Rusiya prezidenti Vladimir Putin Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumunun əsas sessiyasında gündəmdə olan müxtəlif məsələlərlə bağlı açıqlamalar verib. Putin, Kursk və Zaporojyadakı atom elektrik stansiyalarına edilən hücumları dəyərləndirərkən, “Avropanın bu hissəsində nələrin baş verə biləcəyini ancaq oxşar şəkildə cavablandırsaq, təxmin edə bilərik” dedi.
Rusiya ordusunun Kursk bölgəsində vəziyyəti sabitləşdirdiyini bildirən Putin, “Düşmən Kursk bölgəsinə hücum edərək, Rusiyanı Donbasdakı irəliləyişindən yayındırmağa çalışdı, lakin buna nail ola bilmədi” deyib.
Rusiya üçün prioritet Donbasın azad edilməsidir
Prioritetlərinin Donbasın 'azad edilməsi' olduğunu vurğulayan Putin, Rusiya ordusunun bölgədə uzun müddətdir görünməmiş sürətlə irəlilədiyini söyləyib. Hücumlar səbəbilə Kursk bölgəsindəki insanların çətin bir proses yaşadığına diqqət çəkən Putin, "Düşməni bu torpaqlardan qovmaq və vətəndaşlarımızı qorumaq üçün hər şeyi etmək Rusiya ordusunun müqəddəs vəzifəsidir" dedi.
“İstanbul razılaşması əsasında görüşməyə hazırıq”
2022-ci ildə İstanbulda Ukrayna ilə razılaşma əldə edildiyini vurğulayan Putin, “Əksinə göstəriş verildiyi üçün bu razılaşma qüvvəyə minmədi. ABŞ, Avropa və bəzi Avropa ölkələrinin elitasında Rusiyaya strateji məğlubiyyət vermək istəyi var idi. Ancaq bəzi müvəqqəti tələblər əsasında deyil, İstanbulda razılaşdırılan və faktiki olaraq imzalanan sənədlər əsasında görüşməyə hazırıq” deyib.