AZ

Ermənilər birgəyaşayışdan imtina edir - politoloqdan ilginc təklif

“Bakı ilə təhdid və şantaj dilində danışmaq mümkün deyil, odur ki, bəzi revanşistlərin iddiaları utopiyadır”

Qarabağın keçmiş erməni sakinləri kütləvi şəkildə Ermənistan vətəndaşlığı almaq üçün müraciət edirlər. Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəhbəri Armen Qazaryan parlamentdə çıxışı zamanı deyib. Qarabağ erməniləri üçün Ermənistan vətəndaşlığının alınmasına sadələşdirilmiş prosedur qüvvədədir.

Onun sözlərinə görə, avqustun 30-na kimi 4300 nəfər Ermənistan vətəndaşlığı üçün müraciət edib. Onlardan 2900-dən çoxuna vətəndaşlıq verilib. Sadələşdirilmiş prosedur zamanı vətəndaşlıq orta hesabla iki ay ərzində verilir. Bu arada ermənilər Qarabağda yaşamaq hüquqlarına dair absurd iddialarla çıxış edirlər.

“Qarabağ ermənilərinin geri qayıtması üç halda mümkündür”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli revanşist politoloq Suren Surenyantsın sosial şəbəkələrdəki statusunda əks olunub.

“1. Ermənistan Azərbaycanı yeni müharibədə məğlub etməlidir. Müharibə haqqında tezis özlüyündə təhlükəlidir və qeyri-real fantaziyalar sahəsinə yerləşdirilir. 2. Qarabağ ermənilərinə beynəlxalq zəmanətlər tətbiq olunmalıdır. Bu, təlatümlü dünyada tamamilə qeyri-real bir şeydir, üstəlik, Rusiya və ya Qərbin Azərbaycanı Qarabağ erməniləri naminə nəyəsə etməyə məcbur etməkdə strateji marağı yoxdur. 3. Qarabağ erməniləri Azərbaycanın şərtləri ilə qayıtmağa razı olmalıdır. Paşinyanın "unut" siyasəti Ermənistanı Azərbaycanın sub-dövlətinə çevirəcək, bəzilərinin “romantikası” siyasi ictimaiyyəti, başqa sözlə, dövləti öldürəcək", - deyə revanşist politoloq yazıb. Məsələyə dair politoloq Qafar Çaxmaqlı maraqlı kontrarqumentlərlə çıxış edib.

Sitat: “Ermənilər həm öz resursları, həm də beynəlxalq təşkilatların imkanlarından yararlanaraq Qarabağa ermənilərin qaytarılması məsələsi ilə üzərimizə gələcəklər. Kilsə dini abidələri bəhanə edəcək, siyasət adamları hansısa insan hüquqlarını önə sürəcəklər, Toivo Klaar kimilərin dilindən səslənən fikirləri öz xeyirlərinə yozaraq hansısa beynəlxalq haqlardan danışacaqlar. Azərbaycanın mövqeyi açıq və net olmalıdır. Ermənilərin Qarabağa geri dönməsi mümkün deyil, çünki Ermənistanda azərbaycanlı əhali yoxdur. Həm də Azərbaycan ermənilərin tərk etdikləri məkanlara evsiz-eşiksiz Azərbaycan qaçqınlarının yerləşdirilməsi işinə başlamalıdır”.

Azərbaycanın mövqeyi zatən bəllidir. Ancaq ermənilər cəfəng iddialarında davam edərlərsə, hansı addımlar atılmalıdır?

Deputat Azər Badamov bu prosesin qarşılıqlı şəkildə baş verə biləcəyini mümkün sayır: “Ermənilərin Qarabağa necə qayıda biləcəyi ilə bağlı Azərbaycanın dəyişilməz mövqeyi var. Bu, ancaq Azərbaycan vətəndaşlığını almaqla mümkündür. Bunun üçün Ermənistan da eyni qaydanı eyni şərtlərlə Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlılarla bağlı paralel şəkildə tətbiq etməlidir. Belə olan halda qarşılıqlı şəkildə azərbaycanlılar Qərbi Azərbaycana, ermənilər də Qarabağa qayıda biləcəklər.

