AZ

"Tarixi ədalət “Dəmir Yumruq”la bərpa olunub" - ŞƏRH OLUNDU

“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsindən sonra 44 günlük müharibədəki Zəfərimizi doğuran siyasi-diplomatik və hərbi kursu uğurla davam etdirmiş, car ilin sentyabr ayının 19-da start verilmiş antiterror tədbirləri üçün baza formalaşdırmışdı. Prezident cənab İlham Əliyev çıxışlarında, dəfələrlə bu tədbirlərin bir növ anonsunu vermiş və tam əminliklə bildirmişdi ki, Azərbaycan torpaqlarında separatizm üçün meydan olmayacaq. Bəli, Qarabağdakı antiterror tədbirləri Azərbaycan dövlətinin və xalqının maraqlarına tam uyğundur, legitimdir. Bu tədbirləri gözləmək olardımı? Bəli! Çünki 2020-ci ildən başlayaraq, Ermənistan Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmadı. Qarabağda qeyri-qanuni hərbi birləşmələr, hərbi texnika, qurğu, silah və sursat saxladı. Üstəlik, müxtəlif yollarla əraziyə əlavə hərbi vasitələr cəlb etdi, şəxsi heyətin rotasiyasını həyata keçirdi, ərazilərimizi minaladı və sair yolverilməz hərəkətlər reallaşdırdı ki, bunların hamısı ölkəmizin konstitusion quruluşuna ziddir, dövlət suverenliyimizə təhdiddir”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.

O bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirlərinin başlanması gözlənilən idi: “Belə ki, Ermənistan, xüsusilə son dövrlərdə həm informasiya cəbhəsində, həm də hərbi müstəvidə Azərbaycana qarşı çeşid-çeşid, sistemli və ardıcıl şəkildə təxribatlar həyata keçirməkdə idi.

Qarabağdakı o zamanki separatçı rejim bölgənin erməni əhalisini girov saxlayır, onları özünün siyasi avantürizminə alət etmək yolu tutmaqla, ölkəmizin reinteqrasiya çağırışlarına məhəl qoymurdu. Ermənistan hakimiyyəti isə yeritdiyi siyasətlə belə yolverilməz təmayüllərə dəstək göstərir, dünya ermənipərəstlərinin köməyilə həmin rejimi “legitim statusa” malik dövlət quruluşu qismində təqdim edirdi. Təbii ki, belə “fəaliyyətin” qarşısının alınması üçün qətiyyətli addımlara ehtiyac var idi. Ermənistan Azərbaycanın haqlı tələblərinə məhəl qoymayaraq, eyni zamanda, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarını da dəfələrlə pozmuşdu.

Azərbaycana qarşı həyata keçirilən təxribatçı addımların qarşılığında Azərbaycan tərəfi hər dəfə Ermənistan tərəfinə bununla bağlı xəbərdarlıq etmişdir. Lakin bütün bunara baxmayaraq Ermənistan həm şərti sərhəddə, həm də Qarabağ iqtisadi rayonunda separatist qüvvələrlə birgə təxribatlara son vermədi. Bəzi Qərb ölkələrinin dəstəyindən ruhlanan Xankəndində və ətraf qəsəbələrdə mövcud olan qanunsuz erməni silahlı dəstələri regionda sabitliyə ciddi təhlükə idi. Həmin silahlıların dinc yolla zərərsizləşdirilməsi, bölgədə sabitliyin təmin edilməsi məqsədilə aparılan danışıqlar hər dəfə nəticəsiz qalırdı. Məhz bütün bu məqamları nəzərə alaraq BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində addımlar atılmalı idi. Artıq həmin addımlar atılaraq lokal xarakterli antiterror əməliyyatı başlanıldı. Unutmamalıyıq ki, qeyri qanuni erməni silahlıları yalnız region üçün deyil, həmçinin Qarabağın sakinləri olan dinc ermənilər özü üçün də ciddi təhlükə mənbəyidir. Bir sözlə regionun gələcəyi, inkişafı separatizmin kökünün birdəfəlik kəsilməsindən asılıdır. Belə ki, bütün bu prosesə qədər rəsmi Bakı 30 ilə yaxın bir müddətdə BMT-nin məlum 4 qətnaməsinin həyata keçirilməsini gözlədi. Lakin bu gözləmə və aparılan danışıqların səmərəsizliyi 2020-ci ilin 27 sentyabrında başa çatdı. Daha dəqiq desək, 44 gün ərzində Ermənistanın işğalçı siyasəti darmadağın edildi. BMT-nin qətnamələri məhz Azərbaycan ordusu tərəfindən həyata keçirildi. Lakin sonrakı 3 ildə də Bakı səbir və təmkin nümayiş etdirdi, bir sıra dövlət başçılarının Azərbaycanın ərazi bütövlüyünü tanıması faktoruna qarşılıqlı hörmətlə yanaşdı. Amma son anda Qarabağdakı saxta rejimin qondarma "prezident seçkilərini" keçirməsinə, ardıcıl diversiya və terror siyasətinin davamına əsla yol verilə bilməzdi.

Rəsmi İrəvan həmin vaxtlarda yarıtmaz fəaliyyəti ilə, eyni zamanda, göstərdi ki, ölkənin baş naziri Nikol Paşinyanın 6 oktyabr 2022-ci il tarixdə Praqada və 14 may 2023-cü il tarixdə Brüsseldə üç tərəfli görüşdə Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 min kvadratkilometr ərazidə suveren haqlarını tanımasına dair fikirləri boş söz yığınından başqa bir şey deyildi. Bəli, rəsmi İrəvan davamlı olaraq Qarabağdakı separatçı rejimi müstəqil siyasi hakimiyyət kimi təqdim edir, habelə, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsini Azərbaycanla sülh müqaviləsi müstəvisinə gətirir, bölgə ilə bağlı avantürist planları reallaşdırmaq əzmini göstərirdi.

Qarabağda humanitar böhran şousu, bölgənin erməni əhalisinə qarşı “etnik təmizləmə və soyqırımı”iddiaları da Ermənistanın xarici siyasətinin başlıca istiqamətlərini təşkil edirdi. Qarabağda antiterror tədbirləri başlayandan dünyanın müxtəlif dairələri, o cümlədən ermənipərəstlər bəyanatı bəyanat ardınca sıralamaqdadırlar. Fransadan, Avropa Birliyindən və digər təşkilatlardan olan “demokratiya carçıları” ortaya çıxıb çağırışlar səsləndirməklə məşğuldurlar. Onların bəziləri bir qədər də “irəli gedərək” ölkəmizi öz qanuni ərazilərində gördüyü tədbirləri pisləmək yolu tuturlar. Bundan əlavə Avropa Parlamentinin xarici məsələlər üzrə komitəsinin bir qrup ermənipərəst üzvləri belə Azərbaycana sanksiyaların tətbiq edilməsi və Azərbaycandan neftin, qazın tədarükünün dayandırılması tələbi ilə çıxış etmişdilər.

Əlbəttə, belə gedişlərin heç bir xeyri olmadı, ola da bilməzdi. Azərbaycan xarici təzyiqlərə baxmayaraq artıq lokal xarakterli antiterror tədbirləri ilə Qarabağ iqtisadi rayonuna olan separatizm yuvasını məhv etdi və milli suvernliyini bərpa etdi. 2023-cü ilin sentyabrın 20-də qondarma xunta rejimi lokal antiterror əməliyyatına qarşı müqavimət göstərə bilməyərək təslim oldu. Bu təslimiyyət regionun gələcək inkişafının əsas istiqamətlərindən birini təşkil edəcəkdir. Sentyabr ayının 20-də Prezident cənab İlham Əliyev xalqa müraciətində bir sıra məsələlər toxunaraq lokal xarakterli antiterror əməliyyatının zəruriliyi, qraşıya oyulan vəzifələrin 1 gün içində yerinə yetirilməsi və əməliyyat nəticəsində suverenliyimizin bərpa olunmasını qeyd etmişdir. Bundan əlavə cənab Prezidentin müraciəti həm regionun, həm də Qarabağın erməni sakinlərinin gələcək inkişaf perspektivi və yol xəritəsidir. Beləliklə tarixi ədalət Azərbaycanın gücü və dəmir iradəsi ilə tam olaraq bərpa olundu.

Həmin ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması və Xankəndi şəhərindən xalqımıza müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xankəndi şəhərinə səfəri və Azərbaycan Bayrağının Xankəndidə dalğalanması, eyni zamanda lokal antiterror tədbirlərindən sonra işğaldan azad olunmuş məntəqələrdə bayrağımızın ucaldılması çox əhəmiyyət kəsb edən bir mesajdır.

Xalqa müraciətində Prezident cənab İlham Əliyev bidirib ki: “Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.

Beləliklə, 15 oktyabr tarixi təqvim günü siyasi iradənin növbəti təntənəsi kimi də Şanlı tariximizə yazıldı. Prezident, Müzəffər Ali Baş komandan cənab İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha parlaq şəkildə nümayiş etdirdi. 15 okyabr tarixi bir daha dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi. Əldə olunan Zəfərlər 2023-cü ilin 15 oktyabr tarixində özünün şanlı Zirvəsini yaşadı”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
2
sia.az

3Mənbələr