İtaliyanın mədəniyyət naziri Gennaro Sangiuliano sosial mediada influenser olan sevgilisini nazir müşaviri etməyə çalışdığını etiraf edib.
İndex.az xəbər verir ki, iddialara görə “İnstagram”da açıqlamalar verən influenserin hökuməti sarsıdacaq ifşa materialları ola bilər.
62 yaşlı və evli Mədəniyyət Naziri Gennaro Sangiulianonun 41 yaşlı influenser Maria Rosaria Boccia ilə münasibəti Boccianın sosial media paylaşımları vasitəsilə üzə çıxıb.
Avqustun 26-da Boccia “İnstagram”da nazirlə çəkdirdiyi fotosunu belə bir mesajla paylaşdı: “Məni əsas hadisələrə cavabdeh olan nazirin müşaviri təyin etdiyi üçün mədəniyyət naziri Gennaro Sangiulianoya təşəkkür etmək istəyirəm”.
Bu təyinat mətbuatın diqqətini çəkəndə nazirlikdən təkzib gəldi. Sangiuliano komandası isə belə bir təyinatın olmadığını dedikdə, Boccia yeni açıqlamalar verməyə başladı.
Demək olar ki, hər gün davam edən iddialara və ifşalara baxmayaraq günlərdir səssiz qalan nazir Sangiuliano, nəhayət, dünən axşam bir televiziya proqramında ilk dəfə danışdı.
İctimai yayımçı “Rai” ilə danışan Sangiuliano göz yaşı içində Boccia ilə emosional münasibət yaşadığını etiraf etdi.
Boccianın səfərlərdə onu müşayiət etdiyini də etiraf edən nazir, bu səfərlərin xərclərini nazirlik büdcəsindən deyil, öz cibindən qarşıladığını iddia edib.
Nazir Sangiuliano da bildirib ki, o, sevgilisinə nazirlikdə vəzifə təklif edib, lakin köməkçiləri buna qarşı çıxandan sonra bu təklifi geri götürüb.
Nazir həyat yoldaşından, baş nazir Meloni və həmkarlarından üzr istəyib. O, istefa ərizəsini Meloniyə təqdim etdiyini, lakin baş nazirin onun istefasını qəbul etmədiyini bildirib.