AZ

İtaliya - Azərbaycandan Avropaya açılan qapı

Azərbaycan İtaliya ilə tarixi və mükəmməl ikitərəfli əlaqələrə malikdir.

Bu ölkə  iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye ölkələrindən biridir.

Avropada iqtisadi cəhətdən dördüncü, dünyada isə 7-ci ən böyük ölkə İtaliyadır.

Dünyada ilk 10 ən böyük məhsul ixracatçısından biri İtaliyadır.

Ən çox şərab ixrac edən, ən böyük turizm regionlarınlarına malik olan, dünyada 3-cü ən böyük qızıl-valyuta ehtiyatı olan İtaliya Avropada 5-ci ən böyük avtomobil istehsalçısıdır.

Azərbaycan ilə İtaliya  arasında siyasi-iqtisadi münasibətlərin təməli 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti dönəmində başlayıb.

 Həmin dövrdə İtaliyanın bəzi iqtisadi və hərbi nümayəndələri Azərbaycanda olub və  əlaqələrin möhkəmləndirilməsi istiqamətində danışıqlar aparılıb.

SSRİ dövründə iki ölkə tərəflər arasında birbaşa iqtisadi əlaqələr mövcud olmasa da mədəniyyət sahəsində əməkdaşlıq davam etdirilib.

Azərbaycan müstəqillik əıldə etdikdən sonra ölkələrimiz arasında əlaqələrin yeni dövrü başlayıb.  

Müstəqilliyin ilk günlərində Azərbaycan hökümətinin nümayəndələri İtaliyada olub hökümət üzvləri, nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşlər keçirib.  

Səfər zamanı İtaliyanın “Tecnimont” və “Fata” şirkətləri ilə mühüm sazişlər imzalanıb.

Bununla da  iki ölkə arasında sıx siyasi və iqtisadi mübadilələrin uzun tarixi başlanıb.

1995-ci il noyabrın 10-da Azərbay­can Dövlət Neft Şirkəti və İtaliyanın ENİ/Agip şirkətinin də daxil olduğu beynəlxalq konsorsi­um arasında Xəzər dənizinin Azərbaycan sek­torundakı “Qarabağ” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgü­sünə, 1996-cı ilin iyunun 4-də Xəzər dənizinin Azərbaycan sektorundakı “Şah Dəniz” perspek­tiv strukturunun kəşfiyyatı, işlənməsi və hasi­latın pay bölgüsünə, 1998-ci ilin iyunun 2-də isə Xəzər dənizinin Azərbaycan sektorundakı “Kürdaşı” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlər imza­lanıb. 

Hazırda İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən böyük tərəfdaşdır.  

Cənub Qaz Dəhlizi (CQD) və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçərək Azərbaycan qazını İtaliyanın Brindisi sənaye limanındakı son təyinat nöqtəsinə çatdırır.

Bu sahədə əməkdaşlıq özünü xarici ticarət dövriyyəsində də göstərir.

Hazırda İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır.

2023-cü ildə İtaliya Azər­baycanın xarici ticarət dövriyyə­sində 31 faiz payla birinci yerdədir.

İxrac üzrə bu göstərici 45 faiz, idxal üzrə 2,8 faiz təşkil edir.

İxracda da İtaliya liderliyini qoruyur, idxalda isə 7-ci yerdə qərarlaşıb.

2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon ABŞ dolları təşkil edib.

Ötən il Azərbaycandan İtaliyaya 15 milyard 208 milyon dollar dəyərində məhsul ixrac olunub.

İtaliyadan Azərbaycana 477 milyon 903 min dollar dəyərində məhsul idxal edilib.

2024-cü ilin yanvar–iyul aylarında isə ti­carət dövriyyəsinin həcmi 6,2 milyard ABŞ dol­ları olub.

Bunun 300 milyon dolların idxalın  5,9 milyard dollar isə ixracın payına düşür.

İxracda şübhəsiz ki. əsas yeri xam neft, təbii qaz və neft məhsulları tutur.

Bununla yanaşı, Azərbaycan İtaliyaya tütün, meyvə və bir sıra kimya məhsulları ixrac edir.

Ölkəmiz  İtaliyadan buğda, un və makaron məmulatları, bitki yağı, şərabçılıq məhsulları, tütün məmulatları, dərman vasitələri, mineral gübrə, sabun və yuyucu vasitələr, plastik və metal konstruksiyalar, elektrik mühərrikləri, minik və yük avtomobilləri, mebelllər alır.

Azərbaycanla İtaliya arasında iqtisadi əlaqələri mövcud vəziyyətini və perspektivlərini dəyərləndirən iqtidaçı-ekspert Eldəniz Əmirov bildirib ki, İtaliya Azərbaycan üçün ən vacib  tərəfdaşlardan biridir.

“Azərbaycan qazandığı hər 100 dollardan təxminən 50 dollarını İtaliyadan əldə edir.

 Başqa sözlə, təkcə ötən il, yəni 2023-cü ildə Azərbaycanın 220-dən çox ölkə ilə ticarət aparması nəticəsində ölkəmizə 33,8 milyard dollar vəsait daxil olub ki, bunun 15,2 milyard dolları İtaliyanın payına düşür.

