AZ

Təbiəti zibilləyənlər - Çağırışlara məhəl qoymayanlar kimlərdi…

“Təmiz ölkəm” devizi altında may ayından start götürən Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizi sahillərində, dağ, meşə ərazilərində, çayların, göllərin, su anbarlarının ətrafında, yol kənarlarında təmizlik aksiyaları keçirilib. Ümumrespublika Təmizlik Marafonu çərçivəsində 89 tondan çox tullantı yığılaraq daşınıb.

Bu qədər tullantının yığılmasına səbəb nədir? İnsanlar nəyə diqqət yetirməlidir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və Kommunikasiya şöbəsindən Səyyarə Məmmədova Modern.az-a bildirib ki, bu tədbirlərin məqsədi insanlara çağırış etməkdir ki, tullantıları ətraf mühitə atmasınlar:

"İnsanlar özləri ilə gətirdikləri qidaları, əşyaları istifadə etdikdən sonra yaranan tullantıları ərazilərdə qoymasınlar. Əfsuslar olsun ki, hətta yaxında tullantı qabları olarkən belə insanlar tullantıları yerə atırlar. Bəzən deyirlər ki, ətrafda tullantı qabları yoxdur, amma bu da düzgün yanaşma deyil. İstirahət üçün təbiətə üz tutan vətəndaşlar özləri ilə qidanı aparırsa, istifadəsini bitirdikdən sonra eyni şəkildə tullantını torbaya yığıb özləri ilə aparmalı və ən yaxın yerdə tullantı qablarına atmalıdırlar. Bu heç bir halda səbəb deyil ki, vətənfaşlar ətraf mühiti - dənizi, çayları, gölləri, meşə ərazilərini çirkləndirsinlər. Plastik tullantılar yüz illərlə çürümür, şüşə tullantılar həm də meşə yanğınlarına səbəb olur. Bir çox hallarda təmizlik aksiyaları keçirərkən görürük ki, qida tullantıları ilə yanaşı, tibbi tullantılar, sənaye tullantılarına da rast gəlinir.

Təhsil müəssisələrində - universitetlərdə və məktəblərdə yeniyetmə və gənclərlə mütəmadi olaraq təlimlər keçiririk, çağırışlar edirik. Ümumilikdə, vətəndaşlara yönəlmiş tədbirlər, aksiyalar, digər stimullaşdırıcı tədbirlər həyata keçirilir”.

O qeyd edir ki, nazirlik olaraq tullantının qalaqlanması, vaxtında daşınmaması halları aşkar olunduqda xəbərdarlıqlar olunur, məcburi göstərişlər verilir:

"Bu məsələ Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırılır, qanunamüvafiq tədbirlər görülür.

Təbiət bizim yaşamağımız üçün bütün nemətlərini təqdim edir, biz isə bundan sui-istifadə edərək ona zərər vurur, tullantılarla çirkləndirir, gözəlliklərini məhv edirik. Hər kəsi ətraf mühitin qayğısına qalmağa dəvət edirik”.

Gülarə Quliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
modern.az

1Mənbələr