Vəzifəli şəxslərin, deputatların əksəriyyətinin maaşı az qala hər kəsə məlumdur. Gəliri bəlli olan şəxsin maaşından artıq qiymətə aksesuar, geyim, avtomobil, daşınmaz əmlak alması ictimaiyyətdə birmənalı qarşılanmır. Məsələn, sosial şəbəkələrdə deputat Hicran Hüseynovanın çantası müzakirələrə səbəb olub. Belə ki, onun həmin çantanı 10 min manata aldığı iddia olunur. Lakin H.Hüseynova sözügedən çantanı Çindən ucuz qiymətə aldığını və orijinal olmadığını bildirib.
Sual yaranır: Geyimi, əmlakı maaşı ilə uyğun gəlməyən şəxslərin bu davranışı korrupsiya şübhəsi yaradırmı və onun barəsində istintaq orqanları araşdırma aparmalıdırmı?
Əgər bahalı əşya hədiyyədirsə, o zaman vəzifəli şəxs hansı həddə qədər hədiyyə götürə bilər? Konkret olaraq, qanun buna nə deyir?
Məsələ ilə bağlı danışan siyasi şərhçi Heydər Oğuzun fikrincə, vəzifəli şəxslərin, dövlət məmurlarının az qala göz çıxaran şəxsi əmlakı mütləq anti-korrupsiya tədbirləri çərçivəsində qiymətləndirilməlidir.
O, məmurların, deputatların bizneslə məşğul ola bilmədiklərini qeyd edib:
“Dediyiniz kimi, onların maaşları bəllidir və qanunvericiliyə görə dövlət məmurları bizneslə məşğul ola bilməzlər. Əks halda, dövlət resurslarından şəxsi mənafeləri üçün faydalanmaq imkanı əldə edərlər. Bu isə istənilən ölkədə korrupsiyanın çiçəklənməsinə zəmin yarada və iqtisadiyyatı çökdürə bilər. Dünya dövlətləri məhz bu mənfi tendensiyanın qarşısını almaq üçün məmurlara bizneslə məşğul olmaq səlahiyyəti vermir. Əslində, Azərbaycan qanunvericiliyində də bu prinsip imperativ norma kimi təsbit olunub. Məncə, hüquq mühafizə orqanları, xüsusilə korrupsiyaya qarşı mübarizə idarələri qanunun bu tələblərini əldə rəhbər tutub bütün dövlət məmurlarının qazanc mənbələrini yoxlamalı, malik olduqları mülkiyyətin mənbələrini araşdırmalıdır”.
H.Oğuz deyib ki, məmurların əsasən də xaricdəki mülkiyyətləri ciddi şəkildə incələnməli və dövlətdən oğurladıqları pulların xaricə axıdılması ən böyük dövlət cinayəti kimi tövsif olunmalıdır:
“Çünki dövlət məmurlarının bu hərəkət və davranışlarının bir adı var: öz ölkəsinin müstəmləkəyə çevrilməsində və var-dövlətinin mənimsənilməsində imperialistlərlə əməkdaşlıq. Vaxtilə düşmən dövlətlər ələ keçirdikləri ölkələri bu şəkildə sömürüb, qənimət kimi xaricə daşıyırdılar. İndi isə sanki bu müstəmləkə siyasəti bizim korrupsioner məmurlar tərəfindən həyata keçirilir. Ölkəmizə düşməncəsinə yanaşan bütün korrupsionerlər layiqli cəzasını almasalar, vətənimizin tari-mar olunmasının qarşısını almaq mümkün olmayacaq, getdikcə zəifləyən dövlətçiliyimiz mövcudluq problemi ilə üzləşəcək. Bu baxımdan korrupsiyaya qarşı effektiv mübarizə ən ümdə təhlükəsizlik məsələsidir”.
Hüquqşünas Əkrəm Həsənov deyib ki, vəzifəli şəxs 55 manat dəyərində hədiyyə ala bilər:
“Hədiyyənin dəyərinin 55 manatdan yüksək olması artıq qanun pozuntusudur və korrupsiyaya bərabər tutulur. Əgər bahalı hədiyyə alarkən aşkar edilərsə, o zaman həmin şəxslər məsuliyyətə cəlb oluna bilər. Adətən, korrupsiya halları gizlin olur deyə, görə bilmirik. Hətta rüşvət də başqa şəxslər vasitəsilə ödənilir. Burada müxtləif variantlar mövcuddur. Dövlət işçisinin gəlirləri araşdırılmalıdır. Məsələn, dünyada məmurların gəlirləri və xərcləri bəyan edilir və buna bu qayda ilə nəzarət edirlər. Yəni sən hər il bəyan etməlisən ki, özün də daxil olmaqla ailə üzvlərinin gəliri və xərci nə qədərdir. Bizdə isə bu mexanizm yoxdur. 2005-ci ildə Azərbaycanda məmurların gəlirlərinin bəyan olunması haqqında qanun qəbul olunub. Lakin 19 ildir ki, bu qanunun sadəcə, adı var. Bəyannamə forması isə hələ də təsdiq olunmayıb”./Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta