Fernandu Santuşun milli komandanı hansı üslubda oynadacağını demək çətindir.
Sitat.info xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi İqor Ponomaryov yığmamızın Millətlər Liqasında bu gün İsveçlə keçirəcəyi matç barədə danışarkən deyib.
64 yaşlı mütəxəssis İsveçin fərqli üslubda oynadığını söyləyib:
“Şanslar bərabərdir. Həm Azərbaycan, həm də İsveç yığmasının necə oynayacağını bilmirəm. Çünki hər iki komandanın baş məşqçiləri yenidir. Fernandu Santuşun milli komandanı hansı üslubda oynadacağını demək çətindir. İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson komandasına baxımlı futbol oynatmaq istəyir. Onlar tipik İsveç sxemindən çıxıb, Avropa futboluna keçid edirlər, yəni daha çox ötürmələrlə oynamağa üstünlük verirlər. Bu səbəbdən onlar haqqında nəsə demək çətindir. Həmçinin millimizin nələr edəcəyi ilə bağlı da danışmaq çətindir".
1988-ci ildə SSRİ millisinin heyətində Seul olimpiadasının qalibi olan, hazırda "Sabah" klubunun idman direktoru postunda çalışan İ.Ponomaryov azarkeşlərin oyundan məmnun ayrılacağına ümid etdiyini bildirib:
“Azərbaycan millisinin baş məşqçisi dünyada tanınmış, futbolda çox şeylər etmiş mütəxəssisdir. Xüsusən Portuqaliya yığmasını çalışdırdığı zaman. Düşünürəm ki, futbolumuzu, yığmamızı inkişaf etdirmək üçün onun yaxşı ideyaları var. Ona və millimizə qələbələr, uğurlar arzulayıram. Ümid edirəm ki, azarkeşlər oyundan məmnun ayrılacaqlar”.
Qeyd edək ki, Azərbaycan – İsveç matçı bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.