AZ

"İslama qeyri-rəsmi münasibətdə olduğu qadını evə gətirdiyinə görə öz iradımı bildirdim və..." —AİLƏ MÜNAQİŞƏSİ

Şabran rayonunda 1982-ci il təvəllüdlü İslam ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Kəmaləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şabran rayonunun kəndində baş verib. İslam həyat yoldaşı Kəmalə ilə aralarında şəxsi münasibətləri zəminində birgə yaşadıqları evdə yaranmış mübahisə zamanı onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Kəmalənin baş və döş qəfəsindən xəsarətlər yetirib. 

Hadisəni törədən İslamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndilən şəxs qismində ifadə verən İslam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2011-ci ildə Cəlilabad rayon sakini Kəmalə ilə evlənərək ailə həyatı qurub: “Bu nigahdan bir övladımız olub.
Bakı şəhərində işləməyim ilə əlaqədar həftədə bir dəfə iki günlük evimə gəlmişəm.  Arvadım Kəmalənin Şabran Rayon Polis Şöbəsinə yazdığı ərizə ilə tanış olmuşam. Kənddə yerləşən ata evimdə anamla Kəmalə bir evdə yaşayıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Sumqayıt şəhərində yaşayan bacısı Nərminə ilə birlikdə saat 08 radələrində kəndə toy məclisinə gəliblər: “Bu zaman arvadım bağlara işləməyə getdi. Bizimlə  bir yerdə Sumqayıt şəhər sakini Səbinə adlı qadın da kənddə keçiriləcək toy məclisinə qonaq qismində gəldi. Saat 19 radələrində Kəmalə işdən evə gəldi. Bu zaman toy məclisindən evə qayıtdım. Bacım Nərminə ilə rəfiqəsi Səbinə isə toy məclisində qaldılar. Kəmalə evə gələn kimi mənə “bacınla evimizə pozgun qadın gətirmisən” dedi. Bu mövzuda aramızda söz mübahisəsi yarandı. Kəmalə hamam otağında yuyunaraq həyətdən bayıra çıxdı və qardaşları ilə telefonla danışacağını bəhanə edərək evdən getdi”. 

İslamın ifadəsinə görə, daha sonra Kəmalənin evə qayıtmadığını görüb və onu axtaranda toy məclisinə gedərək toya tamaşa edən 2013-cü il təvəllüdlü övladları Ləmanı özü ilə götürərək qonşunun evinə gedib, orada gecələdiyi məlum olub: “Gecə saatlarında Kəmalənin harada olmasından məlumatsız olduq. Səhər saat 6 radələrində Kəmalə övladımızla evə qayıtdı. Həyətin içərisindən mənim və ailə üzvlərimin ünvanına nalayiq ifadələrlə söyüşlər söydüyünü eşitdim. Evdən bayıra çıxdım və Kəmaləni sakitləşdirərək söyüş söyməməsini xahiş etdim. Kəmalə mənə məhəl qoymadı, söyüş söyməyə davam etməsi səbəbindən əsəbləşdim. Onun sifət nahiyəsinə bir dəfə əlimlə şillə vurdum. Kəmaləni bu hərəkətinə görə idarə etdiyim avtomobilə əyləşdirdim və Sumqayıt şəhərinə bacısının evinə apararaq düşürdüm”.

İslam qeyd edib ki, bacısı və evlərində qonaq olan Səbinə adlı qadın Kəmalə ilə görüşməyib: “Kəmalə ümumiyyətlə evin içərisinə daxil olmayıb, onlarla rastlaşmayıb. Bacım Kəmaləyə toxunmayıb, ona heç bir xəsarət yetirməyib. Kəmalə izahatda qeyd etdiyi sözlərin hamısı şər, böhtan xarakterlidir. Əvvəllər Kəmaləni döyməmişəm. Bakı şəhərində mənim qeyri rəsmi yaşadığım qadın olmayıb. Evimizə gələn Səbinə adlı qadını  bacımın rəfiqəsi olduğunu, toya baxmaq səbəbi ilə bizə qonaq gəlib”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Kəmalənin sözlərinə görə, təqsirləndirilən İslam onun əridir: “İslam ilə təxminən 13 ildir ki, ailə qurmuşuq, bir övladımız olub. İslam ilə ailə qurduqdan sonra onun Şabran rayonunun kəndində yerləşən ata evində yaşadıq. Ailəli olduğumuz müddət ərzində münasibətlərimiz yaxşı olmayıb. İslam mütəmadi olaraq məni incidərək döyüb. Lakin bu barədə polisə müraciət etməmişəm. Ərim İslam Bakı şəhərində işləyərk orada yaşayıb. Ayda bir dəfə yaşadığımız evə gəlib. Mən təxminən 2-3 il olar ki, ərimin Bakı şəhərində bir qadınla qeyri rəsmi münasibət saxladığını öyrəndim. Bu mövzuda İslam ilə aramızda dəfələrlə mübahisələrimiz olub. Mən özüm günəmuzd olaraq Siyəzən rayonu ərazisində yerləşən meyvə bağında işləmişəm”.

Kəmalə qeyd edib ki, hadisə günü, saat təxminən 18 radələrində işdən evə gəldiyi zaman evdə əri İslamın Bakı şəhərində qeyri-rəsmi münasibətdə olduğu qadını yaşadıqları evə gətirdiyini görüb: “Mən İslama qeyri-rəsmi münasibətdə olduğu qadını evə gətirdiyinə görə öz iradımı bildirdim. İslam mənə “ev mənimdir, kimi istəsəm, gətirərəm, sənə nə” sözlərini dedi. Bu mövzuda aramızda söz mübahisəsi yarandı. İslam oturduğum yerdə arxadan kürək nahiyəmə vurdu. Mən ağrıdan huşumu itirdim. Daha sonra ayağa qalxaraq su içdim, özümə gəldim. Sonra evdən bayıra çıxdım, gecəni qonşunun evində qaldım”.

Kəmalə deyib ki, ertəsi gün, təxminən saat 8 radələrində işə getmək üçün çantasını götürmək üçün evə gedib: “Evə daxil olduğum zaman ərim İslam ilə gətirdiyi qadını yataq otağımızda, mənim yatağımda yatdıqlarını gördüm. Onların üzərinə acıqlandım. İslam yuxudan oyanaraq üzərimə hücum etdi, məni vurmağa başladı. İslam yumruqla bir dəfə baş nahiyəmdən, alın nahiyəmə vurdu. Mən zərbənin təsirindən yerə yıxıldım, bizim səsimizə baldızım gələrək saçımdan və qolumdan tutaraq məni sürüdü, evdən bayıra atdı. Baldızım mənə “çıx get burdan qardaşım səninlə yaşamaq istəmir” dedi. Bundan sonra İslam məni öz avtomobili ilə Sumqayıt şəhərində yaşayan bacımın evinə apardı. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat verdim”. 

Bu cinayət işinə Şabran Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İslam 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonunun kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.

Fariz Məlikli
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
demokrat.az

1Mənbələr