sayı milyonu aşan hərbçilər var, rəhbərlik etdiyi partiyanın üzvlərinin sayı Avropa ölkələrinin bir çoxunun əhalisindən çoxdur.

Üstəlik, sanki avropalılar məşhur “müəmma dolu rus ürəyi” amilindən xəbərsizdirlər, elə bilirlər, hər hansı kiçik bir ölkə, məsələn, Rusiyanın ortabab quberniyası boyda olan bir dövlət RF prezidentini asanlıqla həbs edə və bu aktın dalında dura bilər.

Onlar Rusiya isteblişmentinin hansı yollara əl ata biləcəyini təxmin edəcək qafada deyillər. Rusiyanı idarə edənlər Putinin hansısa ölkədə həbs ediləcəyi halda, heç də bəyanat yayaraq, “eybi yox, biz özümüzə başqa prezident seçərik” deməyəcəklər, həmin dövlətə bir neçə saat (bəlkə də daha az) vaxt verəcəklər və nüvə başlıqları daşıyan ballistik raketləri həmin ölkəyə tuşlayacaqlar.

İndi kimsə düşünə və deyə bilər ki, bir elə də olmaz. Bal kimi olar. Bunu kim bilməsə də, əsrlərcə Rusiyanın qonşuluğunda yaşayan, onunla ünsiyyəti olan ölkələrdə yaxşı bilirlər.

Adi bir misal. Ötən əsrin 80-ci illərinin ortalarında Fələstin terrorçuları Beyrutda SSRİ səfrilyinin əməkdaşlarını girov götürüblər və Moskvanın Dəməşqə təsir etməsini, Hafiz Əsədin onlara qarşı planlaşdırdığı əməliyyatdan çəkindirilməsini tələb ediblər. İşdə uzun illərdir Moskvanın himayəsində olan Yasir Ərəfatın da barmağı olub. Girovların danışıqlar yolu ilə qaytarılması mümkün olmayıb. Belə olanda Kremldən düymə basılıb və sovet kəşfiyyatçıları diplomatları girov götürənlərin böyüyü İmad Muaniyin ən yaxın köməkçilərinin iki qohumunu girov götürüblər. Bir neçə gün sonra onlardan birinin boğazı kəsilmiş meyidi evinin girişində tapılıb. Ölən adamın yanında belə bir məktub olub ki, sovet girovları dərhal azad edilməsə, ikinci girov da eyni aqibətlə üzləşəcək. Eyni zamanda İ.Muaniyin müavini H.Salamenin doğma qardaşı da aradan götürülüb. Ondan sonra terrorçular anlayıblar ki, SSRİ zarafat ediləsi ölkə deyil və girov diplomatları azad ediblər.

Rusiya həmin SSRİ-nin varisidir və hazırda daha aqressivdir. Onun rəhbərini həbs edərək salamat baş saxlamaq mümkün deyil.

Ona görə də Monqolustanın başqa variantı yox idi.

Ancaq Monqolustan bu addımı ilə Ermənistanı pis vəziyyətə qoydu. Məlum olduğu kimi, Ermənistan da Roma Statunu imzalayıb. Paşinyan iqtidarı Putinin bu ölkəyə gələcəyi halda aqibətinin necə olacağı barədə ikibaşlı danışır, yəni birmənalı təminat vermir. Moskva bu söhbətdən çox narazıdır və Monqolustanın cürətli hərəkətindən sonra İrəvanın laübalı davranışı anlayışla qarşılana bilməz.

Əslində Ermənistan heç bir vəchlə nəinki Putini həbs edə bilməz, hətta onu bir qapalı yerdə öz iradəsi olmadan 5 dəqiqə belə ləngitməyi bacarmaz. Dərhal bu ölkədəki Rusiya qoşunları və 5-ci kolon, Rusiyaya rəğbət bəsləyən yerli fəallar bir araya gələr, qəti hərəkətə keçərlər və hökuməti devirərlər.

Onu da qeyd edək ki, 2024-cü ilə qədər 137 dövlət BCM-lə müqavilə imzalayıb. Onun 33-ü Afrika, 20-si Asiya-Sakit okean regionu, 18-i Şərqi Avropa, 28-i Latın Amerikası və Karib hövzəsi, 25-i isə Qərbi Avropa dövlətləridir. Bunlardan 124 ölkə Roma Statunu ratifikasiya edib və BCM qarşısında öhdəlik daşıyırlar.

Azərbaycanın BCM-lə müqaviləsi yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
2
musavat.com

3Mənbələr