Amma Ermənistan hakimiyyəti ermənilərin Qarabağa qayıdışının mümkün olmadığını açıq şəkildə bildirib. Paşinyan öz çıxışlarında bu məsələ ətrafında dəfələrlə açıqlamalar verərək bildirib ki, erməniləri Qarabağdan çıxaran Qarabağın keçmiş separatçı rəhbərliyi və Qarabağ klanı olub. İndi də bu məsələni ortaya atmaqla keçmiş separatçı rejimin rəhbərliyi və Qarabağ klanının nümayəndələri Paşinyana təzyiq göstərməyə çalışırlar. Hətta bu məsələyə erməni lobbisi də qoşulub və Qərbdə özlərinə Klaar kimi dəstəkçilər tapmaqdadır. Paşinyan hakimiyyəti ermənilərin Qarabağa qayıtmasının mümkünsüzlüyünü başa düşüb və ona görə də könüllü köçmüş ermənilərə Ermənistan vətəndaşlığı verilir. Qarabağdan çıxmış ermənilərin bir hissəsi xarici ölkələrə daha yaxşı yaşayış üçün gedirlər, yerdə qalanlara da Ermənistan vətəndaşlığı verilərək orada yaşamağa davam edəcəklər. Halbuki onlar zatən 30 ildə Ermənistan vətəndaşlığı pasportlarını daşıyırdılar və həmin pasportlarla xarici səfərlərə gedirdilər. İndi isə burada qeyri-adi bir şey yoxdur. Yəni kimlərdə Ermənistan pasportları yoxdursa, onlara da verilir və öz vətəni Ermənistanda yaşamaqda davam edəcəklər. Azərbaycan ərazilərində suverenliyi tam şəkildə bərpa edib. Ölkəmizə gəlib-getmək üçün qanunlarımızda nəzərdə tutulmuş tələblər icra olunmalıdır. Ermənilərin ölkəmizə gəlməsi də iki ölkə arasında sülh müqaviləsi imzalanandan  və diplomatik əlaqələrin yaradılmasından sonra mümkün olacaqdır. Yəni iki ölkə arasında imzalanacaq sənəddə Azərbaycan və Ermənistan vətəndaşları viza ilə və ya da vizasız MDB ölkələrinin vətəndaşları kimi qarşılıqlı səfərlərin edilməsinə razılaşacaqlar. Suveren dövlətlər suveren qanunlar çərçivəsində, beynəlxalq normalara uyğun münasibətləri qururlar. Bu məsələ Azərbaycan və Ermənistan arasında formalaşacaq münasibətlərə də aid olacaq".

Ümid

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bu bəyanatın aldadıcı olduğunu vurğuladı: “Keçmiş separatçı rejimdə yaşayanların böyük çoxluğu Ermənistandan köç edərək orada məskunlaşan ermənilər idi. Ermənistanın sabiq rəhbərliyi məskunlaşdırma siyasəti həyata keçirərək demoqrafik vəziyyəti öz xeyirlərinə dəyişmək istəyirdilər. Onların məkrli planları 44 günlük müharibədə Azərbaycanın parlaq qələbəsindən sonra tam iflasa uğradı. Qarabağdakı ermənilər Bakının reinteqrasiya təkliflərini imtina edərək könüllü və təhlükəsiz şəraitdə Ermənistana geri döndülər. Ermənistanın Daxili İşlər və Miqrasiya nazirlikləri tərəfindən açıqlanan bəyanat da aldadıcıdır. Çünki "Dağlıq Qarabağ" separatçı rejimi dünya birliyi tərəfindən tanınmadığına görə onlara Ermənistan vətəndaşlığı pasportu verilirdi.