Bu fantastik nisbətdir.

Ticarət dövriyyəsinin detallarına gəldikdə isə onun ən yüksək həddi 2008-ci ildə olub.

Bunun da əsas səbəbi məhz həmin il Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin bu günə qədər olan tarixi rekord vurması olub.

Belə ki, 2008-ci ildə bu dövriyyə 54,9 milyard dolları ötüb.

Həmin il İtaliya ilə olan ticarət dövriyyəmiz də tarixin ən yüksək göstərici olaraq 19,4 milyard dolları keçib.

Bundan sonra 7 il ərzində azalmalar nəticəsində   2015-ci ildə İtaliya ilə ticarət dövriyyəmiz 7 dəfəyə qədər azalaraq 2,8 milyard dollara düşmüşdür.

Lakin bunun ardında davamlı artım dinamıkası nəticəsində 2022-ci ildə iki ölkə arasında 18,1 milyard dollarlıq ticarət əməliyyatları aparılıb.  

Ötən il isə bu dövriyyə 2,5 milyard dollar azalaraq 15,6 milyard dollar olmuşdur.

Lakin burada bir məsələni qeyd edim ki, bu azalma ticarət münasibətlərinin azalması deyildir.

Əsas səbəb qaz qiymətlərinin azalması idi. Rusiya-Ukrayna müharibəsinə görə 2022-ci ildə hədsiz yüksələn qaz qiymətləri səbəbində dövriyyə 18 milyardı keçmiş, sonrakı ildə qiymətlərin sabitləşməsi səbəbindən 15,6 milyardda qərarlaşmışdır.

Ən əsas məsələlərdən biri isə idxal və ixrac arasındakı nisbətdir ki, burada da çox böyük müsbət fərq vardır.

Dövriyyənin 98 faizini bizim ixracımız təşkil edir.

Təbii ki, Azərbaycan da İtaliya üçün çox önəmli ölkədir. İtaliyanın idxalında Azərbaycan Türkiyəni belə qabaqlayaraq 12-cü yerdə qərarlaşıb.

Buna görə də Cənubi Qafqaz ölkələri ilə apardığı ticarətin 90 faizdən çoxu Azərbaycanın payına düşür.

Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir.

Prezident İlham Əliyevin 2020-ci ili ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” də imzalanıb.

Bunun da nəticəsidir ki, İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər.

İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir.

Cənab Prezidentin İtaliyaya bu səfəri heç şübhəsiz ki ölkələr arası olan siyasi-iqtisadi münasibəti daha da inkişaf etdirəcəkdir.

Eyni zamanda iqtisadi münasibətlərdə hökmran olan neft-qaz amilini tədricən əvəzləyəcək yeni istiqamətlər üzrə irəliləyişlər əldə olunacaq”.

Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanov Modern.az-a bildirib ki,  iki ölkə arasında əlaqələrin tarixi kökləri var.

İtaliya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən biridir.

İtaliya 1992-ci il yanvar ayının 1-də müstəqilliyimizi tanıyıb və dost mövqedə olduğunu hər zaman göstərib.

Qürurverici haldır ki, bu səmimi münasibətlər bu gün də  davam edir.

Eyni zamanda onu da vurğulamaq istərdim ki, İtaliya Cənubi Qafqaz ölkələri arasında ilk səfirliyini 1997-ci ildə məhz Azərbaycanda acıb.

1997-ci il sentyabrında ulu öndər Heydər Əliyevin İtaliyaya ilk səfəri baş tutub ki, məhz bundan sonra iki ölkə arasında iqtisadi əlaqələlərin təməli qoyulub.

Digər tərəfdən, İtaliya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən biridir.

İtaliya Avropa Birliyi ölkələri arasında iqtisadi rəqabət qabiliyyətinə görə ilk sıralardan birini tutur. Düşünürəm ki, Azərbaycan həm xidmət, həm istehsal sahələrində İtaliya təcrübəsindən də yararlanmalıdır.

İtaliya şirkətləri tikinti-rekonstruksiya işlərində böyük təcrübəyə malikdirlər. Bu ölkənin iş mühiti ilə yaxından tanış olan bir şəxs kimi  deyə bilərəm ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində onlar uğurlu layihələr həyata keçirmək imkanlarına malikdirlər. 

Biz özümüz də təşkilat olaraq italiyalı iş adamlarının Azərbaycana cəlb edilməsində yaxından iştirak edirik”.

Mütəxəssislər hesab edir ki,  İtaliya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən iş­ğaldan azad edilmiş ərazilərdə yenidənqurma layihələrinə cəlb olunması möhkəm iqtisadi əlaqələrin göstəricisidir və bu tərəfdaşlığın daha da genişləndirilməsi üçün potensial im­kanlar mövcuddur.

 Xüsusilə, kənd təsərrüfatı, maşınqayırma, irriqasiya sahələrində İta­liyanın qabaqcıl təcrübəsinin öyrənilməsi və bu istiqamətdə tərəfdaşlıq əlaqələrinin inkişaf etdi­rilməsi mühüm əhəmiyyət daşıyır.

Seçilən
108
50
modern.az

10Mənbələr