Erməniləri bəhanə edərək Azərbaycana və Azərbaycan hakimiyyətinə xarici təzyiqlərin də nəticə verəcəyini düşünmürəm. Azərbaycan 2020-ci il müharibəsindən sonra regional güc mərkəzinə çevrilib və beynəlxalq əhəmiyyəti artıb. Bu gün rəsmi Bakı ilə təhdid və şantaj dilində danışmaq mümkün deyil. Odur ki, bəzi revanşistlərin iddiaları utopiyadan başqa bir şey deyil və qeyri-ciddi  səslənir".

Şuşanın

Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov bu məsələdə beynəlxalq aləmin ikili rol oynamasına toxundu: “Ümumiyyətlə, nəinki Ermənistan, bir sıra hallarda hətta beynəlxalq ictimaiyyət də azərbaycanlıların və ermənilərin qayıdış hüququna bərabər yanaşmırlar. Belə ki, ermənilərin Qarabağa qayıdış məsələsi qabardıldığı halda, azərbaycanlıların perspektivdə Qərbi Azərbaycana - tarixi torpaqlara qayıtması barədə bir kəlmə də deyilmir. Halbuki azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tamamilə beynəlxalq hüquqa uyğun olmaqla həm də tarixi ədalətin bərpasıdır. Üstəlik, Qərbi Azərbaycan, o cümlədən Zəngəzur, İrəvan, Göyçə tarixi Azərbaycan torpaqlarıdır. Ermənilər isə Qarabağa sonradan yerləşdiriliblər. Bəzi araşdırmaçılar düşünür ki, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və deportasiyaların əsas səbəbi ölkənin milli tərkibinin dəyişdirilməsi olub. Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınlar da daxil olmaqla, 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada - 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə məruz qalaraq doğma yurd-yuvalarını tərk etməli olub. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə oradakı qəbiristanlıqlar, tarixi-mədəni-dini abidələr, məktəb, xəstəxana və digər binalar darmadağın edilib. Bundan sonra azərbaycanlıların yüzlərlə qədim yaşayış məskəninin adı dəyişdirilib, ermənisayağı saxta tarix yazılıb. Əslində istər ABŞ, istərsə də Aİ bu məsələdə ədalətsiz mövqe tutduğunun nəinki fərqindədir, hətta bunu məqsədli şəkildə etdiyi də şübhə doğurmur. Səbəb çox sadədir: Cənubi Qafqazla bağlı destruktiv planları məhz onları öz himayədarı kimi görən Ermənistanın vasitəsilə həyata keçirmək. Hər halda, Ermənistanın, xüsusilə son vaxtlar Qərbin direktivlərini qeyd-şərtsiz yerinə yetirməsi bu qənaəti daha da möhkəmləndirir. Bakı ilə münasibətlərin normallaşması üçün İrəvanın siyasi iradə göstərməsi zəruridir. Bunun əsas komponentlərindən biri də azərbaycanlıların indiki Ermənistan ərazisinə qayıdış hüququnun rəsmi səviyyədə tanınmasıdır. İrəvan bu çərçivədə destruktiv mövqedən çıxış etdikcə, münasibətlərin normallaşmasında ciddi uğura nail olmaq mümkün görünmür. İrəvan başa düşməlidir ki, daha rəsmi Bakı ilə oyun oynamaq olmaz. Bu, təhlükəlidir. Oyun oynamaqdan, "suları bulandırmaqdansa", tarixdən dərs çıxarmaq lazımdır: Azərbaycan çox vaxt özü öz işini həll etməli olub. Bu, Qərbi Azərbaycana qayıdış üçün də istisna deyil. Ermənistanın və beynəlxalq ictimaiyyətin azərbaycanlıların qayıdış hüququnu tanımaması perspektivdə Qərbi Azərbaycan hökumətinin təsis edilməsi ilə nəticələnə bilər. Bu, rəsmi Bakının əlini gücləndirən faktor olacaq. Eyni zamanda bir daha göstərəcək ki, Azərbaycan hökuməti Qərbi Azərbaycana qayıtmaqda, özü də dinc yolla qayıtmaqda israrlıdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
2
musavat.com

3Mənbələr